13 İyul 2020 13:39
1 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin xüsusi qrupları dünəndən etibarən Feysbukda xüsusi fəallıq göstərirlər. Yüzlərlə profildə Tovuz bölgəsindəki əməliyyatdan yazılır, aşkar dezinformasiya, feyk məlumatlar yayılır. Təxminən 350 profil isə Azərbaycan dilində paylaşımlar edir.

Teleqraf.com xəbər verir ki, bunu tanınmış jurnalist, ekspert Elçin Alıoğlu qeyd edib.

O, hər kəsi diqqətli olmağa, düşmənin yalanlarına uymamağa çağırıb:

“Çox hiyləgər və məkrli düşmənlə üz-üzəyik. Ermənilər erməni, rus, ingilis, alman, fars və fransız dilləri ilə yanaşı, dilimizdə də paylaşımlar edirlər. Özlərini Feysbuk və Tvitterdə “azərbaycanlı” kimi təqdim edən ermənilər səlis Azərbaycan dilində yazırlar. Ermənilərin Azərbaycan dilindəki profillərdə refren kimi təkrarladıqları əsas fikirlər “Şəhidlərin qanı yerdə qalır”, “Azərbaycan rəhbərliyi sosial gərginliyin artmasından çəkilərək cəbhədə bu insidenti yaratdı” kimidir. Həmin profillərin əksəriyyəti İrəvan Dövlət Universitetinin türkologiya kafedrasının nəzdində yaradılmış “Azərbaycan dilinin öyrənilməsi” qrupunun üzvlərinə məxsus olsa da, 63 profil Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının kurasiyasındadır. Sadəcə, bir faktı qeyd edim: İrəvan Dövlət Universitetinin müəllimi, türkoloq Ruben Melkonyanın başçılıq etdiyi “Azərbaycan dilinin öyrənilməsi” qrupunda dərslər 6 ay davam edir. Kursun dəyəri 300 dollardır. Kursu bitirən şəxs 5 ay sosial şəbəkələrdə özünü azərbaycanlı kimi təqdim edərək aktiv fəaliyyət göstərərsə, onun ödədiyi pul geri qaytarılır.

Aldanmayaq, düşmən oyunlarına alət olmayaq! Ermənilər bizə qarşı genişmiqyaslı informasiya savaşı da aparırlar və həmin savaşın önəmli qismi sosial şəbəkələrdir. Ermənistanın yeni “Milli Təhlükəsizlik Strategiyası”nda da Azərbaycana qarşı informasiya savaşına xüsusi yer ayrılıb. 40 səhifəlik, 6 fəsildən ibarət strategiyaya 18 səhifəlik məxfi əlavədə bu barədə aşkar deyilir”.


Müəllif: Teleqraf.com