15 İyul 2020 12:32
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ terror təşkilatı ölkə daxilində getdikcə zəiflədiyini görərək yeni bir strategiya dəyişikliyinə gedərək və ölkə xaricində fəaliyyətinə ağırlıq verməyə başladı. Bu səbəbdən Türkiyə xaricindəki ölkələrdə də FETÖ ilə mübarizə ötən 4 ildə daha böyük bir önəm qazanıbdır.

Teleqraf.com xəbər verir ki, bunu 15 iyul çevriliş cəhdi ilə bağlı keçirilən onlayn konfansda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Səfir daha sonra deyib: “Bizlər Azərbaycanda FETÖ ilə mübarizənin böyük uğurla aparıldığını görməkdən məmnunluq duyuruq. Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə lap əvvəldən etibarən dəstək verib, çevriliş cəhdlərini gözləmədən addımlar atıb və çevriliş gecəsi də hörmətli Prezident İlham Əliyev cənab prezidentimizə zəng edən ilk liderlərdən biri olub. Bu baxımdan Azərbaycana şükran borcluyuq. Azərbaycan FETÖ ilə mübarizə məsələsində həqiqətən də ayrı bir görəvə sahibdir. Çünki təşkilatın ölkə xaricindəki ilk təşkilatlanması Azərbaycandan başlayıb. İlk məktəbləri də Azərbaycanda açıblar. İlk iş adamları təşkilatlanmasını Azərbaycanda gerçəkləşdiriblər. Bu gün Azərbaycanda bunların heç birindən əsər-əlamət qalmadığını yaxından görürük. Bu, əlbəttə ki, ölkələrimizin qardaşlığı, iki dövlətin bir millət olması sayəsində mümkün olub.

Bizlər Türkiyə və Azərbaycan olaraq qarşılaşdığımız hər cür təhdiddə bir arada olduq. Hər cür təhdidə qarşı bir araya gəldik və bir-birimizə güc verdik. Necə ki, 1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycana gəldisə, Azərbaycan xalqı Qurtuluş Savaşında Anadoludakı qardaşlarına yardım etməkdən çəkinmədisə, 15 iyul gecəsi də Azərbaycan yanımızda oldu. Türkiyə olaraq Azərbaycanın yanında olduğumuzu hər vəsilə ilə, hər fürsətdə və hər səviyyədə dilə gətirdik. Son olaraq hörmətli prezidentimiz Türkiyənin bu məsələdə qərarlığını bir daha ifadə etdi”.

Erkan Özoral bildirib ki, bu gün FETÖ ilə mübarizədə çox önəmli 4 ili arxada qalıb: “Bu mücadilənin uğurlu olması əlbəttə ki, dövlətin göstərdiyi qətiyyətlə yanaşı türk millətinin əzmi sayəsindədir. FETÖ Türkiyədə 40 ildən çox bir müddətdə təşkilatlanmağa çalışıb və dövlətin ən incə damarlarına, quruluşlarına qədər girib və böyük bir sahə yaratmağa müvəffəq olub. Ancaq FETÖ ilə mücadilə onunla mübarizədən heç bir zaman çəkinməyən dövlətin məmurlarının sayəsində gerçəkləşib”.

Daha sonra Türkiyə səfirliyinin daxili işlər üzrə müşavirləri Mehmet Tomruk və tuğgeneral Əli Dəmir 15 iyul çevriliş cəhdi zaman yaşanan hadisələr, FETÖ-çülərin törətdikləri əməllər, güc strukturlarının FETÖ ilə mübarizəsinə dair detallı bilgilər veriblər.


Müəllif: Səxavət