Xəbər verdiyimiz kimi, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova təşkilatın qadınları adından məşhur amerikalı aktrisa, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Coliyə müraciət edib və bu müraciət müzakirələrə səbəb olub.
Aybəniz İsmayılova müraciətin məzmunu, ideyası barədə Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Aybəniz xanım, Ancelina Coliyə müraciət ideyası necə yarandı?
- Biz daim BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi kimi Ancelina Colinin müxtəlif ölkələrə səfərlərini, məcburi köçkün və qaçqınlarla görüşlərini, onlara necə ürək yandırıb, səslərini beynəlxalq platforma və təşkilatlarda səsləndirdiyini görürük. Bu baxımdan istədik ki, Azərbaycan məcburi köçkünləri haqqında da ona məlumat verək və özümüzün keçirdiyimiz acı günlərimiz barədə danışaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 30 ildir davam edir, hələ də məcburi köçkün və qaçqınlar öz evlərinə qayıda bilməyiblər. İstədik bu haqda ona müraciət edib danışaq. Dəvət edək, həm Azərbaycana gəlsin, həm də beynəlxalq platformalarda çıxışı zamanı bizim haqqımızda da danışsın.
- Bu müraciət sosial şəbəkələrdə geniş müzakirə olundu, cəmiyyətin reaksiyaları barədə nə deyərsiz?
- Düşünürəm ki, hər birimiz fəal olmalıyıq, Qarabağ həqiqətlərini, Qarabağ dərdini bütün fürsətlərdə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Gözləmək lazım deyil ki, ermənilər nə isə etsin, biz onlara cavab verək.
Nəzərə alaq ki, ermənilər öz işğal siyasətləri barədə dünyada olan nüfuzlu şəxslərə, o cümlədən mədəniyyət xadimlərinə yalan məlumatlar ötürürlər, məqsədyönlü şəkildə onların işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfərlərini təşkil edirlər. Biz icma olaraq insanların yaşadığı faciələr və Qarabağ müharibəsindən əziyyət çəkən, məcburi köçkün düşmüş icma üzvlərimiz haqqında danışırıq. Ağrı-acımızı, insan faciəsini anlamaları üçün beynəlxalq ictimaiyyəti bu məsələyə daha yaxından cəlb etmək istəyirik.
4 nəsildir ki, biz bu faciə içində yaşayırıq. Öz yurd-yuvamıza qayıda bilmirik. Bu adamlar yurd axtarmaq, öz torpaqlarına dönmək arzusundadırlar.
- Müraciətdən gözləntiləriniz nədir?
- Ancelina Coli sülhməramlı səfir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi olduğu üçün onun Qarabağ məcburi köçkünləri haqqında səsimizi daha uca yerlərə, nüfuzlu təşkilatlara çatdırmaq imkanları böyükdür. Biz bu fikirlə ona müraciət etdik. Bəzən belə fikirlər eşidirik ki, bu 30 ildə məcburi köçkünlər yerləşiblər, rahatdırlar, problemləri yoxdur, niyə yurdlarına qayıtmaq istəsinlər? Mən sizi inandırım ki, ailəm daxil olmaqla, məcburi köçkün düşən insanların hamısı, o cümlədən gənclər öz yurd-yuvasına qayıtmaq arzusundadır.
Bu baxımdan istəyirik ki, səsimizi hər yerdə duyuraq, Qarabağın mədəni irsini, Qarabağ düşüncəsini tanıdaq, Qarabağın bizim üçün əzəli-əbədi vətən, yurd olduğunu bəyan edək.
Ermənilər orada hər şeyi mənimsəməyə çalışırlar. Torpağın hər qarışı, daşı, ağacı haqqında hekayə və miflər uydurub iddia edirlər ki, min illərdir orada yaşayırlar, azərbaycanlılar isə sonradan gəlmədilər. Halbuki elə deyil. İcma sədri Tural Gəncəliyevin xarici ölkələrə səfərləri, bizim yazdığım məqalə və müraciətlərİn əsas məqsədi Qarabağın bizim torpağımız olduğunu bir daha təsdiq etməkdir.
- Ancelina Coli dəvəti qəbul edərsə, ona Qarabağ həqiqətlərini göstərmək üçün nələr təqdim etməyi, hara aparmağı düşünürsünüz?
- Bunu indidən demək bir az çətindir. Hər halda istəyərdim ki, Qarabağdan olan müxtəlif insanlarla görüşsün. Hazırda Azərbaycan hökuməti əlindən gələni edir. Bütün məcburi köçkün düşərgələrindəki insanlar daha rahat evlərə köçürülüb. Biz mürəciətimizdə də qeyd etmişik ki, insanlar on illərdir torpaqsız qalıblar, dövlət tərəfindən onlara yaxşı şərait yaradılsa da, insan faciəsi bitməyib. Onlar öz yurundan, evindən didərgin düşüblər. Təsəvvür edin, sizin qonşunuz "Bura mənimdir və sən çıxmalısan" deyir, o zaman nə edəcəksiniz? Biz ona bu insan faciəsini təqdim etmək istəyirik.
- Qeyd etdiniz ki, bu faciə ilə yaşayan 4 nəsil yetişir. Qarabağlı gənclərimizin fikirləri nədən ibarətdir?
- Erməni tərəfi deyir ki, sizin Qarabağı görməyən yeni nəsliniz yetişir. Onlar, ümumiyyətlə, Qarabağa qayıtmağı istəməyəcəklər. Bu, tamamilə yanlış bir fikirdir.
Mənim 20 yaşında oğlum var, onun doğum şəhadətnaməsində doğulduğu yer olaraq Zəngilan rayonu, Mincivan qəsəbəsi yazılıb.
Gənclərimizin təfəkküründə Qarabağa qayıtmaq istəyi var. İnanıram ki, Qarabağımıza qayıdandan sonra oraya çox böyük investisiyalar qoyulacaq, çoxlu iş yerləri açılacaq, gənclər üçün imkanlar yaradılacaq. Bu baxımdan da gənclər və böyüməkdə olan uşaqlar, eyni zamanda yaşı 30-u ötənlər də nənə-babalarından, valideynlərindən eşitdikləri Qarabağ duyğuları ilə yaşayırlar, yuxularında Qarabağdakı evləri görürlər. Düşünə bilirsiniz? Bu həqiqətlər heç vaxt unudulmayacaq. Buna görə də hamımız öz torpaqlarımıza qayıtmaq istəyirik.
- Müraciətinizdə Sarabəyim nənədən söz açmısınız. Sarabəyim nənə kimdir?
- Mənim nənəmdir. Nənəmin hansı ağrı-acılardan keçdiyi haqqında yazmışam. Təsəvvür edin ki, daim torpaqla, əkin-biçinlə məşğul olan insan 6-cı mərtəbədə yerləşib və dörd divar arasında ürəyi partlayır. İndi sağlamlığımızın qorunması məqsədilə karantin rejimi tətbiq olunur və gündəlik həyatımıza bir sıra müvəqqəti məhdudiyyətlər gətirilib. Kimsə rayona gedib evinə qayıda bilmir, yaxud şəhərdən harasa getmək üçün icazə almalıdır. Düşünün ki, bizim icma nümayəndələrinin heç biri 30 ildir öz evinə qayıda bilmir.
- Müraciət Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının qadınları adından ünvanlanıb. İcma özündə nə qədər üzvü birləşdirir, son statistika barədə məlumat verməyinizi rica edirik...
- Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması 80 minə yaxın üzvü əhatə edir. İcmanın sədri Tural Gəncəliyevdir. İcma Dağlıq Qarabağ bölgəsini təmsil etdiyindən biz danışanda daha çox Dağlıq Qarabağ haqqında danışırıq. Amma bütün Qarabağ sakinlərinin, eləcə də digər etnik qrupların, icmamızda təmsil olunan rusların, bir sözlə, hamının səslərini ucaltmaqdayıq. İcmanın inzibati strukturunda onlar da təmsil olunurlar, sədrin müşaviri Anastasiya Lavrinadır.
- İcmanın ermənilərlə danışıq təklifinə qarşı tərəfin münasibəti necədir?
- İcmanın sədri Tural Gəncəliyev müxtəlif parlamentlərin tribunasından, xarici səfirlərlə görüşlərdə, eyni zamanda sosial media üzərindən erməni icması ilə görüşmək, danışmaq istəyimizi səsləndirir. Təəssüf ki, qarşı tərəf bunu qəbul etmir. Dəfələrlə istəyimizi bildirmişik. Hətta bu yaxınlarda Tural Gəncəliyev erməni dilində də çağırış etdi ki, onlar bizim nə istədiyimizi anlasınlar.
- Bəzən cəmiyyətdə belə fikir səslənir ki, Qarabağ həqiqətlərini mənfi ruhda deyil, tamamilə yeni dövrün tələbinə uyğun çatdırmağı bacarmalıyıq. Sizin mövqeyiniz necədir?
- Mənim fikrimcə, biz insanlarımızın başına gələnlərdən, hansı çətinliklər yaşadıqlarından danışmalıyıq, məcburi köçkün düşən insanların hər biri faciə qurbanıdır. Artıq 4 nəsil faciə yaşayır. Köçkün, qaçqın adını daşımaq asandırmı? Bunların hamısı bizim üçün faciədir. Biz bu faciələr haqqında danışmalıyıq.
Uşaqlar ən pis şəraitdə qaçqın düşərgələrində kitab tapmasalar da, oxuyub öyrənirdilər, müəllimlər onlara evlərində dərs deyirdi. O uşaqlar indi xaricdə oxuyur, işləyir, müxtəlif vəzifə sahibidirlər. Bütün çətinliklərə baxmayaraq necə irəlilədikləri haqqında danışmalıyıq. Nə qədər uğur qazansalar da, xarici ölkələr gəzsələr də, yenə də qarabağlıdırlar, öz torpaqlarına qayıtmağı arzulayırlar.