8 İyul 2020 23:08
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ bölgəsi ifadəsi ötən əsrin əvvələrində ortaya atılıb. Sovet hökumətinin ermənipərəst mövqeyi ilə “Dağlıq Qarabağ muxtar vilayəti” yaradılması məsələsindən sonra bu termin ortaya çıxdı.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

Millət vəkili bildirib ki, bu ərazilər Azərbaycanın tarixi ata-baba əraziləridir: “Dağlıq Qarabağın işğalı, taleyi və bütövlükdə Azərbaycan ərazilərinin işğalı faktı ortadadır. Ermənilər təkcə Dağlıq Qarabağı deyil, Azərbaycanın 20 faiz ərazisini işğal ediblər”.

Elman Məmmədov qeyd edib ki, Azərbaycan ərazi vahidliyində Dağlıq Qarabağ deyilən bölgə mövcud deyil:

“Həmin inzibati qurum 1991-ci il noyabrın 26-da ali sovetin qərarı ilə ləğv edilib. Ona görə də hazırda elə bir ərazi vahidi yoxdur. Həmin ərazilər isə mövcud olduğu dövrdə cəmi 4,4 min kvadrat kilometr ərazini təşkil edib. Ancaq bu gün ermənilər tərəfindən işğal olunan Azərbaycan əraziləri 18 min kvadrat kilometrə yaxındır. Bizim bu ərazilərimiz yaxın 25-30 ildə ermənilər tərəfindən işğal edilib”.

Deputat vurğulayıb ki, erməni deyilən bu məfhum dünyanın müxtəlif yerlərində yığılıb gətirilib və onlara bizim tarixi ərazilərimizdə dövlət qurublar: “Bunların bizim ərazilərimizə köçürülməsində əsas həlledici sözə, gücə malik olan dövlətlər olan Rusiya, Fransa, ABŞ və ingilislər bu gün də onları qorumağa çalışırlar. Bu dövlətlər yüz il öncə erməniləri çox sevib onlara bizim ərazilərimiz hesabına dövlət yaradıblarsa, indi də onun qorunub saxlanması və ərazisinin genişləndirilməsi uğrunda ciddi mübarizə aparırlar. Yəni, ATƏT-in Minsk Qrupu kimi digər təşkilatların da fəaliyyətinə nəzər saldıqda bunu aydın görmək olur. Çünki bu qurumlar çox ciddi cəhdlə çalışırlar ki, toropaqlarımızın işğalda qalmasına nail olsunlar”.

Millət vəkilinin sözlərinə görə, Qarabağın azad edilməsi ilə bağlı danışıqlarda qüvvələr nisbəti dördün birə nisbətidir:

“Çünki Qarabağ probleminin həllində 3 həmsədr dövlətlə işğalçı Ermənistan eyni fikirdədir. Buna baxmayaq biz bu qüvvələrə qarşı ciddi müqavimət göstərərək torpaqlarımızın azadlığı uğrunda mübarizə aparırıq. Bu mübarizəmiz də artıq müharibəyə çevrilməlidir və Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməlidir”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev də son çıxışında bütün azərbaycanlıların ürəyindən keçən fikirləri daha sərt və tələbkar şəkildə vurğulayıb.

Elman Məmmədov Ali Baş Komandanın Aprel döyüşlərini xatırlatmaqla düşmənə və onların havadarlarına qəti bir xəbərdarlıq etdiyini bildirdi:

“Cənab Prezident bir daha onların diqqətinə çatdırdı ki, aprel döyüşlərindən keçən 4 il ərzində Azərbaycan daha da güclənib. Bu dəfə düşmənə vuracağımız zərbələr daha dağıdıcı olacaq və birdəfəlik bu işğala son qoyacağıq. Çünki bu prosesdə başqa çıxış yolu saxlanılmayıb. Danışıqları bu qədər uzatmağın heç bir nəticəsi olmadığına görə Azərbaycanın haqlı iradəsi ilə öz ərazilərini bərpa etmək üçün istənilən variantı seçəcək. ATƏT və digər təşkilatlar çalışırlar ki, gərginlik azalsın. Bütün bəyanatlarında bu fikir öz əksini tapır”.

E.Məmmədov əlavə edib ki, torpağı işğal altında olan Azərbaycandır, işğalçı ermənilər sülhdən danışır: "Ermənistan hər dəfə bildirir ki, biz müharibə yox, sülh istəyirik. Həmsədr dövlətlər də bunu deyir. Vaxtaşırı Ermənistan rəhbərlyi işğal etdikləri ərazilərimizdə yaratdıqları qondarma rejimə baş çəkir və sərsəm bəyanatlar verir. Həmsədrlər isə bütün bu olanlara qarşı heç bir addım atmırlar. Onlar ancaq ermənilərin müdafiəsi ilə məşğuldurlar. Bu günə qədər nə BMT, nə də ATƏT işğalçı ölkəyə qarşı cəza tədbiri görüb. Bundan sonra da belə bir cəhdin olması mümkün deyil. Onların məqsədi odur ki, mövcud status-kvo qorunub saxlanılsın. Kimlərin Ermənistana yardım etməsindən asılı olmayaraq biz haqlı mövqeyimizi təmin edəcəyik. Son söz Azərbaycan əsgərinindir və Ordumuz bu əraziləri azad edəcək, bayrağımız torpaqlarımızda sancılacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər