Son günlər xaricdə yaşayan bir sıra soydaşlarımız Azərbaycan əleyhinə bəyanatlar səsləndirirlər. Artıq bu proseslər də göstərdi ki, həmin şəxslərin Azərbaycana münasibəti və yanaşması necədir. Onlar açıq şəkildə düşmənə dəstək verməklə öz mahiyyətlərini də ifşa etdilər. Çünki bu şəxslər bir mərkəzdən idarə olunan qruplaşmaların üzvləridirlər.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, bu cür insanların mövqeyi heç vaxt cəmiyyət tərəfindən qəbul edilməyib: "Onların anti-Azərbaycan mövqeyi və belə bir həssas dönəmdə ermənilərin tərəfindən çıxış etmələri sözsüz ki, cəmiyyətimizdə birmənalı olaraq narazılıq yaratdı".
Deputat bildirib ki, cəmiyyətimiz artıq bu şəxslərə müxtəlif platformalardan öz etirazlarını açıq şəkildə ifadə edir:
“Müəyyən məsələlərdə və proseslərdə müxaliflik etmək, əks fikir söyləmək məqbul hesab edilə bilər. Amma ümummilli məsələlərdə cəmiyyətin hər bir kəsimi vahid mövqe nümayiş etdirməlidir. Dünya ölkələrində, bütün sivil cəmiyyətlərdə bu hal yaşanır. Amma xaricdə oturub müxaliflik adı ilə birbaşa düşmənçilik etmək qəbul edilən anlayış deyil. Çünki müxaliflik öz dövlətinə qarşı aqressiya, kin-küdurət yaratmamalıdır”.
Millət vəkili hesab edir ki, ermənilərin aqressiyasına qarşı ümumi bir mövqedən çıxış etməyimiz çox vacibdir:
“Çünki indi düşmən dünyanın hər yerində azərbaycanlılara qarşı aqressiya ilə yanaşır. Doğrudur, soydaşlarımız bu cür aqressiyaya qarşı öz iradələrini ortaya qoyurlar. Onu da əlavə edim ki, düşmənin bu cür davranışları ilk hal deyil. Onlar vahid bir idarəetmə mərkəzindən təlimatlar alaraq bizlərə qarşı təbliğat aparmaqla, aqressiya nümayiş etdirməklə öz məqsədlərinə nail olmaq istəyindədirlər”.
Ceyhun Məmmədovun sözlərinə görə, bu gün siyasi baxışlarından asılı olmayaraq hər kəs dövlətin və milli maraqların müdafiəsi naminə vahid mövqedən çıxış etməlidir.
O qeyd edib ki, indiki halda ölkəmizə qarşı çıxış edənlər də bu əməllərinə görə ciddi düşünməlidirlər.
Millət vəkili əlavə edib ki, cəmiyyətin mütləq əksəriyyətinin bu cür məsələlərdə düşmən mənafeyinə xidmət edən şəxslərə təpkisi daha da sərt olmalıdır.