22 İyul 2020 19:25
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Azərbaycanla sərhəd Tovuz rayonu istiqamətində silahlı təxribatının qarşısı qətiyyətlə alındı. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında düşmənə növbəti ağır və unuda bilməyəcəkləri bir zərbə vurdu. Məhz düşmənə qarşı xalqın və dövlətin birliyi sayəsində vurulan sarsıdıcı zərbələr eyni zamanda milli əhval ruhiyyənin daha da yüksəlməsinə səbəb oldu.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, işğalçı Ermənistanın hər zaman mülki yaşayış obyeklərini, dinc əhalini hədəf alması sirr deyil: "İyulun 12-dən erməni silahlı birləşmələri Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Atdıqları artilleriya mərmiləri nəticəsində Tovuz rayonu istiqamətində bir sıra mülki və dövlət obyeklərinə ciddi zərər vurulub. Cənab Prezident İlham Əliyev tərəfindən həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncamı dövlətin öz vətəndaşına olan diqqətinin növbəti bariz nümunəsidir”.

Cavid Osmanov bildirib ki, sərəncamla mülki əhaliyə, dövlət əmlakına, eləcə də infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə tam şəkildə yenidən bərpası nəzərdə tutulur: "Dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Ziyan dəymiş infrastruktur və evlər bərpa olunacaq. Həyat tamamilə öz məcrasına qayıdacaq. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır”.

Deputat vurğulayıb ki, şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib:

“Birinci xanım Mehriban Əliyeva tərəfindən Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verilib. İşğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb”.

Cavid Osmanov əlavə edib ki, Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər