Ermənistan yarımmüstəmləkə, forpost olduğunu Moskvadakı paradda hərbçilərinin sovet bayraqları ilə keçid etməsi ilə bir daha açıb ortaya qoydu. Hər kəs, elə özləri də yaxşı bilir ki, müstəqillikləri formal xarakter daşıyır. Çünki onların dövləti və dövlətçiliyi olmayıb, bizim torpaqlarımıza başqa ölkələrdən köçürülüblər, yerli sakinlər deyil.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
Deputat xatırladıb ki, indiki Ermənistan adlanan ərazi Qərbi Azərbaycan torpaqlarıdır, İrəvanın, Zəngəzurun, Göyçənin, Dərələyəzin hesabına yaranmış bir dövlətdir: "İndi də arxalandıqları böyük dövlətlərin və digər güclərin hesabına yaradılmış bir dövlətdir. Yəni öz torpaqları deyil, bu baxımdan, onların müstəqilliyi də qondarma və saxta xarakter daşıyır. Onlar heç zaman müstəqil siyasət apara bilməyiblər və bu xəstə təfəkkürlə bundan sonra da müstəqil dövlətçilik kursu yürüdə bilməyəcəklər, həmişə asılı, dilənən, ələbaxan olacaqlar. Bu, onların taleyi və tarixin haqlı ironiyasıdır. Ermənistanda ötən əsrin 90-cı illərində, Levon Ter-Pertosyanın hakimiyyətinin son illərində və eləcə də, 1999-cu ildə cəhd etdilər ki, oyun qaydalarını pozub, müstəqil addım atsınlar. Dərhal hərbi cani Robert Köçəryanın əli ilə çevriliş həyata keçirildi və müstəqilliyə meylli Pertosyan hakimiyyətdən devrildi. Köçəryanın birbaşa göstərişi və icraçılığı ilə dünyanın gözü qarşısında Ermənistan parlamenti gülləbaran edildi, qanlı qətliam törədildi. Guya ruhi xəstə olan şəxsin bu qətliamı törətdiyi bildirildi, ancaq bunun arxasında kimlərin və hansı güclərin durduğu bəlli idi. İstəsələr də bu torpaqlarda qondarma Ermənistan dövlətini yaradanlar, onu vassalı, əyaləti kimi idarə edənlər heç zaman müstəqil davranışlarına imkan verməyəcəklər. Çünki boğazlarındakı ip başqalarının əlindədir".
Eldəniz Səlimovun fikrincə, Ermənistanın yalnız bir xilas yolu var: "Bu da illərdir düşmənçilik, nifrət siyasəti yeritdikləri qonşu Türkiyə və xüsusilə, ərazilərini himayədarlarının birbaşa dəstəyi ilə işğal etdikləri Azərbaycanla münasibətlərin normallaşdırılmasıdır. Əgər onların ağlı, dərrakəsi varsa, artıq düşmənçilik və təcavüzkarlıq siyasətindən yavaş-yavaş imtina edib hər iki ölkə ilə münasibətləri normallaşdırmaq xəttini tutarlar. Yalnız bu zaman onlar asılılıqdan, tənəzzüldən, uçurumdan qurtula bilərlər".