Azərbaycan mürəkkəb geostrateji regionda yerləşir. Regionumuz öz coğrafi mövqeyinə görə ayrı-ayrı güc mərkəzlərinin maraq dairələrinə daxildir. Bu isə vəziyyəti bir qədər də gərginləşdirir. Tarixən də belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq. Ona görə də milli maraqlarımızı qorumaq üçün daim güclü siyasi hakimiyyətə, güclü iqtisadiyyata, diplomatiyaya və qüdrətli orduya ehtiyacımız var.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, bunlar milli gücün əsas komponentləridir və müstəqilliyimizi təmin edən vasitələrdir:
“Ona görə də Azərbaycan Prezidenti bu mühüm istiqamətləri öz siyasətinin prioritetləri kimi müəyyənləşdirib və həmişə diqqət mərkəzində saxlayır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır və bu, qürurvericidir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxış edərkən məhz bir daha bu məsələlərə kompleks yanaşaraq ölkəmizdə həyata keçirilən ordu quruculuğu, ordumuzun real vəziyyəti, işğalçı Ermənistanda baş verən proseslər və torpaqlarımızın erməni işğalından azad edilməsilə bağlı mühüm və aktual məsələlərə toxundu. Əslində prezidentin nitqi görülən və görüləcək işlər və eyni zamanda işğal faktına son qoyulması üçün hansı zəruri şərtlərin olmasının qısa məcmusu idi. Prezident qeyd etdi ki, son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir. Yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Bu fikirlər şəxsi heyətin xidmət aparması üçün bütün zəruri şərtlərin yüksək səviyyədə təmin edildiyini göstərir. Eyni zamanda atılan bu addım Ali Baş Komandanın Milli Ordumuzun şəxsi heyətinə olan diqqət və qayğısının ifadəsidir. Ancaq şübhəsiz ki, ordunun texniki təchizatı və döyüş hazırlığı da ən ümdə vəzifələrdən biridir. Bu faktor həm müharibə şəraitində canlı qüvvənin itkilərini azaldır, həm də düşmən üzərində üstünlək əldə etməyə imkan verir. Ona görə də Prezident İlham Əliyev bu məsələlərə toxunaraq bildirdi ki, son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib, bu müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Ona görə ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək”.
Hikmət Babaoğlu qeyd edib ki, bütün bunlarla yanaşı Prezident İlham Əliyev işğalçı ölkədəki vəziyyətə diqqəti çəkərək bu ölkədə demokratiya adı altında diktatura rejiminin qurulduğunu bildirib:
“Əslində doğrudan da işğalçı Ermənistan bu gün terroru və faşizmi dövlət siyasəti səviyyəsinə qaldırıb və işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək istəmir. Bu isə regionda gərginliyi artırmaqla yeni müharibə təhlükəsi yaradır. Milli Ordumuzun gücünə diqqət çəkən prezident qeyd etdi ki, həm 2016-cı, həm də 2018-ci ilin hərbi əməliyyatları göstərdi ki, biz böyük ərazilərimizi işğaldan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Ona görə döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın. Doğrudan da bu gün Azərbaycan Ordusu keçirdiyi hərbi əməliyyatlarla öz gücünü işğalçı Ermənistana göstərib və hər kəsə aydındır ki, növbəti aprel döyüşləri həmləsi Azərbaycan torpaqlarının tam azad edilməsinə gətirib çıxara bilər. Ona görə də hər bir Azərbaycan vətəndaşı bu gün öz Milli Ordusu, onun şəxsi heyəti və döyüş qabiliyyəti ilə fəxr edir”.