17 İyul 2020 22:13
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 16-da Xəzər Siyasət Mərkəzinin (CPC) təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyi baş mütəxəssisləri, Azərbaycanın və Gürcüstanın enerji siyasətinə cavabdeh olan məsul şəxsləri və Xəzər regionunda fəaliyyət göstərən beynəlxalq neft şirkətlərinin rəsmiləri arasında COVID-19 pandemiyası fonunda Xəzər bölgəsində enerji sektorunun inkişafına dair onlayn müzakirə keçirilib.

Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti tədbiri açaraq müzakirədə iştirak edən qonaqları salamlayaraq deyib: “Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyində və ümumilikdə beynəlxalq münasibətlərin gündəliyində həlledici amil kimi qalmaqdadır. Bu baxımdan neft və qazın tədarükçüsü və nəqliyyat marşrutu kimi Transxəzər bölgəsi vacib rol oynayır”.

Müzakirələrə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta moderatorluq edib.

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin məsləhətçisi Kurt Donnellinin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Asiya üzrə köməkçisinin müavini Xavier Pedra, Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov, Gürcüstanın Enerji İnkişaf Fondunun icraçı direktoru Corc Çikovani, BP şirkətinin Amerika ofisinin beynəlxalq əlaqələr üzrə rəhbəri Robert Şer və “Şevron” şirkətinin hökumətlərarası beynəlxalq əlaqələr üzrə rəhbəri Emi Konroyun iştirak etdiyi virtual vebinarda enerjinin paylanma şəbəkələri, əhəmiyyətli tərəfdaşlıqların qorunması üçün tətbiq olunan metodları və regional enerji infrastrukturu və inkişafı üçün geosiyasi qarşıdurmanın nəticələri kimi mövzular müzakirə olunub.

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin məsləhətçisi Kurt Donnelli qeyd edib ki, Cənub Qaz Dəhlizi böyük nailiyyətdir.

“Trans-Xəzər interkonnektorunun mühüm əhəmiyyəti vardır. Bu, bölgənin enerji təhlükəsizliyini artırmağa, müstəqilliyi və suverenliyi möhkəmləndirməyə, enerji bazarlarında daha bərabər mövqedə olmağa, Qafqaz və Orta Asiyanın qovşağına çevrilməyə və bölgələrarası əməkdaşlığı inkişaf etdirməyə kömək edəcəkdir", - deyə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Asiya üzrə köməkçisinin müavini Xavier Pedra bildirib.

"Hazırda misli görünməmiş su qıtlığı dövrünü yaşayırıq və bu aşağı axın ölkəsi olan Azərbaycan üçün bir çox problem yaradır. Bu vəziyyət bizi daha böyük regional əməkdaşlığa sövq edir, külək və günəş enerjisinə təcili ehtiyacımız olduğunu göstərir”, -deyə Azərbaycan Energetika nazirinin müavini Elnur Soltanov qeyd edib.

“Xəzərin statusu haqqında Konvensiyanın imzalanması ilə Cənub Qaz Dəhlizi demək olar ki, tamamilə fəaliyyətə başlayıb və Xəzərin karbohidrogen ehtiyatlarının Avropa İttifaqı ölkələrinə daşınmasına heç bir əngəl yoxdur", - deyə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

O, deyib ki, son iki ildə Azərbaycan ərazisindən dünya bazarlarına təxminən 5 milyon ton neft nəql edilib. Bu o deməkdir ki, Transxəzər Enerji Dəhlizi artıq fəaliyyət göstərir.

Vebinar iştirakçıları Xəzər bölgəsindəki bir çox ölkələrin iqtisadiyyatlarını qorumaq üçün karbohidrogen ehtiyatlarının hasilatı və ixracından asılı olduqlarını və COVID-19 pandemiyası səbəbindən ümumi enerji investisiyalarının kəskin şəkildə azaldığını və bunun öz növbəsində qlobal enerji bazarında qısa və uzunmüddətli şok yaratdığını vurğulayıblar. Məruzəçilər, eyni zamanda, enerji təhlükəsizliyini təmin etmək üçün regional sabitliyin artırılmasının vacibliyini, alternativ istehsal və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ilə enerji bazarlarının şaxələndirilməsi məsələlərindən də söhbət açıblar.

Natiqlər regional əməkdaşlığın genişləndirilməsinin bir çox Xəzəryanı ölkələr və bölgədə fəaliyyət göstərən enerji şirkətləri üçün prioritet məsələ olduğunu qeyd ediblər. Həmçinin müzakirələrdə karbohidrogen ehtiyatlarının Şərqi Aralıq dənizi və Avropadakı gəlirli bazarlara səmərəli nəql edilməsinə imkan yaradacaq Cənub Qaz Dəhlizi, Trans-Adriatik boru kəməri və “Transxəzər” qaz kəmərinin inşasının əhəmiyyətinə toxunulub. İştirakçılar, bölgədə “yaşıl enerji” istehsalının artırılması üçün özəl və dövlət qurumları tərəfindən qarşıya qoyulan hədəflərin vacibliyini də xatırladıblar. Onlar, həmçinin pandemiyaya qədərki bərpaolunan enerji istehsalı istiqamətində qarşıya qoyulan hədəflərə dair öhdəliklərin yerinə yetirilməsinin əhəmiyyətini qeyd edərək Xəzər bölgəsinin enerji sektorunda davamlı inkişafın təşviq edilməsi üçün dövlət və özəl aktorların əməkdaşlığının zəruri olduğunu bildiriblər.


Müəllif: Teleqraf.com