İyul ayının 24-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Birlik Partiyasının sədri Xudadat Xudiyev arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi, COVİD-19 pandemiyası, siyasi partiyaların fəaliyyəti, milli həmrəylik və digər məsələlər müzakirə olunub.
Qeyd olunub ki, Ermənistan 30 ilə yaxın təcavüz siyasəti aparır və Azərbaycanın 20% torpaqlarını işğal altında saxlayır. Cari ilin iyul ayının 12-də Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat isə onların işğal siyasətinin davamıdır.
Bu hadisələr fonunda 43 siyasi partiyanın birlikdə, 4 siyasi partiyanın isə ayrı-ayrılıqda Ermənistanın hərbi təxribatını pisləməsi, ölkəmizin ərazi bütövlüyü naminə Ali Baş Komandan ətrafında sıx birləşməsini bəyan etməsi çox müsbət addım idi.
Daha sonra dünyanı bürüyən COVİD-19 pandemiyası, ölkəmizin bu sahədə apardığı işlər, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bir sıra beynəlxalq təşkilatlarının videokonfrans vasitəsilə keçirilmiş zirvə görüşləri barəsində fikir mübadiləsi aparılıb.
X.Xudiyev ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşması istiqamətində görülən işləri müsbət qiymətləndirib. O, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini qətiyyətlə pisləyib və əlavə edib ki, bütün siyasi qüvvələr ümummilli məsələlərdə hər zaman bir yerdə olmalıdır.