“Gürcüstanda hakimiyyət dəyişikliyi baş verdikdən, yəni İvanişvili iqtidara gəldikdən sonra onların xarici siyasəti təkcə Tiflisdən asılı deyil, həm də digər paytaxtlardan asılı olub. Hər nə qədər Gürcüstanda Qərbə inteqrasiya haqda söz açılsa da bu, sözdə olan bir prosesdir”.
Politoloq Zaur Məmmədov belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Hələ də bu suala cavab axtarılır: ermənilər niyə Tovuzu hədəf aldı? İndi də bir iddia irəli sürülür ki, məqsəd Tovuzu tamam işğal etmək olub. Sizcə, bu iddia nə qədər məntiqlidir?
- Tovuz təxribatını bir neçə istiqamətdə şərh etmək olar. Bu, ilk növbədə bir daha göstərdi ki, Ermənistan işğal altındakı torpaqları geri qaytarmaq niyyətində deyil. David Tonoyan bir neçə il əvvəl ABŞ-da ermənilərlə görüşündə bildirmişdi ki, “biz Azərbaycana heç bir rayonu qaytarmayacağıq, əksinə, Azərbaycandan bizim olan rayonları alacağıq”. Bu onu göstərir ki, erməni cəmiyyəti sağlam deyil və onun işğalçılıq siyasəti davam edəcək. Zatən, biz bilirik ki, ötən əsrlərdə ermənilər dəfələrlə Azərbaycan ərazilərini qəsb edib. Buna görə də biz işğalçıqdan başqa mövqe gözləməmiliyik. Otuz illik nəticəsiz danışıqlar da nümayiş etdirdi ki, Ermənistan və onun havadarları işğal faktorundan Azərbaycana qarşı istifadə edəcəklər.
İkincisi, Tovuz Azərbaycanın bölgədə həyata keçirdiyi beynəlxalq enerji layihələrinə çox yaxındır. Biz 2008-ci ildə Gürcüstanda Bakı-Tiflis-Ceyhan boru-kəmərinə hərbi təzyiqlərin edildiyinin də şahidi olmuşuq. Bilirik ki, bizi Qərblə birləşdirən bu layihələr bir sıra ölkələrin atəşinə məruz qala bilər. Bu baxımdan, ABŞ və digər Qərb dövlətlərinin bu məsələyə ciddi yanaşması çox önəmlidir. Lakin vaxtilə Qərb Ukraynanın siyasi elitalarını satdı, onlar indi Tovuz məsələsində də prinsipiallıq nümayiş etdirmirlər, Azərbaycanın hansısa ölkələrlə təkbətək qalmasına göz yumurlar. Buna görə də MDB məkanında yerləşən bir çox ölkələr Qərbə inteqrasiyadan imtina edərək, onların qonşusu olan dövlətin maraqlarını nəzərə almağa məcbur olublar.
Üçüncüsü, bu prosesin arxasında hansı məqamların durmasından asılı olmayaraq, biz başa düşməliyik ki, bu kimi təxribatlar, təcavüzlər bundan sonra da müxtəlif istiqamətlərdə davam edə bilər. Azərbaycan təkcə hərbi istiqamətdə yox, digər sahələrdə də ciddi təzyiqlərə məruz qalır. Belə olan təqdirdə, biz hazırlıqlı olmalıyıq, bütün dövlət institutları ümumdüşmənə qarşı birləşməlidir. Düşünürəm ki, diplomatiyada da daha sərt mövqe nümayiş etdirməyimizin vaxı çatıb. Diplomatik hücumları davam etdirməliyik, hərbi təcavüzə qarşı adekvat addım atmalıyıq – bir başın əvəzinə, on erməni başı almaqla cavab verməliyik. Əks təqdirdə, bu hücumların və təxribatların sayı artacaq.
Tovuz hadisələri onu da göstərdi ki, Azərbaycan xalqı Dağlıq Qarabağ və işğal altında olan digər rayonları azad etməyə hazırdır, heç kimdən qorxmur.
- Bəs bu günədək Azərbaycana yaxınlığı ilə seçilən Serbiya niyə işğalçıya yardım əli uzatdı?
- Bu məsələyə soyuqqanlı yanaşmaq lazımdır. Serbiya Azərbaycanın Balkanlarda ən vacib partnyorlarından biridir. Hər iki ölkəni bir-birini Trans-Adriatik boru-kəməri bağlayır. Bir neçə aya Azərbaycandan İspaniyaya qədər qaz xəttinin çəkilişi başa çatacaq. Bu layihənin Serbiyanı da əhatə etdiyinə görə, biz başa düşməliyik ki, tərəflərin arasını vurmağa çalışan qüvvələr olacaq. Eyni zamanda, Serbiya Rusiyadan asılı olan ölkələrdən biridir. Bu gün Serbiya Avropa İttifaqı və Rusiya arasında seçim etmək məcburiyyətində qalıb.
Əlbəttə, Serbiyanın təxribatın davam etdiyi müddət ərzində Ermənistana silah-sursat satması təəssüf doğurur. Burada silah baronlarının da rolu var. Artıq dünən Serbiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və bu barədə qarşı tərəfə xəbərdarlıq edilib. Düşünürəm ki, Serbiya bir daha belə bir addım atmayacaq. Biz bilirik ki, istər Gürcüstan, istər Serbiya, istərsə də digər dövlətlər Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin iştirakçılarıdır. Bu baxımdan, həmin ölkələrin Azərbaycanla münasibətlərini pozmaq istəyən qüvvələr var və olacaq.
- Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışan qüvvələrin olduğunu deyirsiniz, amma baş verənlərdən belə məlum oldu ki, gürcü siyasi elitasının silahların ölkə üzərindən göndərilməsindən xəbəri olub. Yəni burada münasibətləri pozmaq istəyən tərəf Gürcüstan hakimiyyətidir?
- Gürcüstanda hakimiyyət dəyişikliyi baş verdikdən, yəni İvanişvili iqtidara gəldikdən sonra onların xarici siyasəti təkcə Tiflisdən asılı deyil, həm də digər paytaxtlardan asılı vəziyyətə düşüb. Hər nə qədər Gürcüstanda Qərbə inteqrasiya haqda söz açılsa da bu, sözdə olan bir prosesdir. Gürcüstan hakimiyyətinin davranışları onu göstərir ki, Tiflis balans siyasəti yürütməyə çalışır. Nə olur-olsun, Gürcüstanın münaqişələrlə bağlı öhdəliyi var. Bu öhdəlik də iki münaqişə tərəfindən birinə silah satmamaqla bağlıdır.
İkincisi, Gürcüstan Azərbaycanın strateji müttəfiqidirsə, belə hallarla yol verməməli idi. Gürcüstan hakimiyyətinin Keşikçidağ məsələsində və Borçalıda atdığı bir sıra addımlar qəbuledilməzdir. Həmçinin Qarabağ münaqişəsində “ümumi” mövqe sərgiləyən Tiflis onu da anlamalıdır ki, Tovuzda baş verən təxribat həm də onun maraqlarına ziddir. Gürcüstan Azərbaycanla ikibaşlı oyun oynamamalıdır. Azərbaycanın da əlində kifayət qədər təzyiq rıçaqları var ki, bundan Gürcüstana qarşı istifadə edə bilər. Tiflis onu da başa düşməlidir ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran iki ölkədən biridir. Bu iki ölkənin birgə sərmayəsi 60 faizdən çox təşkil edir. Əslində Azərbaycan Gürcüstanın təhlükəsizliyinin qarantlarından biridir. Bu baxımdan, İvanişvili hakimiyyətinin bu ikibaşlı oyunları onun ölkəsinə yaxşı heç nə vəd etmir. Amma biz Gürcüstandakı siyasi qüvvələrin Tiflisin bu addımlarına tənqidi yanaşmalarını da gördük. Gürcüstanın bir çox siyasi partiyaları və QHT-ləri son olayların yolverilməz olduğunu dilə gətirdilər.
- Erməni lobbisinin ABŞ Konqresində Azərbaycan əleyhinə qanun layihəsini keçirmək cəhdləri əks effekt verdi, qəbul olunan qətnamələrlə Ermənistanın ölkəmizə qarşı işğal siyasəti rəsmi təsdiqini tapdı. Niyə uzun illərdir işğalçının mövqeyində bizə barmaq silkələyən ABŞ birdən-birə Azərbaycana dəstək vermək qərarına gəldi?
- Biz yaxın vaxtlarda Bakı-Vaşinqton münasibətlərinin daha da isinməsinin şahidi olacağıq. Corc Buş dönəmində - 2000-ci illərin əvvəllərində iki ölkə arasındakı münasibətləri istiləşmişdi. Lakin Barak Obamanın ABŞ-da hakimiyyətə gəlməsi ilə tərəflər arasındakı münasibətlərdə fasilə yarandı. Amma son dövrlərdə biz iki ölkə arasındakı münasibətlərdə yaxınlaşmanın şahidi oluruq. Bunun bir neçə səbəbi var. Azərbaycanda baş verən dəyişikliklər və ABŞ-da Respublikaçılar Partiyasının hakimiyyətdə olması bura daxildir. Respublikaçılar, ənənəvi olaraq, Azərbaycanla münasibətlərin inkişafında maraqlıdırlar. Eyni zamanda, Qərb istiqamətində həyata keçirilən layihələr Azərbaycanı Vaşinqton üçün prioritet ölkəyə çevirir. Vaşinqton başa düşür ki, Azərbaycan regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişəcək layihələrə imza atır. Onu da anlayır ki, bunlara görə Bakıya dəstək vermək lazımdır. Bakıya ən böyük dəstək də münaqişəyə yanaşmanın dəyişməsində göstərməlidir.Nəticədə ermənipərəst konqresmenlərin Azərbaycan əleyhinə təşəbbüsləri böyük ölçüdə baş tutmamış oldu və Amerika tərəfindən dəstək aldıq. Bu o deməkdir ki, biz gələcəkdə də ABŞ-da Azərbaycanın lehinə qərarların verilməsinin şahidi olacağıq.