14 İyul 2020 09:43
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli arasında görüş keçirilib.

Teleqraf.com-un məlumatına görə, tərəflər iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat cəhdlərini pisləyib, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulduğu, Ermənistanın təxribatına qətiyyətli cavab verildiyini vurğulayıb.

Qeyd edilib ki, Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.

Görüş zamanı yeni siyasi konfiqurasiyanın inkişafı və iqtidar-müxalifət siyasi dialoqu, Dağlıq Qarabağ ətrafında gedən proseslər barədə iqtidarla-müxalifətin vahid mövqedən çıxış etməsinin səmərəliliyi qeyd olunub.

Eləcə də COVID-19 pandemiyası, ölkəmizdə bu virusa qarşı aparılan preventiv tədbirlər, siyasi partiyaların karantin şəraitində fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Ədalət Vəliyev pandemiya dövründə ölkədəki siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının siyasətini yaxından dəstəklədiyini, Azərbaycanda iqtidar ilə müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşmanın və ölkənin siyasi mühitində sağlam əməkdaşlıq şəraitinin meydana gəldiyini bildirib.

Onun sözlərinə görə, şöbə tərəfindən dövlət başçısının tapşırığı ilə indiyə qədər görülmüş işlər nəticəsində və ölkədə yeni siyasi mədəniyyətin təşəkkülü fonunda artıq əksər siyasi partiyalarla konstruktiv əməkdaşlığın möhkəm əsasları qurulub. Ədalət Vəliyev bildirib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir.

Qulamhüseyn Əlibəyli ilk növbədə qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını atəşə tutması onun təcavüzkar siyasətini bir daha ortaya qoyub. Partiya sədri ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasını yüksək dəyərləndirdiyini söyləyib. Onun sözlərinə görə, siyasi partiyalar dövlətçiliyin möhkəmləndirilməsi üçün birgə əməkdaşlıqda səylərini artırmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər