4 İyul 2020 18:08
6 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici KİV-lərdə yayılmış məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin KİV-lərində də fəaliyyət göstərən bir erməni hərbi ekspert anonimlik şərti ilə bildirib ki, İsrail Təl-Əvivdə Ermənistan səfirliyinin açılması müqabilində Ermənistana mühüm hərbi sirlər verməyə razılaşıb.

Teleqraf.com xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Ermənistan KİV-lərində də yayılmış bu təhrikçi informasiyanı şərh edib.

O qeyd edib ki, Ermənistan KİV-lərinin və Ermənistan siyasi elitasının İsraillə Azərbaycan arasında ciddi qarşılıqlı münasibətlərə, o cümlədən bu iki ölkənin hərbi-strateji əməkdaşlığına həmişə kin-küdurət və paxıllıqla yanaşması təəssüf doğurur:

“Ermənilər bir faktı heç cür “həzm edə” bilmirlər ki, Cənubi Qafqazda İsrailin strateji tərəfdaşı olan Azərbaycan bu hərbi-strateji tərəfdaşlıq sayəsində postsovet məkanında heç bir başqa ölkənin malik olmadığı texnoloji üstünlüklər qazanır. Bu, bizim tərəfdaşlığımızın paxıllığını çəkənlərə real və həqiqi cavabdır. İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, iki dövlət arasında siyasi və hərbi-texniki tərəfdaşlıq ən yüksək etimada və daimi dialoqa əsaslanır”.

Arye Qutun sözlərinə görə, bu gün İsrail-Azərbaycan tərəfdaşlığı şaxələnərək energetika, kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi, səhiyyə, hərbi-texniki tərəfdaşlıq sahələrini əhatə edir:

“Ermənilər həsəd apara, təhrikçi hərəkətlər törədə, cəfəng xəbərlər yaya bilər, lakin bu gün tarixi fakt ondan ibarətdir ki, Azərbaycanın hərbi sənayesinin qurulmasında İsrailin müdafiə şirkətləri fəal iştirak ediblər və bu iştirak davam edir. Bu baxımdan erməni təhrikçilər bilməlidirlər ki, bizim strateji münasibətlərimizə həsəd aparmaq o qədər də yaxşı hərəkət deyil. Azərbaycan uğurlu geosiyasi və geoiqtisadi təşəbbüslər sayəsində regionun ən güclü aktoruna çevrilib, Cənubi Qafqaz kimi strateji regionda heç bir siyasi, iqtisadi və nəqliyyat məsələsi Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz.

Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin 28 illik tarixi ərzində yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlət arasında strateji münasibətlərin zəruri və həyat qabiliyyətli olması sübut edilib. Bizim dost ölkələr həqiqətən etibarlı strateji tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərir, biz tarix boyu heç vaxt bir-birimizə xəyanət etməmişik, həmişə bir yerdə, çiyin-çiyinə olmuşuq.

Ermənistan KİV-lərinin “İsrailin Təl-Əvivdə Ermənistan səfirliyinin açılması müqabilində Ermənistana mühüm hərbi sirlər verməyə razılaşması” barədə cəfəng provokasion xəbərlər yayması çox gülünc, məsuliyyətsiz, qeyri-ciddi və qeyri-adekvat təsir bağışlayır.

Doğrudanmı İrəvanda belə düşünürlər ki, İsrailin Müdafiə Nazirliyində və bu nazirliyin nəzarəti altında fəaliyyət göstərən hərbi şirkətlərdə uzaqgörməz, səfeh və məsuliyyətsiz adamlar oturub, onlar Təl-Əvivdə dilənçi kökündə və perspektivsiz Ermənistanın səfirliyinin açılması naminə mühüm hərbi sirləri verməyə hazır olacaqlar? Vəziyyətə daxildən yaxşı bələd olan bir adam kimi, bu təhrikçilərə demək istəyirəm: onu görməyəcəksiniz! Özü də bundan sonra Ermənistan İsraillə etimada əsaslanan münasibətlər qurmağa ümid bəsləyir. Təhrikçi erməni cənablara xatırlatmaq istəyirəm ki, İsrailin hərbi-sənaye kompleksi İsrail Müdafiə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərən yetərincə ciddi qurum və peşəkarlardan ibarət çox məsul komandadır.

Ermənilərin yaydığı təhrikçi informasiyaya görə, “Azərbaycan cəbhə xəttində ermənilərə qarşı tədbir görə bilməyib, çünki ermənilər İsraildən alınmış informasiya əsasında profilaktik iş aparıblar”.

Növbəti sərsəmləmədir... Görünür, rəsmi İrəvan unudur ki, bugünkü Azərbaycan Ordusu qüdrətli, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, şəxsi heyətin intizamı və döyüş ruhu deməkdir”.

Arye Qut qeyd edib ki, müasir müharibədə hansı tərəf döyüş əməliyyatlarını daha müasir yüksək texnoloji vasitələrlə təmin etmək imkanına malikdirsə, həmin tərəf qalib gəlir:

“2016-cı ilin aprel əməliyyatı zamanı İsraildən alınmış pilotsuz zərbə qurğularının erməni işğalçılara qarşı səmərəli tətbiqini xatırlamaq kifayətdir və bu barədə çox danışmaq olar. Heç kim unutmayıb ki, Azərbaycan Silahlı Qüvvələri 2016-cı il aprelin əvvəlində Ermənistanın hərbi provokasiyalarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan ordusuna sarsıdıcı zərbə endirdilər.

Bir neçə ay bundan əvvəl mən təmas xəttində oldum və atəşkəs rejiminin amanabənd olmasını real hiss etdim. Müasir, güclü və müstəqil Azərbaycan artıq XX əsrin 90-cı illərinin sonunda gördüyümüz ölkə deyil. Hər kəs çox yaxşı anlayır ki, üçüncü ölkənin dəstəyi olmasaydı, dilənçi kökündə olan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri artıq tükənməkdədir. Rəsmi Bakı Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyinin sərsəm bəyanatları və İsraillə Azərbaycanın arasını vurmaq cəhdləri onu göstərir ki, ermənilər çox narahatdırlar, qorxuya və təşvişə düşüblər.

2016-cı ilin aprel hadisələri zamanı Azərbaycan Ordusunun sürətli əks-hücumundan sonra Ermənistan ordusunun müdafiə xətti sarsıdıldı, Azərbaycan Silahlı Qüvvələri strateji əhəmiyyətli bir neçə yüksəkliyi və yaşayış məntəqəsini öz nəzarəti altına qaytaranda biz Ermənistanda real antiisrail isteriyasının və antisemitizmin şahidi olduq.

Erməni diasporu hətta İsraildə də Azərbaycan-İsrail tərəfdaşlığına qarşı etiraz nümayişləri keçirdi. İsraillə Azərbaycanın hərbi əməkdaşlığı məsələsinin Ermənistan tərəfindən tənqid edilməsinə gəldikdə, vurğulamalıyıq ki, Azərbaycanın və İsrailin dostlarını və tərəfdaşlarını yalnız bu ölkələr özləri seçir, hərbi-texniki sahədə strateji əməkdaşlığın və tərəfdaşlığın səviyyəsini özləri müəyyən edir”.

Arye Qutun sözlərinə görə, İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini, onun ərazi bütövlüyünü fəal dəstəkləyir.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut məqaləsinin sonunda yazır: “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı 28 ildən çoxdur ki, davam edir. Bu təcavüz nəticəsində Azərbaycanda 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə İsrail dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi Azərbaycan üçün çox zəruri və çox əhəmiyyətlidir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər