İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan ordusunun təxribatı, hücum cəhdi ətrafında müzakirələr davam edir. Bu prosesdə diqqəti çəkən məqamlardan biri də Azərbaycanın strateji müttəfiqi olan rəsmi Tbilisinin ortaya birmənalı mövqe qoymaması, Azərbaycana açıq dəstək verməməsidir. Sözsüz ki, daha çox Azərbaycan və Türkiyə hesabına inkişaf edən Gürcüstanın birmənalı mövqe sərgiləməməsi cəmiyyətdə də müəyyən narazılıq yaradıb.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, məsələyə bir qədər soyuqqanlı yanaşmaq lazımdır.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstanla strateji partnyordur:
“Bizim qarşılıqlı maraqlarımız var. Amma Gürcüstanın Ermənistanla bizim istədiyimiz şəkildə davranmasını təmin etmək mümkün deyil. Biz nəyə nail olmuşuq? Bəli, əvvəllər bəlli maxinasiyalar olub. Azərbaycandan Mərkəzi Asiyadan, Rusiyadan mallar sifariş edilirdi, sonra bunu Ermənistana yönəldirdilər. Biz danışıqlar nəticəsində bunun qarşısını aldıq. Beləcə Gürcüstan Azərbaycandan keçən yüklərin Ermənistana yönəldilməsinə imkan vermir.
Rusiya və Gürcüstanın münasibətləri pisləşdikdən, diplomatik əlaqələr kəsildikdən sonra Rusiyadan Ermənistana hərbi yüklərin keçməsinə imkan vermirlər. Ancaq Ermənistanın avtomobillərini Rusiyaya buraxırlar, həm də Rusiyadan gələn erməni maşınlarına və yüklərinə də eyni şəkildə icazə keçməyə verirlər . O cümlədən Rusiyadan Ermənistana ermənilərə lazım olan hərbi sursat və texnikanı buraxmırlar. Amma Gürcüstan Ermənistana qadağa qoya bilməz ki, mənim ərazimdən keçərək heç kimdən neft və ya silah ala bilməzsən. Belə mövqe Gürcüstan-Ermənistan münasibətlərini kritik nöqtəyə gətirə bilər ki, bu halda Rusiya Ermənistan ərazisindən Gürcüstana qarşı fəallığa başlaya bilər. Eyni zamanda Ermənistanın Cavaxetiyadan Gürcüstanın başını ağrıtmaq üçün xeyli imkanları var. Əslində ruslar bunu etmək niyyətindədir. Odur ki, indiki vəziyyətdə onlar bizim hesab etdiyimiz qanuni tələblərə əməl edirlər, amma biz Gürcüstana diktə edə bilmərik ki, bizim istədiyimiz şəkildə Ermənistanla münasibətlər qursun”.
“Normalda dövlətlərin də bir-birinə centlmen davranışı olmalıdır, Azərbaycan 2008-ci ilin avqustunda müharibə aparan Gürcüstana kifayət qədər dəstək verməsi müqabilində Gürcüstan iqtidarının susmasını cəmiyyətimiz necə qəbul edə bilər” sualına gəldikdə deputat Musabəyov razılaşır ki, Azərbaycan həqiqətən 2008-ci ilin aprelində Gürcüstana dəstək verib:
“Əlbəttə, bizim dəstəyimiz hansısa xəttə qədər oldu. Amma bizim də Rusiya ilə öz münasibətimiz var. Biz Gürcüstana görə, Rusiya ilə münasibətləri korlamırıq. İndi Cənubi Osetiyadan Gürcüstanın içinə doğru sərhədi daimi olaraq 300-500 metr genişləndirirlər. Gürcüstan haray qaldırır ki, bu qəbuledilməzdir. Hamıya da çağırış edir ki, Rusiyanın bu siyasətini pisləyin. Biz pisləmişikmi? Yox! Biz deyirik ki, Gürcüstan, sən Azərbaycanın ərazi bütövlüyünü ümumi şəkildə tanıyırsan, amma Ermənistana barmaq göstərmirsən, işğalçı adlandırmırsan. Biz də sənin ərazi bütövlüyünü tanıyırıq, dəstəkləyirik. Amma Rusiyaya barmaq göstərmir və onu işğalçı elan etmirik. Hər şey qarşılıqlıdır”.
Rasim Musabəyovun fikrincə, elə məsələlər var ki, biz Gürcüstanı qınaya bilərik, amma deyə bilmərik ki, bizim siyasətimizə tam uyğun addım atmalıdır:
“Bunu anlamaq lazımdır ki, Gürcüstanın öz vəziyyəti var, özünün münasibətləri var. O cümlədən Ermənistanla da. Odur ki, hər şeyə Azərbaycan gözü ilə yanaşmayaq. Əlbəttə, bizim istəyimiz ola bilər. Ancaq qonşunun münasibətinə qiymət verdiyin halda, gərək onun da vəziyyətini nəzərə alasan”.
R. Musabəyov detallara varmasa da bildirib ki, onun sosial şəbəkələr üzərində Gürcüstanı qınamasının müəyyən nəticəsi olub:
“Məsələn, mənim onlara qınağım başqa məqamla bağlı idi. Biz daima onların, onlar da bizim ərazi bütövlüyümzə dəstək veriblər. Bəs son hadisələrdə nə oldu? Mənim bu qınağımın kifayət qədər reaksiyası oldu. Məncə, indi bizim Gürcüstanla münasibətlərimizi zilə çıxarıb gərginləşdirməyə dəyməz. Anlamalıyıq ki, Gürcüstan bizim üçün Türkiyə və Avropaya yeganə çıxışdır”.