İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Həsən Ruhani Rusiyanın nüvə sazişinə verdiyi dəstəyi və Amerikanın birtərəfli siyasətinə qarşı çıxdığını qiymətləndirərək, iki ölkə arasındakı münasibətlərin bütün sahələrdə yaxşılaşmasını arzulayıb.
Ruhani iki ölkənin siyasi, iqtisadi, elmi və mədəni sahələrdə ikitərəfli əlaqələri olduğunu vurğulayıb. O, İran, Türkiyə və Rusiya liderlərinin iştirakı ilə baş tutan Suriya mövzulu son videokonfransa da toxunub. Həsən Ruhani Astana prosesi çərçivəsində Suriyada sülh və sabitliyə nail olmaq üçün 3 ölkənin səylərinin davam etdiyini vurğulayıb.
Hərtərəfli Birgə Fəaliyyət Planını beynəlxalq müqavilə kimi qiymətləndirən və onun tam şəkildə həyata keçirilməli olduğunu vurğulayan Ruhani Amerikanın birtərəfli siyasəti və İrana silah embarqosunun uzadılması yönündə son addımlarına qarşı çıxmaq zərurətinə də diqqət çəkib.
Koronavirusun İranda və digər ölkələrdə yayılmasına toxunan Ruhani iki ölkənin bu istiqamətdəki təcrübələrini bölüşmələrini istəyib.
Vladimir Putin isə son 5 ildə olduğu kimi, Hərtərəfli Birgə Fəaliyyət Planını dəstəklədiklərini və onun həyata keçirilməsində israr etdiklərini bildirib. İranla münasibətləri bütün sahələrdə yaxşılaşdırmaq istəyən Putin koronavirusa qarşı mübarizədə iki ölkənin təcrübələrini bölüşəcəklərini deyib.