Bunların olması yarımimitasiya xarakteri daşısa da, hər halda proseslərin dayanmadığı, yerində saymadığı haqqında təsəvvür yaradır. Yəni həm həmsədrlərin fəaliyyətdə olduğu, həm də danışıqlar prosesinin canlı və gündəmdə qaldığı nəzərə çarpır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 30-da keçirilən görüşü ilə bağlı fikirlərini bölüşən politoloq qeyd edib ki, doğrudur, gündəm, gündəlik müzakirə edilən məsələlər barədə ətraflı məlumat verilmir:
“Bütövlükdə prosesi irəlilədə biləcək hər hansı fundamental məsələlərin müzakirəsindən söhbət getmir. Amma belə bir görüntü yaranır ki, tərəflər – mən bunu deyərkən Ermənistanı nəzərdə tuturam – ən azı danışıqlar prosesinə sadiqdirlər, danışıqlar prosesini davam etdirmək niyyətindədirlər. Hər halda burada həmsədrlərin də müəyyən səy göstərdiklərini görməmək mümkün deyil. Yəni Ermənistanı danışıqlar prosesinə təhrik edən tərəf sözsüz ki, həmsədrlərdir. Son vaxtlar həmsədrlərin fəaliyyətsizliyi barədə ciddi irad və tənqidlər olmuşdu. Görünür, onlar bu tənqid və iradları eşidiblər. Elə ATƏT-in özünün ünvanına da ən azı Azərbaycan tərəfindən ciddi iradlar səsləndirilmişdi. Bütün bunlar həmsədrlər institutunu fəaliyyətə təhrik edib. Sonra danışıqlar prosesini bərpa etməyə cəhd ediblər və bu zaman Ermənistanla ciddi işlər aparmalı olublar”.
Politoloq qeyd edib ki, Ermənistan daxilində hakimiyyət böhranı var, ölkənin Baş naziri Nikol Paşinyanın ünvanına ciddi iradlar irəli sürülür:
“Ölkədə siyasi və hakimiyyət böhranının mövcudluğundan danışılır. Belə bir şəraitdə sözsüz ki, Ermənistanı danışıqlar prosesinə yenidən qoşmaq hər halda danışıqlar prosesi qrafikinin, məsələnin diplomatik yollarla həlli variantının gündəmdə olduğu təəssüratı yaradır. Hər iki tərəf vasitəçilərin sülhyaratma səylərindən, ATƏT-in, hətta BMT-nin bu məsələlərə yanaşmasından söhbətlər etməyə başlayıb. Mən bunları illüziyaya qapılmadan söyləyirəm. Yəni ümidli notlar vermək fikrində deyiləm. Sadəcə olaraq, Ermənistan tərəfinin işğalçı olduğu halda hökm verən tərəf olmağa çalışdığı bir vaxtda belə bir görüşün keçirilməsinin ən azından etiket xatirinə faydalı olduğunu deməyə məcburam. Yəqin ki, yeni bir sülhyaratma prosesinin başladığını desək, yanılmarıq. Bu proseslər gələcəkdə daha məzmunlu, daha geniş görüşlərin ola biləcəyi variantını da gündəmə gətirə bilər”.