19 İyun 2020 12:43
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə mühüm beynəlxalq platformada Azərbaycan Prezidentinin qarşısında aciz duruma düşdü. Paşinyanın rabitəsiz nitqi, İlham Əliyevin təqdim etdiyi tutarlı faktlara cavab tapa bilməməsi və bu səbəbdən gah ingilis, gah da erməni dilində danışaraq özünü itirdiyini büruzə verməsi prosesi yaxından izləyən ekspertlərin, hətta Rusiya və Ermənistan mediasının da diqqətindən yayınmadı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib ki, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransından öncə, Paşinyanın Münhen konfransındakı biabırçı nitqinə görə nəinki Ermənistan müxalifəti, hətta işğalçı ölkənin baş nazirinə loyal münasibət bəsləyən ekspertlər də, onun “erməni xalqının geri zəkalı olmadığını sübuta yetirmək üçün revanş etməli olduğunu” deyir, hətta Nikolun yaxın ətrafının da belə düşündüyünü bildirirdilər:

“Bu baxımdan da ekssentrik baş nazir Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransına həm daha öncə haqqında söz açdığım məğlubiyyətlərinin əvəzini çıxmaq, həm də Ermənistanda müxalifət liderlərinə qarşı həyata keçirdiyi amansız repressiya tədbirlərini, insan hüquqlarının, vətəndaşların sərbəst toplaşma azadlığının kobud şəkildə pozulmasını, medianın susdurulmasını unutdurmaq üçün əlverişli şans kimi yanaşırdı. Amma nəticə yenə də acınacaqlı oldu və Paşinyanın düşdüyü durum, baş nazirin Valday Beynəlxalq Disskusiya Klubu, MDB dövlət və hökumət başçılarının Bişkek sammiti və Münhen konfransındakı rəzil vəziyyətindən heç nə ilə fərqlənmədi.

Ermənistanın işğalçılıq siyasətini detallı şəkildə, beynəlxalq sənədlərə istinad etməklə konfrans iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyevin çıxışına baş nazir Nikol Paşinyanın rabitəsiz söz yığınından ibarət isterik reaksiyası, gülüş doğuran tərzdə ingilis dilində, həm də erməni dilində danışmağa başlaması videokonfrans iştirakçılarında çaşqınlıq yaratdı və istehza ilə qarşılandı”.

Elçin Mirzəbəylinin sözlərinə görə, Nikol Paşinyanın ingilis dilində “danışarkən” “Dağlıq Qarabağ münaqişəsi”, erməni dilində danışarkən isə “Artsax” ifadəsi işlətməsi bir daha sübuta yetirdi ki, Ermənistanda hələ də münaqişənin adının nə olduğunu bilmirlər:

“Erməni baş nazirin Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı işinə toxunaraq qərarın mahiyyətini saxtalaşdırması və utanmadan iştirakçıları aldatmağa cəhd göstərməsi, guya bu qərarın konkret şəxslə deyil, bütövlükdə Azərbaycanla bağlı olduğunu iddia etməsi siyasətə küçədən gələn Nikolun çox rahatlıqla və gəldiyi yerə xas olan həyasızlıqla yalan danışmaq “məharətini” də nümayiş etdirdi. Yəni bu adamın ağlı, düşüncəsi hətta ora qədər yetmədi ki, konkret şəxslə, bir nəfərlə bağlı olan işin heç bir halda bütöv bir xalqa və onun dövlətinə şamil edilməyəcəyini və bu sadə prinsipin, hətta hüquqdan anlayışı olmayan insanlar tərəfindən də başa düşüldüyünü dərk edə bilsin.

Prezident İlham Əliyev isə bir daha söz götürərək səlis və mükəmməl ingilis dilində, təkzibolunmaz faktlara əsaslanaraq Nikol Paşinyanın yalanlarını ifşa etdi. Ölkə başçısı bildirdi: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə, Ermənistanın baş nazirinə terrorçuluq haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdular. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv edilib. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.

Paşinyanın videokonfransda həm Azərbaycan Prezidenti, həm də bütün iştirakçılar qarşısında aciz və gülməli duruma düşməsi bir daha onun küçə adamı olaraq qaldığını, hətta hakimiyyətə gəldikdən sonra aldığı dərslərin də onu qətiyyən dəyişmədiyini nümayiş etdirdi. Paşinyanın və tərəfdaşlarının böyük həvəslə gözlədikləri revanş növbəti və daha biabırçı fiasko ilə nəticələndi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər