16 İyul 2020 17:52
2 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin belə təxribata gedərək, sərhəd pozuntusu istiqamətində addımlar atacağı gözlənilən hadisə idi. Çünki son dövrlər baş verənlərdən gəlinən nəticə belə idi ki, nəsə olmalıdır. Xüsusilə, Ermənistan daxilində baş verən ictimai-siyasi proseslər, virus problemi, habelə Rusiyada son vaxtlar baş verənlər nəticəsində belə bir hadisə ortaya çıxmalı idi və bu da oldu.

Bu fikirləri Teleqraf.com-a sabiq təhsil naziri, türkoloq alim Firudin Cəlilov Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Erməni ordusunun Azəraycana hücuma keçməsi haqda danışarkən deyib.

Professor əlavə edib ki, bu hücumun bir məqsədi də Ermənistan daxilində olan narazılığı dəyişmək olub:

“Onlar eyni zamanda ümid edirdilər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu prosesə qoşa biləcəklər. Çünki KTMT hərbi ittifaqdır və üzv dövlətlərin biri hücuma məruz qaldığı təqdirdə ona dəstək göstərilməlidir. Ermənilər KTMT-yə müraciət etdi, hətta KTMT-nin iclası da çağırıldı, amma sonradan toplantı təxirə salındı. Ermənistanın əli boşa çıxdı. Beləcə mesaj verildi ki, bu məsələyə baxılmayacaq. İkincisi, biz 2016-cı ilin aprel döyüşlərində bəzi yüksəklikləri geri aldıq. Xalqımızda da ruh yüksəkliyi yarandı. İndi Ermənistan da buna oxşar bir qələbə istəyirdi. Cəbhənin Tovuz istiqamətində Qara təpə deyilən yüksəklik var. Ermənilər sərhədi keçərək oranı tutmaq istəyirdilər. Azərbaycan ordusu buna imkan vermədi. Nəticədə qanlı atışmalar baş verdi. Hazırda Ermənistan tərəfinin meyidləri ortalıqda qalıb və onu döyüş meydanından çıxara bilmirlər. Bu səbəbdən də açıqlama verirlər ki, Azərbaycan atəşkəsə razı olsa, biz, tərəflərin döyüş meydanında qalan itkilərini götürməyə razılıq verərik. Onlar kifayət qədər təlafat veriblər və hazırda bunu gizlədirlər. Daxildə də ciddi çaxnaşma var. Hətta bəzi əsgərləri xidmət etdiyi yerdən fərarilik edir, onları yolda polislər tutub qaytarır və s. Üçüncü və ən maraqlısı odur ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri özünün Feysbuk səhifəsində erməni dilində status yazmışdı. Bu statusda hər şey etiraf olunurdu. Mən həmin statusu erməni dilində oxudum, amma qısa müddət sonra onu sildi. Mətbuat katibinin pozduğu statusunun mahiyyəti belə idi ki, Ermənistan biabırçı vəziyyətdədir, ordunun durumu ağırdır, çoxlu təlafat var, mənasız hücuma ehtiyac yoxdur və s. İndi Ermənistan nə qədər gizlətsə də, sərhəd təxribatının nəticəsində uduzduğu bəllidir. Çoxlu təlafat verib, texnikası da məhv edilib. Hazırda bunu gizlədirlər. Aranı qatmaq üçün də Tovuzun kəndlərinə artilleriya mərmiləri atırlar. Aranı qarışdırırlar və vəziyyətdən çıxmağın yollarını axtarırlar”.

Firudin Cəlilov Tovuzda sərhədin pozulmasının səbəbi kimi Ermənistanın qeyri-ciddi arqumentlər irəli sürdüyünü deyib:

“Söyləyir ki, sərhəddə UAZ markalı avtomobil gəlirdi və içində də hərbçilər. Guya UAZ onlara yaxınlaşanda xəbərdarlıq atəşi açıblar, avtomobilin içində olanlar da düşüb qaçıblar. Guya biz UAZ-la gedib onların səngərini tutmaq istəyirmişik. Bunu bəhanə edərək deyirlər ki, biz, bu səbəbdən atəş açdıq və Azərbaycan tərəfi də əks atəşlə cavab verməyə başladı. Hadisələrin gedişi bundan ibarətdir və hesab edirəm ki, gərginlik bir neçə gün də çəkəcək. Amma acınacaqlı hal odur ki, yaramazların təxribatı səbəbindən biz qiymətli əsgərlərimizi itirdik. Ən əsası da general, polkovnik və digər zabitlər şəhid oldu. Əlbəttə, səngərdə əsgərinin yanında olan generalın itkisi ordumuz üçün ağır itkidir. Allah hamısına rəhmət etsin”.


Müəllif: Cavad