ABŞ Konqresi nəhayət ki, 30 ildən sonra təcavüzkarı, işğalçını göstərməyə başlayıb. Artıq Azərbaycanın enerji kəmərləri işə düşüb və Konqres son addımı ilə əslində mesaj verir ki, bu kəmərlər beynəlxalq qarantiya altındadır. Hətta Ermənistanın ABŞ-da güclü lobbisi olsa belə, ona təcavüz edən qüvvələrə dözmək niyyəti ortada olmayacaq.
Bu fikirləri Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəlişi qəbul etməsini şərh edərkən deyib.
Partiya sədri xatırladıb ki,1991-ci ildən bu yana Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova öz ərazilərində separatçı hərəkətlərlə qarşılaşsa da, buna diqqət arzuolunan səviyyədə deyildi: “İndi faktiki olaraq rusların vasitəsilə Azərbaycan torpaqlarının işğal edildiyi bəyan olunur. Bu, əslində yeni baxış sistemidir. Slavyan-anqlosaks ittifaqı pozulur və ortaya yeni baxışlar sistemi çıxır”.
B.Quliyev xatırladıb ki, bir zamanlar Mütəllibov iqtidarı “AMOKO” şirkəti ilə müqavilə imzalamaq istəyirdi, amma hakimiyyətdən devrildi: “Sonra Elçibəy hökuməti Bakı-Tbilisi-Ceyhan neft kəmərinə dair niyyət protokolunu imzalayan kimi Kəlbəcər işğala məruz qaldı. Heydər Əliyev Əsrin Müqaviləsini imzaladı, əvəzində 1994-cü ildə Sürət Hüseynovun dövlət çevrilişinə cəhdi və digər hadisələri yaşadıq. Eyni zamanda şimaldan yollarımız bağlandı, ölkə əraziləri işğal edildi, 1 milyon qaçqınımız didərgin düşdü. Nəticə olaraq Azərbaycan çətin günlər yaşadı. Üstəlik BMT-nin Azərbaycanın işğal edilən ərazilərinə dair 4 qətnaməsi qəbul edilsə də, heç kim Ermənistanın və ya onun arxasında duran Rusiyanın üzərinə gəlmədi. İndi bunun üzərindən 30 il keçdikdən sonra Rusiyanın aqressiyası yenidən ortaya çıxır. ABŞ Konqresinin Ermənistanı təcavüzkar dövlət kimi tanıması təsadüfi deyil. Azərbaycanın enerji kəmərlərinin hamısı Tovuz rayonundan keçir. Tovuz bizim enerji dəhlizimizdir. İndi erməninin əli ilə bizim enerji dəhlizimizin təhdid etməyin arxasında nələrin durduğunu ABŞ-da da gözəl bilirlər. Artıq İngiltərə parlamentinin Ermənistanın Tovuza hücumuna dair mövqeyi olub. İndi də ABŞ Konqresinin münasibətini gördük. Ehtimal edirəm ki, dünyanın ingilisdilli 51 ölkəsinin hər birinin mövqeyi ortaya qoyulacaq”.
CHP sədri Türkiyə-Rusiya münasibətlərində gərginliyin olduğunu xatırladıb: “Əlbəttə, Türkiyə-Rusiya münasibətlərində də gərginlik var. Bu gərginlik Suriya, Liviya, indi də Cənubi Qafqazda özünü göstərir. Türkiyənin bu məsələlərdə ortaya sərt mövqe qoyması da təsadüfi deyil. Təsəvvür edin ki, TAP layihəsində işlərin 97 faizi başa çatdırılıb. Avropa bu layihə əsasında qazla təmin ediləcək. Gələcəkdə Orta Asiya ölkələrinin də bu layihəyə qoşulacağı gözlənilir. Bu prosesdə Azərbaycan körpü rolunu oynayır. Bizim enerji kəmərlərimiz həm də təhlükəsizlik kəmərimizdir. Bu kəmərlər işə düşdü və indi burada marağı olan ölkələr nəhayət həqiqəti deməyə başlayır. Əslində real situasiya da onlara bunu diktə edir”.