Rusiya ilə Ukrayna arasında Donbas böhranı mürəkkəb məsələ olaraq qalmaqdadır. Çünki Donetsk və Luqanskda separatçılıq meyillərinin Rusiya tərəfindən qızışdırıldığı heç kimə sirr deyil. Rusiyanın hərbi yardımı hesabına sonradan separatçılar yerlərdə qondarma respublikalar yaratdılar. Bu proseslər daha sonra Avropa İttifaqının nəzarəti altında danışıqlar məcrasına doğru getdi.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Ukrayna və Rusiya prezidentləri – Vladimir Zelenski və Vladimir Putin arasında iyulun 26-da baş tutan telefon danışığını şərh edən politoloq bildirib ki, keçmiş prezident Petro Poroşenkonun vaxında Fransanın, Almaniyanın, Rusiyanın və Ukraynanın daxil olduğu “Normand dördlüyü” deyilən format yaradılmışdı:
“Həmin format əvvəla bölgədə atəşkəs elan edilməsinə nail oldu. Bu atəşkəsə Putin də razı oldu. Çünki Putin də qarşısına qoyduğu məqsədlərə, hədəflərə nail olmuşdu. Belə ki, bölgədə artıq qondarma respublika elan edilmişdi. Onun hərbi strukturları formalaşmışdı. Ukrayna qanunları həmin ərazilərdə fəaliyyət göstərmirdi. Ukraynalıların yavaş-yavaş həmin ərazilərdən çıxarılması prosesinin həyata keçirilməsinə başlanmışdı. Bir sözlə, işğala bənzər, faktiki olaraq işğal prosesi altında Krımdan sonra Ukraynanın bu ərazilərində də ilhaq rejimi həyata keçirildi və bölgə Rusiyanın nəzarəti altına düşdü. Amma Qərb Rusiyaya çox böyük təpki göstərdi, çox böyük etiraz etdi və Rusiya başda ABŞ olmaqla Qərbin qorxusundan Donbası Abxaziya, Cənubi Osetiya kimi “müstəqil respublika” elan edə bilmədi. Sonradan Minskdə “Normand dördlüyü”nün görüşü keçirildi və o zaman Rusiya tərəfi bu ərazilərə, yəni, Donetsk, Luqansk “respublikaları”na Ukrayna daxilində muxtariyyət verilməsi ideyasını irəli sürdü. Fransa və Almaniya da bu ideyanı müdafiə etdi. Amma Poroşenko bunu qəbul etmədi və məsələlər həll müstəvisinə keçə bilmədi”.
Müsahibimiz qeyd edib ki, indi isə V. Zelenskinin nümayəndələrinin Putinin müəyyən çevrələri ilə qeyri-rəsmi danışıqlarından sonra rəsmi Kiyev “Normand prosesi”nin davam etdirilməsinə tərəfdar çıxdı və Putinlə məlum telefon danışığı baş tutdu:
“Həmin telefon danışığı zamanı bir çox məsələlər müzakirə edilib. Amma tam olaraq hansı qərarlar qəbul edildiyi elan edilməyib. Zənnimcə, Zelenski Donetskə Ukrayna daxilində muxtar respublika statusu verilməsinə razı ola, Rusiya da güzəşti qəbul edə bilər. Beləliklə, Ukraynanın federallaşması məsələsi gündəmə gələ bilər. Yəni, Ukrayna hakimiyyəti iqtisadi islahatlar həyata keçirib ölkə iqtisadiyyatını canlandıra bilməsə, ölkədə korrupsiya, rüşvətxorluq və digər neqativ halları yığışdırmağı bacarmasa bu vilayətlərin, yəni Donetsk və Luqanskın nümunəsi Odessa, qərbdəki Zakarpatye bölgəsini də bürüyə, üstəlik, ölkənin bütövlüyünə xələl gətirən müəyyən separatçı hərəkətlərə can verə bilər. Amma mən bunun baş tutacağına tam əmin deyiləm. Separatçılara muxtar respublika statusu verilərsə, bu, kompromis qərar ola bilər. Bunun həmişəlik belə olacağını təxmin etmirəm. Ukrayna ayağa qalxandan, ayaq üstdə dayanan möhkəm respublikaya çevriləndən sonra əlbəttə, digər proseslərə, o cümlədən Krım prosesinə yenidən qayıtmaq mümkün ola bilər. Amma indiki halda Ukraynanın kompromisə getməkdən başqa çıxış yolu yoxdur. Yəqin ki, Zelenski-Putin danışığında da bu kompromis variant razılaşdırılıb və onun bundan sonra həyata keçirilməsi prosesi başlayacaq. Bu da ölkədə referendum və digər qanunvericilik aktlarının dəyişdirilməsi prosesinə start verə bilər”.
Qeyd edək ki, iyulun 26-da Vladimir Zelenski və Vladimir Putin arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Donbas məsələsi də müzakirə obyekti olub.