15 İyul 2020 16:41
5 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan əvvəlcə Qərbə güvənərək Rusiyaya qarşı oynadı. Sonra Rusiyaya güvənərək Qərbə yönəlmiş mesajlar verdi. Yəni bu adam vəziyyəti mümkün qədər qızışdıraraq Ermənistan daxilindəki gərginliyi mininumum da olsa yatırmağa çalışır. Bu, Ermənistan üçün çox ciddi fəsadlar verəcək”.

Jurnalist Elçin Alıoğlu belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan-Azərbaycan sərhədlərində vəziyyətin bu həddə gərginləşməsinə hansı amillər səbəb oldu?

- Bir neçə amil var: hərbi, strateji, geostrateji və iqtisadi. İqtisadi amil budur ki, bu, bir az klişe kimi səslənə bilər, amma həqiqətən də Ermənistanda ağır iqtisadi böhran var. Bu böhran 6 ildən çoxdur davam edir. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra onun bütün səylərinə baxmayaraq, iqtisadi durum günü-gündən pisləşir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq, son 6 ayda 12 600 kiçik və orta sahibkarlıq müəssisəsi bağlanıb. İrəvan və digər vilayətlərdə işsizliyin səviyyəsi 11 faizə qədər yüksəlib. Bu, rəsmi rəqəmdir. Qeyri-rəsmi rəqəmlərə görə isə hazırda Ermənistanda işsizliyin səviyyəsi 42 faizdən çoxdur. Yəni əmək qabiliyyətinə malik olan hər iki ermənidən biri işsizdir. Başqa sözlə, Nikol Paşinyan lokal hərbi qarşıdurma vasitəsilə xalqının diqqətini iqtisadi problemlərdən yayındırmağa çalışır.

Hərbi məqsəd budur ki, Tovuzun Ağdam kəndi yaxınlığındakı Qaraqaya yüksəkliyi strateji əhəmiyyətli mövqedir. Bu yüksəklik Ermənistanın Tavuş rayonunun böyük bir qisminə nəzarət etməyə imkan verir. Ermənilər bu mövqeni tutmaqla həm bu yüksəklikdə nəzarət-müşahidə və idarəetmə postları qurmaq, həm də Tovuz rayonunu rahat atəşə məruz qoymaq imkanı əldə etməyə çalışırdılar. Bu təxribata Ermənistan başlayıb, iriçaplı – 82, 102 və 120 mm-lik minaatanlardan atəş açaraq Azərbaycanın mövqelərini artilleriya zərbələrinə məruz qoyublar. Məqsəd gözlənilməz şəkildə həmin məntəqələri ələ keçirmək idi. Lakin buna nail olmadılar. Azərbaycan bu dəfə cavab atəşi vermədi, cəza zərbələri endirdi. Öz niyyətindən əl çəkməsə, bu, cəza zərbələri Ermənistan üçün çox ağır fəsadlar verə bilər.

Siyasi məqsədə gəldikdə, məlumdur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. KTMT-yə rəhbərlik isə Belarusdadır. Ermənistan təxribat törətməklə Belarusun sədr postunu laxlatmağa, ümumiyyətlə, onu nüfuzdan salmağa çalışır. Məqsəd Azərbaycanla çox mehriban, geosiyasi, geostrateji, iqtisadi və digər əlaqələri olan Belarusu zəif, yəni KTMT-ni idarə edə bilməyən dövlət kimi göstərməkdir.

Digər yandan, Ermənistan Azərbaycana KTMT vasitəsilə təzyiq göstərməyə cəhd etdi. Bu da alınmadı. Stanislav Zas Ermənistanın xahişi ilə KTMT-nin iclasını elan etsə də növbəti toplantı qeyri-müəyyən vaxtadək təxirə salındı.

Başqa bir amil isə budur ki, Ermənistan Silahlı Qüvvələrinin vəziyyəti həddindən artıq ağırdır. Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibinin işdən qovulması, sonradan İrəvandakı qərargah kafedrasına təyin olunması da bunu göstərir. Ümumiyyətlə, bu, Ermənistan üçün son çıxış yolu idi, bu da alınmadı. Ermənistan bir daha göstərdi ki, o, həddən artıq aqressiv işğalçılıq siyasəti aparan dövlətdir və Azərbaycan da bu situasiya ilə barışan deyil.

- Döyüşlərin davam etdiyi müddət ərzində Ermənistan tərəfi itkilərini gizlətdi, hələ də bu barədə konkret açıqlama verilmir. Siz prosesləri aktiv şəkildə izləyirsiniz: həm erməni mediası, həm də sosial şəbəkələr üzərindən... Sizcə, işğalçı tərəfin itkisi nə qədər ola bilər?

- Ermənistanın canlı qüvvə tələfatının dəqiq sayını deyə bilmərəm. Ermənistanın sosial şəbəkə istifadəçiləri arasında bu haqda müxtəlif rəqəmlər var. Lakin müşahidələrim mənə deməyə imkan verir ki, burada söhbət qarşıdurmadan yox, Ermənistanın Azərbaycana hücumu və təxribatlarının qarşısının alınmasından gedir. Burada ən azı 40-45 erməni hərbçisinin həlak olduğu müzakirə mövzusudur. Çünki Azərbaycan cəza zərbələri ilə Ermənistanın bir neçə dayaq, müşahidə və idarəetmə məntəqəsini darmağdan etdi. Hər belə məntəqədə minimum 10-12 hərbçi olur. Ermənistanın bir generalı ağır yaralıdır, Tavuş rayonundan İrəvana aparılıb. Bundan başqa, ermənilərin 3 polkovniki həlak olub, bunu da gizlədirlər.

Ermənistan Müdafiə Nazirliyi 2016-cı ilin aprel ayındakı döyüşlərdən fərqli olaraq, bu dəfə yanlış taktika seçib. Gah dedilər ki, guya iki polis yaralanıb, gah dedilər, ümumiyyətlə yaralı yoxdur, sonra isə Tavuşun qubernatoruna danışmağı qadağan etdilər. Çünki o bəyan etmişdi ki, 3 erməni zabiti yaralı şəkildə hospitala aparılıb. İtkilər çoxdur, dediyim kimi, ən azı 40-45 canlı qüvvəsi məhv edilib, təxminən 75-76 yaralıları var. Amma bunlar qeyri-dəqiq məlumatlardır, çünki Ermənistanın Müdafiə Nazirliyi bu barədə heç bir rəsmi açıqlama vermir.

- Baş verənlərdə Rusiyanın rolununun olduğunu deyənlərin sayı az deyil. Belə iddia da irəli sürülür ki, Rusiyanın tapşırığı ilə baş verən təxribatdır, digər iddiaya görə, bu, Ermənistan rəhbərliyinin həm Azərbaycana, həm də Rusiyaya qarşı təxribatıdır.

- Qəti şəkildə bunun Rusiyanın təxribatı olduğu iddiasını qəbul etmirəm. Rusiya hazırda Cənubi Qafqazda vəziyyətin stabillik məcrasından çıxmasında maraqlı deyil. Belə bir gərginlik Rusiyanın maraqlarına cavab vermir. Bu, eyni zamanda, Ermənistanın Rusiyaya qarşı təxribatı deyil. Çünki Ermənistan rəhbərliyi son aylarda Rusiyanı kifayət qədər qıcıqlandırıb. Rusiyanın Ermənistandakı siyasi əlaltıları olan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın həbsi məsələsinin gündəmdə olması, habelə Çiçəklənən Ermənistan partiyasının rəhbəri Qagik Sarukyana cinayət işinin açılması Moskvanın mövqelərinə ağır zərbələrdir. Paşinyan çox təhlükəli oyun oynayır. O, çox bisavad və şizofreniya həddində olan baş nazirdir. Vaxtilə yaxşı jurnalist idi. Amma sonradan həm mənəvi, həm də intellektual deqradasiyaya məruz qaldığına görə bu adam nə edəcəyini bilmir. Bu adam anlaya da bilmir ki, əgər Azərbaycan anti-terror əməliyyatlarına başlayarsa, bu, qarşısıalınmaz və Ermənistan üçün fəlakətli olacaq.

Paşinyan əvvəlcə Qərbə güvənərək Rusiyaya qarşı oynadı. Sonra Rusiyaya güvənərək Qərbə yönəlmiş mesajlar verdi. Yəni bu adam vəziyyəti mümkün qədər qızışdıraraq Ermənistan daxilindəki gərginliyi mininumum da olsa, yatırmağa çalışır. Bu, Ermənistan üçün çox ciddi fəsadlar verəcək.

- Türkiyədən Azərbaycana verilən dəstək bəyanatları niyə Ermənistanı bu qədər narahat edir? Bu günədək Ankaradan verilən açıqlamalara belə reaksiya verməmişdilər...

- Türkiyə rəhbərliyi ilk dəfə olaraq aşkar şəkildə bəyan etdi ki, Azərbaycan hansı yolu seçsə, biz onun yanındayıq. Yəni indiyədək verilən bəyanatlarda söhbət münaqişənin dinc yolla nizamlanmasından gedirdisə, bu dəfə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar və Prezident Rəcəb Tayyib Ərdoğan açıq formada bəyan etdilər ki, əgər Azərbaycan savaşı seçərsə, Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında olacaq. Türkiyə rəhbərliyi son vaxtlar göstərdi ki, Suriya, İraq və Liviyada Qərbin bütün təzyiqlərinə rəğmən, öz maraqlarını və müttəfiqlərinin mənafelərini sonadək qoruyur, aktiv hərbi əməliyyatlar aparır. Ermənistanı da təlaşa salan budur. Çünki bu açıqlamalar faktiki olaraq Ermənistana ultimatumdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər