16 İyul 2020 18:00
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı düşmən ölkənin təxribatı nəticəsində son günlər Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik, Ermənistanın ölkəmizə qarşı təcavüz siyasəti qəti pislənilib.

Qeyd olunub ki, ümummilli məsələlərdə ölkədə mövcud olan siyasi qüvvələr birlik nümayiş etdirməlidirlər. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bilavasitə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər, eləcə də Azərbaycan tərəfinin təşəbbüsü ilə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə mövzusunda videokonfrans formatında zirvə görüşlərinin keçirilməsi və eyni zamanda, bu gün ölkəmizdə koronavirusa qarşı ciddi mübarizə aparılmasını qeyd edib.

Yoluxanların sayının minimal vəziyyətə çatdırılması üçün müvafiq preventiv tədbirlər həyata keçirilir. Şöbə müdiri onu da bildirib ki, cənab Prezident tərəfindən qəbul edilmiş müvafiq qərarlar nəticəsində koronavirusa yoluxmuş şəxslərin müalicəsi ödənişsizdir, müvafiq 10 müasir modul tipli xəstəxana tikilib, zəruri tibbi avadanlıqlar alınıb, qısa müddət ərzində ölkədə lazımi tibbi ləvazimatların istehsalına başlanılıb. Həmçinin iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün dövlət dəstək proqramı həyata keçirilib. Eləcə də Azərbaycanın beynəlxalq miqyasda pandemiyaya qarşı mübarizə işinə verdiyi töhfələr qeyd edilib.

Əlisahib Hüseynov da öz növbəsində bu görüşə görə Ədalət Vəliyevə təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan dövlətinin pandemiya ilə mübarizə siyasəti effektivdir və bu gün Azərbaycan təcrübəsi dünyanın bir çox ölkələrinə müsbət nümunə kimi təqdim olunur. Daha sonra ölkədə formalaşan yeni siyasi konfiqurasiya, iqtidar-müxalifət dialoqunun inkişafı barəsində də geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, yeni siyasi konfiqurasiya Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan köklü struktur və kadr islahatlarının tərkib hissəsidir. Və Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölmənin yaradılması ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması işinə verdiyi əhəmiyyətdən irəli gəlir. Şöbənin səyləri nəticəsində artıq əksər siyasi partiyalarla konstruktiv əməkdaşlığın möhkəm əsasları qurulub və bu əməkdaşlıq bundan sonra daha da genişləndiriləcək.

Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə aparılan köklü siyasi, iqtisadi islahatlar, ölkədə yeni siyasi sistemin, siyasi konfiqurasiyanın formalaşması yüksək dəyərləndirilib. Əlavə olunub ki, 6-cı çağırış Milli Məclisin həm tərkibində, həm də rəhbər orqanlarında müxalifət təmsilçilərinə geniş yer verilməsi bunun bariz nümunəsidir. Siyasi partiyaların qeydiyyata alınmasının asanlaşdırılması da yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir.

Eləcə də iqtidarla müxalifət arasında siyasi dialoq mühitinin inkişaf etdirilməsi istiqamətində atılan addımları da yeni siyasi konfiqurasiyanın formalaşmasının bir əlaməti, təzahürü kimi qiymətləndirmək lazımdır.

Ə.Hüseynov qeyd edib ki, bütün bunlar yüksək dəyərləndirilir və yeni siyasi sistemin təşəkkül tapması iqtidar, müxalifət və cəmiyyət üçün faydalıdır.

Şöbə müdiri və partiya sədri bu formatda görüşlərin bundan sonra da davam etdirilməsinin, ölkə həyatına dair aktual mövzuların siyasi partiyalarla birgə müzakirəsinin faydalı olacağını qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər