1 İyul 2020 09:05
2 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putin bir neçə gün əvvəl bəyan etdi ki, bir sıra post-sovet ölkələri vaxtilə Rusiya hesabına öz ərazilərini genişləndiriblər. Bu, Polşa, Baltikyanı dövlətlər və digər region ölkələrində qıcıq, narahatlıq yaradır. Bu mənada, həmin dövlətlər NATO-nun “təhlükəsizlik çətiri” altında gizlənməyə məcbur olurlar”.

Politoloq Elşən Manafov belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Liviyada Türkiyə və Misir arasında gərginlik hökm sürür. Qahirənin bu ölkəyə hərbi müdaxilə səyləri Ankarada sərt etirazla qarşılanır. Misirin belə bir addım atması, onu türk ordusu ilə üz-üzə qoya bilərmi?

- Misirin Liviya olaylarına münasibəti BƏƏ, Fransa, Yunanıstan, habelə digər NATO ölkələrinin mövqeyi ilə üst-üstə düşür. Misirin siyasi elitası başa düşür ki, Türkiyənin Aralıq dənizi və Liviyada möhkəmlənmək istəyinin qarşısını almaq üçün atacağı addımlar, ən azı bu iki NATO üzvü və digər ərəb dövlətləri tərəfindən dəstəklənəcək. Misir tək olmadığını görür və belə qətiyyətlə hərəkət edir. Liviyada qarşa-qarşıya gələn tərəflərin məqsədi Aralıq dənizi hövzəsindəki mövqelərini gücləndirmək, eyni zamanda bu bölgə və Liviyanın nəhəng enerji resursları üzərində nəzarətini bərpa etməkdir. Burada fərqli məqam budur ki, Türkiyənin Liviya məsələsi ilə bağlı sərgilədiyi mövqe beynəlxalq hüquq normalarına istinad edir. Çünki Türkiyə hökuməti Liviyanın qanuni və ya legitim hakimiyyəti ilə münasibətdədir. Liviya hökuməti və parlamentinin rəsmi müraciəti əsasında, Türkiyə bu ölkəyə dəstək verməyə, o cümlədən onu general Haftar tərəfindən edilən hücumlardan qorumağa hazır olduğunu bəyan etdi. Haftar ordusunun Tripoli istiqamətindəki hücumlarının uğursuzluğunun bir səbəbi də, Türkiyə kimi hərbi cəhətdən qüdrətli bir dövlətin Liviyanın qanuni hökumətinin tərəfində dayanmasıdır.

Liviyada Türkiyənin xeyrinə işləyən digər məqamlardan biri budur ki, Suriyada müəyyən məsələlərlə bağlı ABŞ-la maraqları üst-üstə düşmürdüsə, amma burada Rusiyanın bölgədə möhkəmlənməməsinə yol verməmək üçün Ankaranın maraqlarını nəzərə alır. Bu da Türkiyə iqtidarının xeyrinə işləyən ciddi geosiyasi faktorlardan biridir.

Təəssüfləndirici hal budur ki, NATO daxilində özünü Türkiyənin müttəfiqi kimi göstərən Fransa bəyan etdi ki, Ərdoğanın qəbul etdiyi və ya qəbul edə biləcəyi qərarlar anlaşılan deyil. Makron onu da bildirdi ki, belə olacağı təqdirdə Türkiyə Liviyada Fransanı öz qarşısında görə bilər. Bu da onu göstərir ki, NATO-ya üzv olan dövlətlər arasında Liviya məsələsi ilə bağlı “çat” var.

- Bəs Yunanıstan Türkiyədən nə istəyir?

- Yunanıstan tarixən Türkiyənin ənənəvi rəqibi və düşməni olub. Yunanlar heç vaxt türklərin Konstantinopola (İstanbul) yiyələnməsi ilə barışmayıblar. Kipr məsələsində Yunanıstanın Türkiyə ilə ortaq mövqeyi yoxdur. Yəni Yunanıstan faktoruna gələndə, hər şey bəllidir.

Liviya məsələsində isə müasir geosiyasi reallıqlar və enerji resursları uğrunda gedən rəqabətlə yanaşı, Ərdoğanın “Yeni Osmanlı” layihəsinin reallaşması istiqamətindəki addımları da istisna edilmir. Liviya zamanında Osmanlının nəzarətində olan ərəb ölkəsi olub. Yalnız ötən əsrin əvvəllərində İtaliya Avropa dövlətlərinin dəstəyi ilə burada üstünlüyünü təmin edib. Amma maraqlıdır ki, İtaliya Türkiyənin buradakı maraqlarını anlayışla qarşıladığı halda, Fransa buna qarşı çıxır. Dediyim kimi, burada əsas məsələ tərəflərin üst-üstə düşməyən maraqlarıdır.

- Habelə Rusiyanın...

- Rusiyanın Liviyadakı təmsilçiliyi rəsmi şəkildə olmasa da, Haftara “Vaqner” qrupu tərəfindən verilən dəstək göz qabağındadır. Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirak etdiyi görüşə Haftarın özünün də dəvət edilməsi, sonda guya onun Türkiyənin verdiyi təkliflərə razı olmaması, bir daha göstərdi ki, rus siyasi elitasının qiyamçı generala təsir imkanları böyükdür. Bir daha qeyd edirəm ki, Liviya hökumətinin Türkiyənin dəstəyi ilə Haftarı məğlubiyyətə uğratması, Liviyadakı vəziyyəti daha da qarışdırmaq istəyən qüvvələrin planlarının qarşısını almış oldu.

- Suriyada da maraqlı proseslər gedir. Bir müddət əvvəl Bəşər Əsəd rejimi ilə Rusiya rəhbərliyi arasında başlayan narazılıq davam edir. Sizcə, bu narazılığa əsas yaradan səbəblər nədir, Rusiyanın planı nə ola bilər?

- Əslində Rusiyanın Əsədlə bağlı planı Astanada gedən danışıqlarda müəyyən mənada özünü büruzə vermişdi. Rusiya İran və Türkiyə ilə aparılan danışıqlarda bəyan etmişdi ki, Əsədin ömürlük olaraq hakimiyyətdə qalmaması fikri ilə razıdır. Rusiyanın bu təklifi beynəlxalq hüquq normalarına əsaslandırılmışdı. Rusiya Astana danışıqları ərəfəsində Suriyada federativ dövlətin yaradılmasını nəzərdə tutan konstitusiya layihəsi hazırlamışdı. Bu konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum keçirilməli idi. Bu referendumdan sonra Əsədin taleyi və aqibəti həll olunmalıydı. Hər halda, Rusiya Suriyada kimin hakimiyyətdə olub-olmamasını bu ölkədə yaşayan xalqın hüququ olduğunu bəyan etmişdi. Bildirmişdi ki, Suriya xalqı hansı siyasi qüvvəyə dəstək versə, Rusiya onu legitim hökumət olaraq tanıyacaq.

ABŞ və Qərb də bəyan edir ki, 2011-ci ildə başlayan hadisələrə qədər Suriyada Bəşər Əsədi legitim hakimiyyət kimi tanıyıblar. Amma Əsədin Qətərdən Avropaya çəkilən qaz kəmərinin Suriya üzərindən keçməsinə icazə verməməsi, Əsədi Qərbin hədəfinə gətirdi. Əsədin bu mövqeyi Rusiyanın maraqlarına cavab verdi. Çünki Rusiya Avropanı özünün enerji asılılığında saxlamaq istəyir. Eyni zamanda, Əsəd devriləcəyi halda Rusiya ərəb dövlətləri arasında yeganə qalasını itirəcəkdi. Məlumdur ki, Rusiyanın Suriyada hərbi dəniz bazaları var. Buna görə də, Rusiya 2015-ci ildən sonra çox aktiv şəkildə Suriya olaylarına müdaxilə etdi və özünün bölgədəki geosiyasi maraqlarını qorudu.

Əsədin taleyinə gəldikdə, Putinin özü də qeyd etmişdi ki, onun hakimiyyəti müvəqqətidir, amma referenduma qədər iqtidarda qalacaq. Rusiya ona da eyham vurur ki, Kreml Suriyanın indiki prezidentini Ukraynanın sabiq dövlət başçısı Yanukoviç kimi Qərb dövlətlərinin ağuşuna atmaq fikrində deyil. Ən sonda Əsədin Moskvada sığınacaq tapacağı birmənalıdır. Düşünürəm ki, Əsəd Rusiyanı qıcıqlandıracaq addımlar atmır, çünki onun hakimiyyətinin və həyatının təhlükəsizliyinin qaranatı Kreml oldu. Əsəd Rusiyanın müdaxiləsinə qədər Hizbullah və İranın dəstəyi nəticəsində hakimiyyətdə qaldı. Rusiya isə Suriyanın legitim hakimiyyətinin rəsmi müraciəti əsasında bu ölkəyə daxil olub.

- Başqa bir məsələ ABŞ-ın Polşaya hərbi qüvvə göndərəcəyi ilə bağlıdır. Kremlə görə, bu, Rusiya ilə sərhədlərə Amerika qoşunlarının yerləşdirilməsi deməkdir, buna görə də Moskvadan etirazlar var. ABŞ-ın belə bir qərar qəbul etməsi, hansı proseslərə yola aça bilər?

- Etiraf etmək lazımdır ki, ABŞ Yeltsinin dönəmində Rusiya ilə əldə edilmiş razılaşmaları kobud şəkildə pozur. O zaman imzalanmış anlaşmaların şərti belə idi ki, NATO Şərqə doğru genişlənməyəcək. Amma başda ABŞ olmaqla NATO Şərqi Avropanın məlum dövlətlərini öz ailəsinə qəbul etdi. Düzdür, bu, həmin dövlətlərin siyasi elitalarının və xalqlarının öz iradəsi ilə baş verdi. Macarıstan, Rumıniya, Polşa, Sloveniya, Slovakiya və digər dövlətləri nəzərədə tuturam. Onlar post-kommunist dövlətlər idilər. Bu dövlətlərin NATO-ya daxil olması, alyansın Şərqdə doğru genişlənməsi deməkdi. Rusiya bunu öz təhlükəsizliyi üçün təhdid kimi qəbul edir.
Putin bir neçə gün əvvəl bəyan etdi ki, bir sıra post-sovet ölkələri vaxtilə Rusiya hesabına öz ərazilərini genişləndiriblər. Bu Polşa, Baltikyanı dövlətlər və digər region ölkələrində qıcıq, narahatlıq yaradır. Bu mənada, həmin dövlətlər NATO-nun “təhlükəsizlik çətiri” altında gizlənməyə məcbur olurlar. Əlbəttə, Polşa hökumətinin hərbi yardım üçün ABŞ-a müraciət etməsi və NATO qüvvələrinin bu ölkə ərazilərinə yerləşdirilməsi, Rusiyanı alternativ addımlar atmağa sövq edə bilər.

Polşanın sabiq prezidenti Lex Kaçinskinin ölümü indi də, bu ölkənin gündəmində müzakirə mövzusudur. Məlum təyyarə qəzasını nəzərdə tuturam. Polşanın ictimai fikrinə görə, Kaçinskinin qətlinin arxasında Kreml durmamış deyil. Bu mənada, ABŞ və NATO-nun öz müttəfiqlərinin təhlükəsizliyini təmin etmək adı altında Şərqə doğru genişlənməsi, Rusiyanın özünün elan etdiyi “təhlükəsizlik zonası”na irəliləməsi anlamında qəbul olunur. Düşünürəm ki, NATO və ABŞ belə bir qərar qəbul etsə, Rusiya birmənalı olaraq buna qarşı öz adekvat addımlarını atacaq. Putinin göstərişi ilə Kalininqrad bölgəsinə Şərqi Avropaya istiqamətlənmiş “İsgəndər” raketlərinin yerləşdirilməsi təsadüfi deyil. İstisna etmirəm ki, bu addım atılsa, Rusiya “S-400” sistemlərinin də bölgəyə yerləşdirilməsi qərarını verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu