Mühacir Qərbi Azərbaycan Respublikasının İrəvan xanlığının bayrağından imtina edərək qırmızı, yuxarısı göy, aşağı hissəsi yaşıl xətli bayraq qəbul etməsindən xəbərim var. Bununla bağlı mənimlə əlaqə saxlayaraq fikrimi soruşdular. Mən də dedim ki, etirazım yoxdur, yekdil fikir varsa, qəbul edin. Yəni belə məsələlərdə mənimlə məsləhətləşirlər.
Bu fikirləri Teleqraf.com-a professor Firudin Cəlilov Mühacir Qərbi Azərbaycan Respublikasının dövlət bayrağı qəbul etməsi haqqında danışarkən deyib.
O, əlavə edib ki, bu prosesdə bilavasitə iştirak etmir:
“Siz də bilirsiniz ki, mən ömrümün 30 ilini bu işlərə sərf etmişəm. İndi mən bu prosesə qatılsam, gərək ən başda olam. Yəni gedib yaranan təşkilatda onuncu və ya iyirminci adam olmaq mənim ranqıma uyğun deyil”.
“Kənardan bu prosesə dəstək verirsinizmi” sualına gəldikdə sabiq nazir bildirib ki, bəzən ondan məsləhət və tövsiyələr alırlar:
“Bəzi şeyləri mənimlə müzakirə edirlər. Mən də əlimdən gəldiyim qədər kömək edir, fikirlərimi deyirəm”.
Mühacir Qərbi Azərbaycan Respublikasının perspektivi haqda fikirlərə gəldikdə Firudin Cəlilov bildirib ki, əslində 20 ildir deyir ki belə qurum olmalıdır:
“Əslində, biz Deportasiya Qurbanları Mərkəzini bu məqsədlə yaratmışdıq. Ancaq təəssüflər olsun ki, “beşinci” kolon uzun müddət bunun baş tutmasına imkan verməyib. Hər dəfə birlik yarananda dağıdılıb. Çünki bilirlər ki, bu amilin Dağlıq Qarabağ məsələsinin həllində əhəmiyyətli rolu ola bilər. Mən birinci gündən bu işlərin içində olmuşam. Ümid edirəm ki, indi vəziyyət dəyişib və bu proses uğurla gedəcək”.