Erməni vəhşiliyi Tovuzdan sonra Avropa və ABŞ-da davam edir. Bu ölkələrdə küçələrə çıxıb Azərbaycanın haqq işini müdafiə edən və düşmən təcavüzünə etiraz edən soydaşlarımız erməni diasporunun amansız hücumlarına məruz qalıb. Bir çox soydaşımız ciddi bədən xəsarəti alıb. Görünən budur ki, düşmən Azərbaycana qarşı mübarizəsini diaspor sahəsinə transfer edərək, xarici ölkələrdə yenicə təşəkkür tapan, təşkilatlanan Azərbaycan diasporunun gözünü “qorxutmaq” məqsədi güdür.
Hüquq müdafiəçisi Əvəz Həsənovla söhbətimiz əsasən bu mövzu ətrafında olub.
Teleqraf.com həmin müsahibəni təqdim edir:
- Əvəz bəy, ermənilərin Tovuz təxribatından sonra qərb ölkələrində Azərbaycan və Ermənistan diaspor qurumları aksiyalar keçirir, bir çox hallarda erməni vəhşiliyi bu ölkələrdə də davam edir, soydaşlarımıza qəfil hücumlar edir, döyür, insanlığa sığmayan hadisələr törədirlər. Yaranan vəziyyəti necə qiymətləndirirsiniz?
- Əvvəla, nəzərə alaq ki, Ermənistanda Nikol Paşinyan hakim mütləqdir. Paşinyan özünün rəqiblərini, Rusiyanın ən güclü adamı hesab olunan Qagik Sarukyanı belə hakimiyyətdən uzaqlaşdıra bildi. Bu gün Ermənistanda nə Respublika Partiyası, nə Daşnaksütyun, nə də Çiçəklənən Ermənistan Partiyasının Paşinyana təsir etmək imkanı yoxdur. Paşinyana təsir göstərmək istəyən qüvvələr məcburdurlar ki, diasporu toparlasınlar. Çünki erməni diasporunun tərkibində Daşnaksütyun, Respublika Partiyası var ki, Paşinyan hakimiyyətə gəldikdən sonra onlar ölkədən gediblər. Ümumiyyətlə, ermənilərin miqrant sistemi fərqlidir. Hətta bizdə üstünlük təşkil edən siyasi immiqrant məsələsindən də ayrı cürdür. Ona görə də diaspor özü bu işə qoşulub. Fikrimcə, erməni diasporunun bu işə qoşulmasında iki məqsəd ola bilər.
Birincisi, azərbaycanlılara “dərs vermək”, bizim diasporumuzun gözünü qorxutmaq.
İkincisi, Ermənistan hakimiyyətinə nümayiş etdirmək ki, biz, ölkənin kənarında olsaq da, güclüyük, işlək kanallarımız var. Yəni istəyirlər ki, Ermənistan hakimiyyətini bu diasporla irazılaşmağa məcbur etsinlər.
Erməni diasporunun fəallaşmasının, azərbaycanlılara qarşı hücumlar təşkil etməsinin və Ermənistan daxilində populyarlığının artırmasının bu məqsədlərə nail olmağa hesablandığını düşünürəm.
- Sizə elə gəlmirmi ki, artıq Ermənistan-Azərbaycan qarşıdurması xarici ölkələrdə diplomatiya və diaspor təşkilatlarına sirayət edib və yaxın dövrdə əsas mübarizə məhz bu platformada gedəcək?
- Ermənistan sərhədlər boyu istiqamətlərdə real vəziyyəti güc yolu ilə dəyişməyə cəhd göstərdi. Ancaq bu alınmadı. İndi bu münaqişəni diaspor sisteminə keçirirlər. Hansı ki, bu sahədə ermənilər daha güclüdür. Onların sərhəddə təxribatı alınmadı, göründü ki, bu istəkləri baş tutmayacaq. Dağlıq Qarabağ istiqamətində bizimlə cəbhə xəttində də heç nə etmək istəmirlər. Beləcə qarşıdurmanı daha güclü olduqları diaspor səviyyəsinə keçiriblər.
Mənim fikrimcə, bu mərhələdə güclü informasiya müharibəsi aparmağa ehtiyac var. Hiss edilir ki, Ermənistan müəyyən mənada təklənir. Rusiyada bizimkilər Ermənistana qarşı müəyyən iqtisadi addımlar atır, bu ölkədə yaşayan ermənilər belə Ermənistana qarşı mənfi fikirlər səsləndirirsə, bu göstərir ki, Ermənistan artıq Rusiyada əvvəlki mövqedə deyillər. Deməli, bu halda onlar məcburdurlar ki, diasporun imkanlarından istifadə etsinlər. Çünki bu sahədə güclüdürlər. Yəni onların diasporu təşkilatlanıb. Bizim diaspor əsasən əvvəlki illərdə ora gedənlər, elmi işçilər və özlərini dolandırmağa çalışan insanlardan ibarətdir. Amma ermənilər Amerikada və Avropada çox güclüdür. Onların xüsusi informasiya və siyasi kanalları, biznes strukturları var. Bu səbəbdən də qarşıdurmanı diaspor səviyyəsində mübarizəyə keçiriblər. Hesab edirəm ki, indi bizim xaricdəki diplomatik missiyalarımızın və diasporumuzun üzərinə ciddi vəzifələr düşür.
- Söhbət hansı vəzifə və məqsədlərdən gedir?
- Xarici ölkələrdə, ələlxüsus Avropa və Amerikada erməni diasporunun təxribatlarına uymamalıyıq. Fikrimcə, onlar soydaşlarımızı təxribata çəkirlər ki, birinci onları qorxutsunlar.
İkincisi, onların informasiya kanalları daha güclüdür. Onlar fotolar, videolar çəkirlər. Biz bilmirik ki, bu əyani “sübutlar”ı sonradan Konqresin üzvlərinə, siyasət adamlarına, fərqli ölkələrin elita nümayəndələrinə hansı formada təqdim edirlər. Bu səbəbdən də biz onların provakasiyalarına uymamalıyıq. Ələlxüsus, təşkil edilən tədbirlər və fərdlərin hərəkətləri səviyyəsində... Çalışmaq lazımdır ki, onların təxribatından qaçaq. Özləri təxribat törədib sonradan bunu bizim ayağımıza yazacaq, siyasi və informasiya kanallarını işə salacaqlar.
Qarşıdurmaya getmək bizə sərf etmir. Onlar diaspor üzvlərinin sayı və imkanları baxımından bizdən güclüdürlər. Bizim diasporun təşkil etdiyi aksiyaları ola bilsin ki, 2-3 jurnalist çəkir, amma onların aksiyasını böyük telekanallar yayımlayırlar. Yəni onlara şou lazımdır, bizə isə yox.
- Xaricdə erməni diasporunun addımları qarşısında hansı xətt seçməliyik, bununla bağlı təklifləriniz varmı?
- Birincisi, bilməliyik ki, bu tədbirlərin məqsədi nədir? Sözsüz ki, informasya blokadasını yarmalı və həqiqətləri təqdim etməliyik. Mitinq və tədbirlərimizi ona görə keçiririk ki, real həqiqətləri dünya ictimaiyyətinə çatdıraq, hər kəs bilsin ki, Azərbaycana qarşı Ermənistanın təcavüzü olub, var və davam edir. Yəni bu reallığı çatdırıb aqressorun pislənməsinə nail olmalıyıq. Əgər, məqsədimiz budursa, buna başqa yollarla da nail ola bilərik. Məsələn, dünyada informasiya yaymaq istəyən qəzetlər, televiziyalar var, habelə sifarişli məqalələr dərc oluna bilər. Məncə, biz zəhmət çəkib bu kanallara, qəzet səhifələrinə öz mütəxəssislərimizi çıxarmalıyıq. Habelə, həmin ölkələrdə yaşayan alman, ispan, fransız dilini bilən soydaşlarımızı həmin kanalların efirlərinə çıxarmağa çalışmalıyıq. Təbii ki, bunun ödənişini də etməliyik. Əslində, bu, böyük pullar da tələb etmir. Demək istəyirəm ki, 2-3 minlik erməninin qarşısına ABŞ-da 100-200 nəfər çıxmaq məncə, güclü strategiyaya deyil. Amma biz 2-3 nəfər intellektual azərbaycanlını eyni sayda erməni ilə debata çıxarsaq və öz mütəxəssisimizin ağlına inansaq, sözsüz ki, ermənini susduracaqlar. Həm də nəzərə alın ki, xaricdə belə məsələlərdə qarşı tərəfə də imkan yaradılır. Hətta bizim pulumuzla olsa belə, buna getmək lazımdır. Çünki bilirik ki, debata çıxaracağımız intellektual mütəxəssisimiz öz arqumentləri ilə qarşı tərəfi darmadağın edəcək.
Bir sözlə, soyuqqanlı, ağıllı, istənilən ölkədə həmin ölkənin qanunlarına sayğı göstərməklə bu işləri görmək olar. Mən təklif edirəm ki, mitinqlər keçirməkdənsə, bu varianta üstünlük verək. Sizə misallar çəkə bilərəm. Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyevin “Əl-Cəzirə” kanalında çıxışının görün nə qədər böyük effekti oldu. Lazım gəlsə, belə kanallara pul ödəyib vaxt almaq, polemikalar təşkil etmək və dünyaya bizim arqumentlərimizin güclü olduğunu nümayiş etdirmək lazımdır. Mən bu addımların daha effektiv olduğunu düşünürəm. Həm də ABŞ və Avropa cəbhə xətti deyil ki, ordumuz qarşı tərəfi susdursun. Bu xaricdir, orada ABŞ-ın, Fransanın qanunları işləyir. Ermənilər neçə illərdir ki, orada oturublar, bizim soydaşlarımız isə 10-15 ildir ki, oradadır və yenicə təşkilatlanırlar.
- İrəli sürdüyünüz təklifləri kim həyata keçirməlidir?
- Hesab edirəm ki, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən koordinasiya edilməlidir. Sözsüz ki, hər bir azərbaycanlı da imkanı daxilində bu işə dəstək göstərməlidir. Diaspor Komitəsinin buradan göstəriş verməsi və məsələn, Fransada soydaşlarımızın aksiya keçirməsi mümkündür, amma gəlin razılaşaq ki, bu, həm də primitiv metoddur. Komitə başqa cür yüzlərlə tədbirlər keçirə bilər. Məsələn, onlayn konfrans, virtual sərgilər təşkil edə bilər. O cümlədən, tədbirlərinə xarici ölkələrin məşhur şəxslərini cəlb edə bilər. Məqsəd aksiya təşkil edərək “Qarabağ Azərbaycandır!” şüarını səsləndirmək, dövlət bayrağımızı göstərməkdirsə, biz, burada yaxşı bir film yarada və dünyanın ən populyar kanallarında onu nümayiş etdirə bilərik. Bunun effekti daha yaxşı olar. Hər halda mən ümid edirəm ki, bu variantlardan da istifadə olunacaq.