Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Zati-aliləri Borut Pahora təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, tədbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və dost Sloveniya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan Azərbaycan-Sloveniya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin mənafelərinə xidmət edən əlaqələrimiz birgə səylərimizlə bundan sonra da genişlənəcəkdir.
Bəşəriyyətin COVID-19-la mübarizə apardığı bir zamanda Azərbaycan xalqının dost Sloveniya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə daim rifah arzulayıram".