29 İyul 2020 23:22
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin 11 minlik hərbi heyətinin ölkəmizə gəlməsi və burada hərbi təlimdə iştirak etməsi çox önəmlidir, böyük geopolitik dəyişikliyin bir parçasıdır. Bu təlimləri bir tək Rusiya-Ermənistan hərbi təliminə cavab olduğunu düşünmək yetmir. Əlbəttə, zamanlama çox uyğundur. Bunun də üzərinə Tovuzda olmuş son döyüşləri gəlsək, Türkiyənin və Azərbaycanın davranışı reaktiv görünə bilər. Bununla belə, bütün bu işlərin arxasında daha böyük geopolitik planlar dayanır. Bu planları düzüb-qoşan biz olmasaq da, orada bizim də maraqlarımız və iştirakımız vardır".

Teleqraf.com xəbər verir ki, bu fikirlər millət vəkili Erkin Qədirliyə məxsusdur.

Onun sözlərinə görə, təlimlərin coğrafiyası maraqlıdır - Naxçıvan, Gəncə, Yevlax, Kürdəmir: " Ermənistanı cənubdan və şimaldan vura biləcəyimizi (Naxçıvan və Gəncə təlimləri), sonra da Qarabağa hücum edə biləcəyimizi (Yevlax və Kürdəmir təlimləri) göstərir. Bir neçə gün öncə yazmışdım ki, beynəlxalq hüquq bizə Ermənistana hücum etməyi qadağan etmir, çünki BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hücuma məruz qalmış dövlət öz müdafiəsini yalnız öz ərazisində qurmağa borclu deyildir. Ordumuz Ermənistan ordusu ilə təkbətək qalarsa, belə bir hərbi əməliyyatların uğurla apara bilməsinə inanıram. Qalır Rusiya. Ermənistana hücum etməyimizin qarşısını beynəlxalq hüququn deyil, Rusiyanın kəsdiyini də yazmışdım. Gəlin indi də Türkiyənin böyük bir həbi güclə ölkəmizə gəlməsinin kontekstinə baxaq.

Xatırlayırsınızsa, ABŞ-ın "intermarium" (dənizlərarası) adlanan strategiyası haqqında ötən il yazmışdım. Amerikanlar bu strategiyanın müəllifləri olmasalar da (ingilislərindir), onlardan başqa onu gerçəkləşdirə biləcək güc yoxdur. Adından göründüyü kimi, bu strategiya bir neçə dənizin arasında böyük bir təhlükəsizlik sahəsini yaratmağı hədəfləyir. Coğrafi olaraq iki sahədən ibarətdir. Onlardan biri, Baltik və Qara dənizləri arasında, eləcə də Qara və Xəzər dənizləri arasında olan yerləri əhatə edir, digəri də Qara, Aralıq, Qırmızı dənizlərindən keçərək Fars Körfəzinə gəlir, oradan da yenidən Xəzər dənizinə qayıdır. İndi bu dənizlərin arasında olan ölkələri düşünün (xəritəyə baxın). Bu strategiyanın hər iki hissəsində biz də varıq. Baltik və Qara dənizləri arasında təhlükəsizlik sahəsini yaratmağa ABŞ, demək olar ki, bacara bilib. Orada yalnız Macarıstan və Belarus qalıb ki, ABŞ-la hələ anlaşa bilməyiblər. Amma bu, sadəcə zaman məsələsidir. Rusiyadan Belarusa artan təhlükələr ikincini ABŞ-la anlaşmağa məcbur edəcək. Qara və Xəzər dənizləri arasında olan yerdə Gürcüstan və Azərbaycan, o cümlədən Türkiyənin yardımı ilə, ABŞ-ın strategiyasında yer almağa hazırdırlar. Qalır Ermənistan".

E.Qədirli bildirib ki, Azərbaycanın burada öz maraqları, öz davası var: "Biz torpaqlarımızı qaytarmalıyıq. Ermənistanla təkbətək savaşmaq hələ alınmır. Amma burada bizim maraqlarımıza uyğun Türkiyənin və ABŞ-ın maraqları da var. Avropa Birliyi də qoşuldu və onun qoşulması bizim yararımızadır (məsələn, Dağlıq Qarabağla bağlı son bəyanatları). Unutmayaq ki, bu bölgədə strateji önəmi olan göllər və bu göllərin arasında Zəngəzur dəhlizi vardır. Söhbət Van, Göyçə və Urmiyə göllərindən gedir (interlacus). Zəngəzur, onun haqqında düşündüyümüzdən daha böyük bir yerdir. Onun bir hissəsi bizdə (Naxçıvan və işğal olunmuş torpaqlarımızın bir neçəsi), başqa bir hissəsi Türkiyədə (Ağrıdağ tərəf), daha bir hissəsi İranda, bir hissəsi də Ermənistanda (Rusiyanın əlində). Gördüyünüz kimi, Zəngəzura heç kim tam nəzarət etmir. Ruslar vaxtılə Ermənistanı yaratdılar, bizdən torpaq alıb oraya qatdılar, bizimlə Türkiyə arasında quru yolunu kəsdilər. Rusların gücü buraya qədər yetdi, indi o güc getdikcə azalır. Dava isə həmin davadır - Zəngəzur uğrundadır. Qarabağ savaşı Zəngəzur uğrunda geopolitik qarşıdurmanın yalnız bir parçasıdır. Odur ki, hər şey hələ qabaqdadır. Ağıllı davransaq (ciddi yanlışa yol verməsək), biz bu oyunda uda bilərik. Hələ buraya Xəzər dənizinin o biri yanını (Orta Asiyanı) gəlsək, ABŞ-ın, AB-nin və Türkiyənin maraqlarının bizim maraqlarla üst-üstə düşdüyünü görə bilərik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər