“Azərbaycan Ermənistanın hədəfə aldığı strateji yüksəkliyin ələ keçirilməsinə mane oldu. Ermənistan həmin strateji nöqtəni götürməklə, Türkiyə və Qərbə uzanan yeni kommunikasiya sistemlərinə nəzarəti ələ keçirmək niyyətini güdürdü. Təxribat baş tutsaydı, bu, Türkiyə ilə yanaşı, Avropanın da mövqelərini zəiflədəcəkdi”.
Politoloq Natiq Miri belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Məlum oldu ki, iyulun 12-də döyüşlər başlayandan Serbiyadan Gürcüstan ərazisi vasitəsilə Ermənistanda silah-sursat daşınıb. Maraqlıdır, həmişə münaqişənin dinc yolla həllinin tərəfdarı olduğunu deyən Gürcüstan niyə gizli və bir sıra hallarda isə aşkar şəkildə Azərbaycana qarşı bu cür mövqe nümayiş etdirir?
- Biz iki cür Gürcüstan düşünməliyik. Birincisi, Saakaşvili dönəmində mövcud olan dost Gürcüstan dövləti idi ki, əsas hədəf kimi Cənubi Qafqazın strateji ölkəsi Azərbaycanla münasibətləri öndə tuturdu. Heç bir halda Azərbaycana qarşı belə xəyanət addımına getmirdi. Ayrıca, Gürcüstan Saakaşvili dönəmində Rusiyanın geosiyasi maraqlarına xidmət edən addımlardan çəkinirdi.
İkinci bir Gürcüstan da mövcuddur. Artıq on ilə yaxındır, “Gürcü Arzusu” Partiyası həmin Gürcüstana rəhbərlik edir, onun da başında İvanişvili durur. O, qeyri-rəsmi olsa da Gürcüstandakı hakimiyyətin “xaç atası”dır. Baş nazirdən tutmuş, bütün strateji postlara təyinatlar İvanişvili tərəfindən həyata keçirilir. İvanişvili hakimiyyəti kriminaldır. O, Rusiyada qazandığı pulları kriminal yollarla əldə edib. Azərbaycan və post-sovet məkanında bir çox insanlar bilir ki, İvanişvili bu pulları Rusiyada hansı yollarla qazanıb. Bu pulları qazanarkən onun kriminal davranışlarına bilərəkdən göz yumulub. İvanişvili Gürcüstanda hakimiyyət dəyikliyi və ya Saakaşviliyə qarşı revanş götürmək üçün hazırlanıb.
Fikir verin, Gürcüstanda İvanişvili hakimiyyəti bərqərar olandan bu ölkədə Azərbaycana qarşı münasibət də mənfiyə doğru dəyişib. Gürcüstanda millətçi ünsürlər var ki, Azərbaycanla münasibətləri pozmaq üçün bu cür təxribatçı manevrlərdən istifadə edirlər. Yaranmış sualların cavabını İvanişvilinin başçılıq etdiyi kriminal hakimiyyətdə axtarmaq lazımdır. Bu kriminal hakimiyyət bu gün də Rusiya ilə ciddi əlaqələrə malikdir. Saakaşvilinin Qərbə inteqrasiya siyasəti sözdə bəyan edilsə də İvanişvili rejimi arxa cəbhədə həmişə Rusiyaya hesabat verib. Düşünürəm ki, Gürcüstandan Azərbaycana qarşı atılan bu cür xain addımların yaratdığı sualların cavabını, Rusiyaya xidmət edən İvanişvili hakimiyyətində axtarmaq lazımdır.
Qərbyönümlü siyasi qüvvələri, o cümlədən Saakaşvilinin rəhbərlik etdiyi partiyadan soruşsanız, onlar da Azərbaycana qarşı bu addımların xəyanət olduğunu deyəcəklər. Çünki gürcü xalqı hələ də 2008-ci ildə Rusiyanın öz ölkələrinə işğalçı hücumunu, paytaxt Tiflisə qədər öz torpaqlarının rus çəkmələri altında əzilməsini unutmayıb. Gürcülər Rusiyaya bunu bağışlamayıblar. Rusyönümlü addımlar gürcü ictimaiyyətinin maraqlarına xidmət etmir. Ona görə də bu addımları gürcü ictimaiyyəti və dövlətinə yox, Rusiyanın əlaltısı olan İvanişvili hakimiyyətinə bağlayıram. Ayrıca, bu, əvvəlcədən hazırlanmış bir ssenari kimi görünür. Əks halda, bu silahların asanlıqla Gürcüstan üzərindən daşınması mümkün deyildi. Düşünürəm ki, bu prosesin arxasında həm də Rusiya dayanır.
- Bəs zaman-zaman Azərbaycana yaxın tərəfdaş olduğunu dilə gətirən Serbiya niyə belə bir addım atdı?
- Hesab edirəm ki, silahların Serbiyadan gətirilməsi də təsadüfi deyil. Məlumdur ki, Serbiyaya da Kremlin sözü ilə oturub-duran bir siyasi zümrə rəhbərlik edir. Slavyan dövləti olan Serbiya Balkan yarımadasında Rusiyanın istinadgahı və yeganə iqamətgahı olan ölkədir. Rusiyanın Serbiyaya çox ciddi təsir imkanları var.
- Ermənistan təxribata əl atdığı ilk gündən İran təkidlə tərəflər arasında vasitəçi olmaq istəyini dilə gətirir. İnanmalıyıqmı?
- Belə vasitəçilik missiyaları beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır. Bu baxımdan, İran qollarını çırmalayıb ki, indiki kritik vəziyyətdə beynəlxalq ictimaiyyətin qarşısında öz imicinə müsbət çalarlar qazandırsın. İkincisi, İran vasitəçilik məsələsini ortaya qoymaqla prosesdən kənarda qalmaq istəmir. İran anlayır ki, genişmiqyaslı müharibə başlayacağı təqdirdə oyundankənar vəziyyətdə qala bilər. Azərbaycan və qardaş Türkiyə birgə hərəkət edəcəyi üçün İran bu proseslərə ciddi müdaxilə edə bilməyəcək. Etsə də I Qarabağ savaşında olduğu kimi, əlaltdan Ermənistana dəstək verəcək. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bütün zamanlarda Ermənistana dəstək verib. Qənaətimə görə, bu günün özündə də bu yanaşma dəyişməyib.
Açığı, İranın bu istəyində səmimi olduğunu düşünmək lazım deyil. Bir məsələni də nəzərdən qaçırmamalıyıq: İranın bir farsizm siyasəti var. İran iki türk cümhuriyyətinin birləşməsini istəməyən bir dövlətdir. Bu baxımdan, iki türk dövlətinin arasında süni maneənin yaradılmasında maraqlı olub. İran onu da anlayır ki, müharibə başlayacağı təqdirdə, iki ölkə arasında maneə yaradan quru ərazilər aradan qalxa bilər. Bu, Türkiyə və Azərbaycanın birbaşa quru yolla birləşməsi deməkdir. Bu da iki türk cümhuriyyətinin regionda hegemoniyasına gətirib çıxara bilər. İran həm də bu yöndə narahatdır.
Bilirsiniz ki, İranda 35 milyondan çox Cənubi Azərbaycan türkü yaşayır. Buna görə də İran bu prosesə müdaxilə etmədən qala bilmir. Bu səbəbdən vasitəçilik missiyasını ortaya qoymaq istəyir. Amma bunu səmimi şəkildə qəbul etmək mümkün deyil. Ayrıca, Ermənistan son anda İrana da üz çevirə biləcək bic övladdır. Ermənistan təkcə İran tərəfindən idarə olunmur. Həm Rusiya, həm də digər qlobal güclər çox rahatlıqla Ermənistanı idarə edə bilirlər. Tovuz istiqamətindəki təxribatlar da göstərdi ki, bu, təkcə Paşinyanın verdiyi siyasi qərar deyil, həm də Ermənistanın boyunu aşan geosiyasi hadisədir. Buna görə də İranın vasitəçiliyi məsələnin həllinə kömək yox, maneə olacaq.
- Döyüşləri səssiz izləyən Rusiya niyə ara sakitləşdikdən sonra Azərbaycana qarşı informasiya savaşına başladı?
- Rusiya iyulun 12-də Tovuz istiqamətində hərbi təxribat başlamamışdan öncə, Liviya məsələsi ilə bağlı Türkiyəylə danışıqlara başlamalı idi. Hətta razılaşdırılmışdı ki, bu məsələ birbaşa Türkiyə və Rusiya prezidentləri arasında müzakirə olunacaq. Məlumdur ki, Türkiyə tərəfindən dəstəklənən və BMT-nin tanıdığı Liviya hökuməti Sirtə və digər strateji bölgələri qiyamçılardan azad etmək üçün hərbi əməliyyatlara hazırlaşır. Həmin strateji bölgələrin azad olunmasından sonra Sərrac hökuməti Liviyanın enerji resurslarının işlənməsi və dünya bazarlarına çıxarılması ilə bağlı müstəqil qərar vermək hüququna malik olacaq. Digər yandan, Türkiyə Sərrac hökumətinə qarşı savaş aparan qiyamçı general Haftarın tamamilə oyundan kənarlaşdırılmasını tələb edir.
Yəni Türkiyənin iki hədəfi var: birincisi, Liviyanın enerji mənbələrinin aypara şəklində nəzarətə götürülməsi və istismarı; ikincisi, Haftarın oyundan çıxarılması. Bununla bağlı Rusiya ilə ciddi danışıqlar gedir, amma indiyədək bu müzakirələrdə irəliləyiş olmayıb. Hətta bununla əlaqədar Ankarada görüş planlaşdırılsa da son anda Rusiyanın xarici işlər və müdafiə nazirləri Türkiyəyə gəlmədi. Çünki Rusiyanın mövqeyi zəif idi. Bu ərəfədə 12 iyul təxribatının törədilməsi isə Rusiyanın mövqelərinin gücləndirilməsinə xidmət edirdi ki, masada Türkiyəni zəiflədə bilsin, nəticədə ondan istədiklərini ala bilsinlər. Ancaq bu alınmadı. Çünki Azərbaycan Silahlı Qüvvələri Rusiya tərəfindən dəstəklənən Ermənistan ordusuna lazım olan cavabı verdi. Azərbaycan Ermənistanın hədəfə aldığı strateji yüksəkliyin ələ keçirilməsinə mane oldu. Ermənistan həmin strateji nöqtəni götürməklə, Türkiyə və Qərbə uzanan yeni kommunikasiya sistemlərinə nəzarəti ələ keçirmək niyyətini güdürdü. Təxribat baş tutsaydı, bu, Türkiyə ilə yanaşı, Avropanın da mövqelərini zəiflədəcəkdi.
Azərbaycanın bu strateji yüksəklikləri qorumaq iqtidarında olduğu bəllidir. Bu baxımdan, həm Türkiyə, həm də Azərbaycandan müxtəlif səviyyələrdə açıqlamalar verildi ki, Qərb dünyası da əlini bu daşın altına qoysun, Ermənistan vasitəsilə Rusiyanın aqressiv siyasətini anlasın və pisləsin. Bu uğursuzluqdan sonra indiyədək Ermənistanı ittiham edən və susan Rusiya mediası birdən-birə təkcə Azərbaycana qarşı yox, həm də Türkiyə əleyhinə materiallar yayımlamağa başlayıb. Düşünürəm ki, bu, bir müddət davam edəcək. Buna görə də Türkiyə və Rusiya arasında gözlənilən görüşün baş tutmayacağını ehtimal edirəm. Çünki Rusiya istədiyi mövqeləri əldə edə bilmədi.