Cərimələrin artırılması təkcə qanunvericilikdə dəyişiklik deyil. Bu, həm də ailələrin, insanların, dövlətin təhlükəsizliyidir. Kiminsə laqeyd olması səbəbi ilə insanlar virusa yoluxursa, deməli, cərimələr sərtləşdirilməlidir. Hətta başqa inzibati tədbirlər də görülməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında Siyavuş Novruzov karantin qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələrin artırılmasına münasibət bildirərkən deyib.
Deputat bildirib ki, qaydaları daha da sərtləşdirmək lazımdır:
“Biz, insanlara deyirik ki, 30 qəpik ver, maska al, 100 manat cərimə olunma. Bu, həm də onun ailəsinin, anasının, atasının sağlamlığıdır”.
Komitə sədri bildirib ki, sosial şəbəkələrdə "pandemiya yoxdur, yalandır" kimi fikirlər yazanlar da cəzalandırılmalıdır:
“İctimai yerlərdə - maşrutlarda, metrolarda maska taxmayın, koronavirus yoxdur deyənlər də cərimələnməlidir. Deyirlər ki, qaydaları pozun, onsuz da Prezident, I vitse-prezident cərimələri ləğv edəcək. Mən başa düşürəm, Prezident şəhid ailələrinə, zəlzələdən zərər çəkənlərə, evi yananlara kömək edir, bunlar doğrudur.
Amma binanın üstünə çıxıb kabab çəkən adamın cəriməsini niyə dövlət başçısı verməlidir? Ondan cəriməni almaq lazımdır ki, maskanı taxmağın lazım olduğunu anlasın”.