20 İyun 2020 17:02
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərq tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində Prezidenti İlham Əliyev sammitin işində iştirak edib və öz çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Avropa İttifaqı-Azərbaycan münasibətləri, ölkəmizin sosial-iqtisadi inkişafı, koronovirusla mübarizə və digər məsələlərə toxunub.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, İlham Əliyev Avropa strukturları rəhbərlərinin, İttifaqın üzv və Şərq tərədaşlığı proqramına daxil olan dövlətlərin başçilarinin qarşısında bir daha Dağlıq Qarabağ probleminə toxunaraq, BMT, NATO, Avropa Parlamenti, ATƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qəbul etdikləri hüquqi sənədləri ardıcıllıqla xatırlatdı:

"Ermənistanın işğalçı dövlət olduğu, müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınaraq beynəlxalq hüquq prinsiplərini inkar etdiyini açıq şəkildə iştirakçıların nəzərinə çatdırdı.

Bəzən böyük siyasətlə məşğul olan dövlət başçılarının davranışları, intellekti, peşəkarlığı, mədəni səviyyəsi geniş ictimaiyyət tərəfindən müzakirə predmetinə çevrilir və nəticə etibarilə həmin şəxs barədə ictimai rəy formalaşdırılır.

Liderin nə dərəcədə sistem yaratma qabiliyyətinə malik olması, mövcud qlobal çağırışlara cavab vermə potensialı onun dövlət xadimi statusuna uyğun gəlib-gəlməməsini müəyyənləşdirir. Ələlxüsus, bu əsksiklik son vaxtlar Münhen Təhlükəsizlik konfransında, Soçi, Valday klubunda, MDB dövlət Başçılarının Aşqabadda keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışlarında özünü tam təsdiq etmiş oldu. Küçə demokratı olan bu adam etdiyi populist çıxışları, protokoldan kənar yersiz replikaları, utopik ideyalara əsaslanan məhdud tarixi bilikləri və əxlaqi keyfiyyətləri ilə, belə yüksək tədbirlər üçün yad ünsür təəssüratı bağışlayır.

Görünən odur ki, həmin tədbirlərdə iştirak edən dövlət başçıları da bu kəskin təzadı hiss edir və Ermənistanda kadr probleminin olduğunu dərk edirlər”.

Millət vəkili qeyd edib ki, bu günkü erməni cəmiyyətində baş verənlər Paşinyan hakimiyyətinə adekvatdır. Fikir verin, gündəlikdə olan məsələ Avropa İttifaqı ilə Şərq tərəfdaşlığını əhatə edən ölkələr arası münasibətlərdən, koronovirus pandemiyası ilə mübarizədən ibarətdir.

Paşinyan isə öz populist ampluasında, uzun illər əvvəl iki nəfər arasında baş vermiş cinayət hadisəsi ilə bağlı Avropa məhkəməsinin çıxardığı hökmü təhrif edərək xəstə erməni təbliğatı aparır. Siyasi diskussiyada cənab İlham Əliyevin erməni terrorçuları, Yerevanın faşizm ideologiyasını rəsmi dövlət siyasətinə çevirdiyi barədə gətirdiyi əsaslı dəlillərin, tarixi faktların qarşısında aciz qalaraq, diqqəti aktual və qlobal məsələlərdən yayındırmağa cəhd edir. Yəni özü kimi cılız məsələlərlə həlli vacib problemlərdən diqqəti yayındırmaq məqsədi güdür. Düşünürəm ki, cənab Prezidentin başladığı hücum diplomatiyası davam etdirilməli, düşmən hər addımda ifşa olunmalıdır”.

N.Məhəməliyev son dövrlər Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərə tam aydınlıq gətirildiyini də diqqətə çatdırıb: "Hər iki subyekt arasında tərəfdaşlıq sazişi 90 faiz razılaşdırılıb və Avropa İttifaqı ölkəmizin ərazi bütövlüyünü tanıyır. Azərbaycan İttifaqın enerji təchizatında mühüm rol oynayır. Avropa İttifaqı Azərbaycanın əsas ticarət müttəfiqi hesab olunur və gələcəkdə bu istiqamətdə çox böyük potensial mövcuddur".

Millət vəkili əlavə edib ki, ənənəyə uyğun olaraq, Paşinyanın növbəti dəfə Avropa İttifaqından pul dilənir, Azərbaycan isə pandemiya ilə əlaqədar 29 ölkəyə və ÜST-ə yardım edir. Burada hər iki ölkənin ümumbəşəri dəyərlərə, insanlığa verdiyi xidmət açıq şəkildə özünü büruzə verir. Siyasətdə təsadüfi heç nə olmur. Azərbaycan Prezidentinin rəhbərliyi və şəxsi nümunəsi ilə aparılan siyasət, sistemli şəkildə ölkəmizin beynəlxalq səviyyədə daha da güclənməsinə səbəb olmaqla, xalqımızın sülhsevər mahiyyətini təbliğ edir".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər