Ərəb dünyası XX əsrdə indikindən daha güclü idi. Onlar tarixlərinin ən zəif və süst anlarını yaşayırlar. Ərəb dövlətləri yığışıb Nil çayı üzərində bənd tikib onu dolduran Efiopiaya belə lazımi təpki göstərməyə qadir deyillər. Efiopiya bu gün rəsmən elan edib ki, bəndin su ilə doldurulmasının birinci mərhələsi həyata keçirilir. Nəzərə alsaq ki, təkcə Misir və Sudanın kənd təsərrüfatı sahəsi bütün ərəb ölkələrinin qida təhlükəsizliyini təmin edə bilər, belə olan halda Nil çayının ərəb milli təhlükəsizliyi üçün nə qədər önəmli olduğu aydın olur.
Bu fikirləri Teleqraf.com-a şərqşünas Samid Bağırov deyib.
Mütəxəssis qeyd edib ki, belə olan halda Misirin xəbərdarlıq kimi ordusunu cənuba istiqamətləndirməsi gözlənilən idi: “Üstəlik digər ərəb dövlətlərindən də təvəqqe bu idi ki, rəsmi Qahirəyə bu işdə dəstək olsunlar. Amma indi Misirin hərb kompası cənubu deyil, qərbi yəni Türkiyə hərbi qüvvələrinin olduğu Liviyanı göstərir.
Misir rəsmiləri son aylarda Efiopiyaya xəbərdarlıq ediblər, lakin görünən odur ki, bu dövlət hazırda Liviyaya doğru irəliləmək istəyir. Artıq Misir parlamenti belə bir addımla bağlı ixtiyarı da hakimiyyətə verib. Bu proseslər fonunda Misir rəsmilərinin “Türkiyənin Liviyadakı addımları ərəb milli təhlükəsizliyinə təhdiddir” kimi çıxışları onu göstərir ki, rəsmi Qahirəyə BƏƏ, Səudiyyə, Fransa və Qərb dövlətlərindən təzyiqlər var. Xarici təzyiqlər Misiri Türkiyənin, Qətərin və İxvanəl-Müslimin hərəkatının olduğu Liviyaya hərbi müdaxiləyə sövq edir. Əslində Misirin və ərəblərin milli təhlükəsizliyi isə başqa bir şeyi tələb edir.
Körfəz ərəb dövlətləri və Şimali Afrikada yerləşən bir sıra ərəb dövlətlərinin hərb kompaslarına elə bil müdaxilə edilib. Artıq onlar İsraili təhdid olaraq görmürlər və ya əsas təhdid kimi görmək istəmirlər. İndi əksər ərəb dövlətləri üçün təhdid Türkiyə və İrandır. İş o yerə gəlib çatıb ki, ərəblərin ötən əsrdəki əzəli təhdidi İsrail yeni “təhdid”lərlə mübarizədə onlara lazımi dəstəyi verməyə hazır olduğunu belə dilə gətirməkdən çəkinmir”.
Samid Bağırov qeyd edib ki, Suriya və Liviya dövlətçiliyi ərəb dövlətlərinin iştirakı olmadan dağıla və ya sarsıla bilməzdi: “Suriya və Liviya silahlı müxalifətinə verilən və ya satılan silahların ödənişi məhz onlar tərəfindən həyata keçirilib. Amma indi Suriya və Liviyada həlli yolunun açarları ərəb dövlətlərinin deyil, Rusiya, ABŞ, Türkiyə, İran, Fransa və Britaniyanın əlindədir.
Ərəb dövlətlərinin ən böyük siyasi qurumu Ərəb Dövlətləri Liqası gerçəkdə nəyə qadirdir? Məsələn, onların siyasi iradəsi olsa, Ərəb Dövlətləri Liqası ABŞ-ın icazəsi olmadan rəsmi Dəməşqi sıralarına yenidən qata bilərmi?! Görünən odur ki, ötən əsrin ortalarındakı ərəb dövlətlərilə hazırkilərin fərqi yerlə göy qədərdir”.