Xəbər verdiyimiz kimi iyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri, Milli Məclis sədri və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə videokonfrans formatında görüş olub. Görüş “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilib.
Görüşdə iştirak edən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə Teleqraf.com saytına açıqlamasında bildirib ki, bu, mövcud istiqamətdə keçirilən ilk görüş deyildi. Belə ki, oxşar məzmunda görüş bundan öncə də bir dəfə Milli Məclisdə keçirilib.
Asim Mollazadə ölkəmiz və xalqımız üçün çox ciddi təhlükə yarandığı dövrdə belə bir görüşün keçirilməsini zəruri hesab etdiyini vurğulayıb:
“Söhbət pandemiyanın Azərbaycan vətəndaşlarının sağlamlığına, ölkədəki sosial-iqtisadi vəziyyətə təsirindən gedir. Mən əminəm ki, Azərbaycanın dövlət müstəqilliyinə, ərazi bütövlüyünə, xalqa olan hər bir təhlükə hamını birləşdirməlidir. Ölkənin bütün potensialı istifadə olunmalıdır ki, bu təhlükələr dəf olunsun. Belə bir görüşün keçirilməsi də mənə elə gəlir ki, Azərbaycanın siyasi mühitini sağlamlaşdırır. Ölkədə çoxpartiyalı sistemin formalaşmasına imkan yaradır. Zənnimcə, bu, eyni zamanda ölkədə sağlam siyasi mühit yaradır. Düşünürəm ki, bu cür görüşlər ənənəvi olaraq keçirilməlidir və Azərbaycan dövlətini narahat edən hər bir məsələ müzakirə mövzusu olmalıdır”.
Asim Mollazadə görüş zamanı özünün qaldırdığı məsələlər barədə də danışıb. Qeyd edib ki, ilk növbədə qoyulan mövzu – yəni, pandemiya ilə bağlı çıxış edib:
“Bununla yanaşı bu cür görüşlərin zəruri olduğunu bildirdim, ölkədə sağlam siyasi mühit, çoxpartiyalı sistemin yaradılması istəklərini təqdir etdim. Əslində bu cür hadisələr Azərbaycanda həyata keçirilən islahatlarla bağlıdır. Mən islahatların zərurətindən, islahatların çoxşaxəli istiqamətlərdə həyata keçirilməsindən bəhs etdim”.
Görüşün digər iştirakçısı, Vəhdət Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli də görüşün keçirilməsinin müsbət hal olduğunu bildirib.
O qeyd edib ki, hər bir görüş iştirakçısı çıxış edərək fikirlərini bildirmək imkanına malik olub:
“Sözsüz ki, bu çıxışlarda ümummilli mənafelər müdafiə olunur və pandemiya şəraitində qarşılıqlı münasibətlər, vəzifələr müəyyən edilirdi. Görüş zamanı pandemiya şəraitində qarşıda duran vəzifələr müəyyən edildi, siyasi partiyaların, QHT-lərin, fondların fəaliyyətinə toxunuldu. Təsadüfi deyil ki, müşavirənin sonunda yekdilliklə qətnamə qəbul etdik. Qətnamədə Azərbaycan dövlətinin başçısının siyasəti və pandemiyaya qarşı mübarizədə Azərbaycan hökumətinin gördüyü tədbirlər təqdir olunur. Biz, Azərbaycan Prezidentinin daxili və xarici siyasətini birmənalı şəkildə müdafiə etdik. Qərara gəldik ki, iqtidar-müxalifət görüşləri davamlı olsun, yəni, bu dialoq şəraitində müzakirələr davam etdirilsin. Düşünürəm ki, digər partiyalarla da oxşar məzmunda görüşlər olacaq”.
Partiya sədri, həmçinin, bildirib ki, onun özü görüş zamanı pandemiya şəraitində vətəndaş cəmiyyəti institutları və birliklərinin davranışları haqqında çıxış edərək mövcud vəziyyət və perspektivləri diqqətə çatdırıb. Eyni zamanda Milli Məclisin işinin daha effektiv qurulması üçün öz təkliflərini irəli sürüb:
“Azərbaycan cəmiyyətinə olan mesajlarımızı bir daha dilə gətirib çox yaxşı müzakirələr və fikir mübadiləsi apardıq. Hesab edirəm ki, partiyaların yeni siyasi konfiqurasiya şəraitində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi çox mühümdür. Bildiyiniz kimi müxalifət partiyaları VI çağırış Milli Məclisdə parlament sədrinin müavini, komitə sədri və komitə sədrinin müavinləri səviyyəsində təmsil olunurlar. Bu, Azərbaycan iqtidarının müxalifətlə əməkdaşlığa verdiyi dəyərdir və Azərbaycan Prezidentinin başlatdığı islahatlar kursuna böyük bir töhfədir. Çünki cənab prezident təkcə iqtisadi sahədə deyil, eyni zamanda siyasi sahədə də islahatlar aparır. İslahatlar qanunvericilik, məhkəmə, icra hakimiyyəti və digər sahələri əhatə edir. Hesab edirəm ki, görüş çox faydalı oldu və qarşılıqlı hörmət şəraitində keçdi”.