“İllərlə gözlədiyimiz və arzuladığımız tendensiya baş verir. Siyasi partiyaların qeydiyyatı, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdirinin partiya rəhbərləri ilə görüşləri yeni mühitin formalaşması baxımından əhəmiyyətlidir. Eyni zamanda, cəmiyyətdə demokrtik təsisatların möhkəmlənməsi ilə bağlı aparılan siyasətin tərkib hissəsi hesab oluna bilər”.
Bunu Teleqraf.com-a “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.
Baş redaktor bildirib ki, vətəndaş cəmiyyətinin əsas subyektlərindən biri olan siyasi institutların sayının çoxalması plüralizmin, alternativ fikrin və demokratiyanın oturuşmasına böyük töhfədir:
“Bütün bunlar Prezident İlham Əliyevin elan etdiyi islahatlar paketinin tərkib hissəsidir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin bu istiqamətdə partiyalarla keçirilən görüşlərinə ona görə də xüsusi diqqət var. Çünki siyasi partiyalar hər zaman cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayır.
Proseslərin gedişi göstərir ki, siyasi partiyalarla iqtidar arasında yeni bir əməkdaşlıq mühiti yaranır. Dialoq aparılır, partiyaların problemləri, o cümlədən siyasi təşkilatların cəmiyyətlə bağlı qaldırdığı problemlər müzakirə olunur. Bu, yeni düşüncə sistemidir. Ölkədə vətəndaş birliyi, vətəndaş həmrəyliyi istiqamətində atılan bu addımlar çox müsbət xarakter daşıyır və bununla da Azərbaycanda yeni siyasi düzən, münasibətlərin formalaşmasına imkan yaranır”.