14 İyul 2020 16:45
41 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistan-Azərbaycan sərhədində yeni bir qarşıdurma hadisəsinə dərhal reaksiya verdi. Çünki Rusiya Ermənistanla Azərbaycan arasında müharibə istəmir. Ermənistan Rusiyanın müttəfiqi, Azərbaycan isə yaxın tərəfdaşıdır. İndi Rusiya bu iki ölkə arasındakı münaqişəninin həlli ilə məşğul ola bilmir, çünki kifayət qədər başqa problemləri var.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı ekspert Aleksandr Xramçıxin erməni mətbuatına açıqlamasında söyləyib.

Xramçıxin hesab edir ki, Ermənistanla Azərbaycan arasındakı qarşıdurma yeni deyil, bundan əvvəllər də belə hallar baş verib:

“Rusiyanın təcili reaksiya verməsinin səbəblərindən biri də bu dəfə qarşıdurmanın Qarabağda yox, Ermənistan-Azərbaycan sərhədində baş verməsidir. Moskva gərginliyi azaltmaq və onun genişmiqyaslı hərbi əməliyyatlara keçməsinin qarşısını almaq istəyir. Qarşıdurmanın müharibəyə çevrilməsinə imkan verməmək, daha sonra yeni bir müharibə ilə məşğul olmaqdan daha yaxşıdır. Ancaq Rusiyanın indi kifayət qədər problemləri var”.

Ekspert Ermənistan-Azərbaycan sərhədindəki qarşıdurmanın genişmiqyaslı savaşa çevriləcəyini düşünmür.

Ekspert mövcud status-kvonun rəsmi Bakını razı salmadığını da diqqətə çatdırıb: “Münaqişə həll olunmayıb, Bakı vəziyyətdən razı deyil”.

Ekspert Ermənistanın üzvü olan KTMT-nin əvvəlcə Daimi Şurasının təcili iclasını elan etdiyini, lakin sonra qeyri-müəyyən müddətə təxirə salması barədə qərarını belə izah edib:

“Rusiyadan əlavə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Azərbaycanla ikitərəfli əlaqələri olan ölkələr də daxildir. Hətta Belarusun burada mövqeyi birmənalı deyil və təşkilatın tərkibində olan Orta Asiya ölkələri, Ermənistandan daha çox Azərbaycana rəğbət bəsləyirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər