Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı və təhlükəsizlik siyasətinin inkişafı ilə bağlı geniş spektrli məsələlər, eləcə də Cənubi Qafqazdakı vəziyyət, bu xüsusda Ermənistan-Azərbaycan sərhədində son günlər yaşanan gərginlik müzakirə olunub.
Vasili Bodnar Elmira Axundovaya Ukraynadakı Azərbaycan icmasına təmkinli və tarazlı olmaqla bağlı müraciətinə görə təşəkkürünü çatdırıb. Nazir müavini əlavə edib ki, bu gün Ukraynada xalqlararası sülhü qorumaq üçün hər cür səy göstərmək vacibdir.
Tərəflər hər iki ölkənin təhlükəsizliyinə təhdid yaradan dezinformasiya kampaniyalarına qarşı mübarizə barədə ortaq fikir səsləndiriblər.
Diplomatlar, həmçinin, qarşılıqlı siyasi əlaqələri dərinləşdirmək və ticari-iqtisadi sahədə layihələr həyata keçirmək üçün əməli addımları müzakirə ediblər.
Görüş zamanı Azərbaycan Respublikasının sədrlik etdiyi GUAM çərçivəsində qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə də fikir mübadiləsi aparılıb.