9 İyul 09:20
435

İyulun 7-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin təşəbbüsü ilə Milli Məclisdə təmsil olunan 9 partiya təmsilçisinin iştirakı ilə video konfrans keçirildi. Bu görüşə sədrliyi Milli Məclisin sədri, hörmətli Sahibə Qafarova etdi. Xanım spiker Azərbaycan prezidentinin keçirdiyi islahatlar və bu çərçivədə Milli Məclisdə aparılan reformaların yeri və rolu, eyni zamanda partiyaların parlamentdə fəaliyyətinin ümumi cəhətləri haqqında fikirlərini ifadə etdi. Həmçinin Prezident Administrasiyasının rəsmisi Ədalət Vəliyevin çıxışı xüsusilə mahiyyəti və istiqamətlərinə görə əhəmiyyətli oldu.

Bu fikirləri Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı parlamentdə təmsil olunan partiya nümayəndələri, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə keçirilən dialoq haqqında danışarkən deyib.

Partiya sədri bildirib ki, video konfrans vasitəsilə aparılan müzakirələri yüksək qiymətləndirir: “Ədalət Vəliyev ölkə prezidentinin 2018-ci ildə növbəti dəfə prezident seçildikdən sonra keçirdiyi islahatlar daxilində siyasi islahatlara da xüsusi əhəmiyyət verdiyini önə çəkərək belə konfiqurasiyanın formalaşmasına ciddi əhəmiyyət verdiyini söylədi. Eləcə də bu istiqamətdə atılan addımları bir daha təkrarladı, islahatların davamlı olmasında siyasi iradənin ortada olmasını vurğuladı.

Eyni zamanda qısaca həm parlamentdə, həm də parlamentdən kənarda olan siyasi partiyalarla hakimiyyətin dialoq aparılmasında, sivil münasibətlərin formalaşmasında, radikallıqdan konstruktiv əməkdaşlığa keçidin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi önə çəkdi. Bunun davamlı olacağının altını bir daha cızdı. Əlbəttə, mən bu video konfransı siyasi partiyalarla dialoqun yeni və yüksək forması kimi dəyərləndirirəm. Ola bilsin ki, biz istənilən zalda əyləşərək bu müzakirəni apara bilərdik. Prinsipcə fərq etmir, hər kəs özünün otağında, ofisində əyləşərək öz fikirlərini sərbəst şəkildə ifadə etdi.

Milli Məclisin xanım spikeri hər zaman olduğu kimi yüksək davranış nümayiş etdirərək bütün çıxışçılara sona qədər imkan yaratdı, heç kəsin sözü yarımçıq kəsilmədi. Əksinə, ayrı-ayrı partiya sədrləri, o cümlədən YAP təmsilçisi Siyavuş Novruzovun söylədiyi fikirlər ətrafında müəyyən replika və arayışlarla dialoqun aparılması yüksək səviyyədə baş tutdu”.

Millət vəkili əlavə edib ki, iyulun 7-də keçirilən dialoq ümumilikdə 2 saat yarım çəkib: “Əslində mən daxil olmaqla bütün iştirakçılar bu müddətin necə gəlib keçdiyinin fərqinə varmadı. Çox maraqlı fikirlər səsləndirildi və uğurlu dialoq alındı. Hakim partiya nümayəndəsi Siyavuş Novruzov daxil olmaqla hər bir partiya sədri maraqlı fikirləri ilə müzakirələrə öz töhfəsini verdi. Beləcə “Pandemiya dövründə siyasi partiyaların fəaliyyəti” mövzusunda dialoq yüksək səviyyədə alındı. Təklif olundu ki, belə dialoqlar davamlı olsun. Ədalət Vəliyevin buna reaksiyası çox müsbət oldu. Bildirdi ki, həm parlamentdə olan, həm də parlamentdən kənar siyasi partiyalarla dialoq aparılmasında iqtidar maraqlıdır, prezidentin bununla bağlı xüsusi tapşırıqları var, hər zaman buna hazırdırlar”.

Ana Vətən Partiyasının sədri xatırladıb ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti bu dialoqun içərisində yer alıb: “Yalnız AXCP və onun sədri bu prosesdə istisna təşkil edir. Bu, onun mövqeyi ilə bağlıdır. Bu mövqe çox avanturist mövqedir, ölkədə xaosun yaradılmasına xidmət edən davranışdır. Sözsüz ki, onlar nə qədər belə mövqedədirsə, Azərbaycanın ictimai-siyasi mühitində onlara yer yoxdur. Çünki xalqımız onların bu mövqeyini müdafiə etmir, rədd edir".

Fəzail Ağamalının sözlərinə görə, video konfrans formatında keçirilən dialoq zamanı söylənilən fikirlər sonda bəyanatda öz əksini tapıb: “Bəyanat dərc edilib və oxucularımız bu sənədlə tanışdır. Biz belə dialoqun olmasında, hakimiyyət-müxalifət arasında sivil münasibətlərin formalaşmasında maraqlıyıq”.


Müəllif: Cavad