Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberq ermənilərin Los Ancelesdə azərbaycanlılara qarşı törətdikləri hücumların araşdırılması üçün tədbirlər görüləcəyinə söz verib.
Teleqraf.com-un xəbərinə görə, amerikalı diplomat Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.
Ö.Litzenberqer qeyd edilən məsələlərlə bağlı məlumatlı olduğunu, baş verən hadisələrdən dolayı dərin təəssüf hissi keçirdiyini bildirib. Los Ancelesdə baş verən təxribatla bağlı danışan səfir bunun bilavasitə aqressiv erməni nümayişçilər tərəfindən həyata keçirildiyinə dair təkzibedilməz sübutların mövcud olduğunu və dinc aksiya üçün oraya yığışmış azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmağın mümkünsüzlüyünü diqqətə çatdırıb.
Örl Litzenberqer ölkəsində dinc şəkildə söz azadlığı hüququnun dəstəkləndiyini, lakin ermənilərin Los Ancelesdə həyata keçirdiyi aksiyanın qaraguruhdan ibarət olduğunu qeyd edib. Səfir, bunun qəbuledilməz və ABŞ ərazisində baş verməməli bir hal olduğunu ifadə edib.
Səfir, Los Ancelesin yerli hüquq mühafizə orqanları rəhbərliyinin baş vermiş erməni təxribatı və onun qarşısının alına bilməməsindən dolayı üzrxahlıq etdiyini, məsələ ilə bağlı araşdırmaların aparılacağını və müvafiq tədbirlərin görüləcəyini qeyd edib.
Sonda, Örl Litzenberqer görüşdə qaldırılan məsələlərin, o cümlədən Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məsələsinin rəsmi Vaşinqton qarşısında qaldıracağını ifadə edib.