24 İyul 2020 15:08
3 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstənilən azərbaycanlı ermənilərin həmyerlilərimizə qarşı güc tətbiq etmələrinə dair məlum kadrları görərkən həddindən artıq mənfi hisslər yaşayır. Ona görə ki, Tovuzdan başlayan bu hadisələr siyasi və hərbi təxribat, təcüvüz, həm də insanlığa qarşı cinayət, terror aktı idi. Los-Ancelesdə, Londonda və Brüsseldə baş verən erməni vəhşiliyi bu hadisələri məhz beynəlxalq terror səviyyəsinə qaldırdı. Eyni zamanda növbəti dəfə ermənilərin içi üzünü açıldı.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, bununla bağlı parlametlərarası əlaqələr qrupu öz etirazını müvafiq beynəlxalq təşkilatlara bildirir: "Eyni zamanda Xairic İşlər Nazirliyi, səfirliklər vasitəsilə də bu olaylarla bağlı etirazlar edilib. Artıq araşdırmalar başlayıb və bu araşdırmalar nəticəsində bir neçə erməni vandalı həbs olunub. Bu proseslər istiqamətdə işlərimizi aparmalıyıq".

Səməd Seyidov vurğulayıb ki, ermənilərin belə vandal hərəkətlərinin, terror aktlarının təşkil olunması ilə bağlı, onların iç üzünü açan sənədlər, fotoşəkillər beynəlxalq təşkilatlar və qurumlara təqdim edilməlidir.

Onun sözlərinə görə, insanlarımızın erməni vandalları tərəfindən hansı fiziki təsirlərə, xəsarətlərə məruz qaldığını nümayiş etdirməliyik:

“Bu istiqamətdə artıq işlər gedir, millət vəkilləri öz müraciətlərini, etirazlarını göndəriblər. Biz də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq həm ABŞ-a Los Anceles merinə, həm də Kaliforniya parlamentinə və digər rəsmi ünvanlara öz etirazımızı çatdırmışıq. Məktublar, izahatlar, etirazlar yazılıb. Tək Amerikaya deyil, eyni zamanda Avropa Parlamentinə, Böyük Britaniya və Belçika parlamentlərarası əlaqələr qrupuna da öz mövqeyimizi çatdırmışıq”.

Komitə sədri bildirib ki, bu proses davam etməlidir: "Ermənilər və onların ətrafına toplanmış cinayətkar diaspor nümayəndələri bu olayları məqsədli şəkildə həyata keçirirlər. Çünki bilirlər ki, uğursuz siyasətlərini söz müstəvisində həyata keçirilmək iqtidarında deyillər. Artıq onların bu yalan, riyakar siyasəti işə yaramır. Tarixən biz bilirik ki, sözdə siyasətləri reallaşmayanda onlar vandalizmə, terrora əl atırlar. Keçən əsrin əvvəlində də, Azərbaycan tarixində bu olayların şahidi olmuşuq. Misal olaraq Varujan Karapetyanın Avropa şəhərlərində həyata keçirdiyi terror aksiyalarında mülki vətəndaşları amasızcasına öldürməsi faktlarını göstərmək olar”.

Səməd Seyidov qeyd edib ki, hazırda ermənilərin apardığı siyasətin iflasa uğramasının konkret əyani faktlarla sübutunu görürük: “Artıq Avropa və ABŞ-da işğalçının kim, torpaqları işğal edənin hansı qüvvələr olduğu faktlar artıq rəsmi sənədlərlə üzə çıxmaqdadır. Ona görə də artıq ermənilər bərk təşvişə düşüblər, ciddi narahatlıq yaşamağa başlayıblar. Çünki erməni işğalı faktı, həm sənədlərdə bu öz əksini tapır, həm də artıq mövcud ab-hava dəyişib. Dünən Tovuzda qumbaralardan, toplardan hücuma başlayırlar , Azərbaycanın sərhəddini atəşə tutaraq provakasiyaya çəkməyə çalışırlar, eyni zamanda dünya ölkələrinin paytaxtlarında Azərbaycan səfirliklərinə, soydaşlarımıza qarşı güc tətbiq edirlər. Onların məqsədi odur ki, prosesi daha da gərginləşdirib hansısa divident əldə etsinlər”.


Müəllif: Tapdıq Qurbanlı