May ayında Baş nazir Nikol Paşinyan bir daha Ermənistan və Rusiya arasındakı münasibətləri parlaq olaraq xarakterizə etdi. Buna baxmayaraq, son aylarda əsas xarici siyasət tərəfdaşımız Rusiya ilə münasibətlər kontekstində getdikcə gərginliyin artmasının əlamətlərini görürük.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Qukasyan deyib.
Onun sözlərinə görə, bir neçə siqnal Ermənistan-Rusiya münasibətlərinin rəvan getmədiyinə dəlalət edir:
“Belə siqnallardan biri Rusiya Konstitusiyasına edilən dəyişikliklərlə bağlı səsvermə barədə Ermənistan “İctimai” televiziyasının verdiyi reportaj idi. Həmin reportajda Rusiya əhalisinin bu düzəlişlərə dəstəyi şübhə altına alındı. Bunu dövlət mediasında görmək qəribə idi, amma ən sonda konstitusiya dəyişikliyi dəstəkləndi. Yəni Ermənistan iqtidarı geri addım atdı”.
Qukasyan qeyd edib ki, ikitərəfli münasibətlərdə gərginliyin olmasını göstərən amillərdən biri İrəvanın Metsamor AES-in modernləşdirilməsi üçün Rusiyadan ayrılan kreditin son hissəsindən imtina etməsidir:
“Gələcəkdə atom elektrik stansiyalarında işlərin büdcə mənbələri hesabına maliyyələşdiriləcəyi açıqlandı. Ancaq Ermənistanda büdcə kəsiri var, belə olan təqdirdə, BVF və Dünya Bankından kreditlərin alınmasına ümid etmək qalır. Lakin BVF və digər bu kimi beynəlxalq maliyyə quruluşları, əsasən, ABŞ-ın və Avropa Birliyinin maraqlarını təmsil edir. Həmin qurumlar və dövlətləri isə Ermənistan hakimiyyətindən nüvə stansiyasını bağlamağı tələb edir. Əsas enerji obyektimizi onların hesabına maliyyələşdirmək ən azı məntiqsizdir”.
Ekpertin fikrincə, Ermənistan və Rusiya arasındakı münasibətləri əvvəlki məcrasına qaytarmağa mane olan bir sıra həll edilməmiş məsələ var:
“Bunlardan biri Rusiya şirkətlərinə - strateji investorlara qarşı inzibati təzyiqdir. Rusiya Xarici İşlər Nazirliyi bu problemi açıq şəkildə bildirdi, lakin Ermənistanın hakimiyyət dairələri bundan narazılıqlarını bildirdi, guya bu kimi ifadələr ölkəmizin suverenliyini pozur. Fikrimizcə, bu, münasibətlərdə müsbət dinamikanın qarşısını alan yanlış yanaşmadır”.
Qukasyan bildirib ki, ABŞ-ın Ermənistanda maliyyələşdirdiyi bio-laboratoriyaların fəaliyyətinin əsl məqsədləri Rusiya tərəfindən suallarla qarşılanır. Onun sözlərinə görə, İrəvan nədənsə Rusiya tərəfinin bu obyektlərə girişindən imtina edir: “Belə qapalı obyektlər inşa etmək Rusiyanı qəzəbləndirir. Göründüyü kimi, bu bioloji laboratoriyalar hələ də ABŞ-ın nəzarəti altındadır. Rusların ora girməsinə veto qoyan Vaşinqtondur”.
Yuxarıda göstərilənlərə əsaslanaraq Armen Qukasyan son iki ildə Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri nəinki gücləndirmədiyini, əksinə, onlarda gərginliyin yaranması üçün şərait yaratdığını deyib.