Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əlaqə Qrupunun Cammu və Kəşmir üzrə virtual görüşündə çıxış edib.
Teleqraf.com xəbər verir ki, nazirə görə, Azərbaycan beynəlxalq birliyin məsul üzvü olaraq Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə, sülh yolu ilə həllini dəstəkləyir:
"Nəticədə məsələnin davamlı həllinə səbəb olacaq səyləri davam etdirməyə aşkar bir ehtiyac var. Cammu və Kəşmir məsələsi ilə əlaqəli bütün həll edilməmiş məsələlərin sülh yolu ilə həlli, daha geniş Cənubi Asiya bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Cammu və Kəşmir üzrə İƏT Əlaqə Qrupunun üzvü olaraq, Azərbaycan bu formatı İƏT üzvü olan dövlətlərin müvafiq İƏT qərarlarından irəli gələn öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini nəzərdən keçirmək üçün vacib və faydalı bir mexanizm hesab edir.
Azərbaycan yaxın vaxtlarda bölgədə sülhün və əmin-amanlığın bərqərar olacağına inamla Təmas Qrupunun işində fəal iştirakını davam etdirəcək".
E.Məmmədyarov xatırladıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilib, habelə bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib:
"Azərbaycanın işğal olunmuş ərazilərindəki çox sayda Azərbaycan tarixi və islam irsinə aid əsərlər də daxil olmaqla çoxsaylı tarixi, mədəniyyət və dini abidələr vəhşicəsinə məhv edilmişdir. Azərbaycan hökuməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurası və İƏT-in müvafiq qətnamələri əsasında sülh yolu ilə həllinə sadiq qalsa da, Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam əsasda bərpa etmək üçün lazım olan bütün vasitələrdən istifadə etmək qanuni haqqını qoruyub saxlayır.
Sonda vurğulamaq istərdim ki, COVID-19 pandemiyasının çətin şərtlərində beynəlxalq birlik bundan sonra təcavüz və işğalın nəticələrini daha da möhkəmləndirmək məqsədilə beynəlxalq münasibətlərin hazırkı vəziyyətindən istifadə etmək istəyənlərin səylərinə qarşı durmaqda xüsusi hazır olmalıdır. Bu baxımdan İƏT çərçivəsində birlik və birgə fəaliyyət həmrəyliyimizin möhkəmləndirilməsində çox vacibdir və bununla da pandemiya nəticəsində vurulan ciddi zərərin azaldılmasında və beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında birgə gücümüzü artırır".