31 İyul 18:29
420

Ölkə başçısının regionlara olan hər bir səfəri kimi bu səfəri də uğurlu oldu. Balakəndə bir sıra obyektlərin açılışında iştirak etdi. O bölgədən seçilmiş deputat olaraq, cənab Prezidentə genişmiqyaslı layihələrə görə təşəkkürümü çatdırıram.

Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev belə deyib.

Onun sözlərinə görə, "ASAN” xidmətin regional mərkəzinin açılışında könüllülərlə görüşdə dövlət başçısı Tovuz istiqamətində baş vermiş erməni təxribatı və ondan sonra yaranmış vəziyyətlə bağlı məsələlərə aydınlıq gətirərək bir sıra vacib məsəllərə toxunub:

"Cənab prezidentin də vurğuladığı kimi 2018-ci ildə Ermənistanda siyasi hakimiyyətinə küçə mitinqləri nəticəsində “Soros” fondunun dəstəyi ilə Nikol Paşinyanın gətirilməsi işğalçı ölkədə daha böyük təlatümlərə yol açdı. İşğalçı ölkənin baş naziri heç bir dövlətçilik və idarəetmə təcrübəsi olmayan yeni komanda ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək üçün Qərbyönümlü siyasət yürütməyə başladı".

Deputat bildirib ki, Paşinyanın bu davranışları ənənəvi strateji müttəfiqi və bir çox sahələr üzrə iqtisadi, hərbi rıçaqları əlində cəmləşdirmiş Rusiyanın xoşuna gəlmədi:

“Başqa bir yandan, hakimiyyətə gəldikdən sonra bütün davranışları və sistemsiz bəyanatları ilə təsadüfi adam təəssüratı bağışlayan Paşinyan Qərb ölkələrindən də ciddi dəstək ala bilmədi. Sərhəddə baş vermiş təxribatlardan sonra Paşinyan Azərbaycan ordusunun gücünü gördü və qorxudan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yalvarmağa başladı ki, bizi müdafiə edin. Təşkilatın nizamnaməsinə görə, iclas təyin olundu və dərhal da ləğv edildi. Çünki orada təmsil olunan 6 dövlətdən 4-ü Azərbaycanı dəstəklədi.

Qoşulmama Hərəkatına daxil olan ölkələr, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, ABŞ Konqresi, Britaniya Parlamenti ölkəmizə açıq dəstək verdi. Təbii ki, belə bir şəraitdə ermənilər əlverişsiz duruma düşdülər. Çünki bütün dünya Ermənistanın işğalçı dövlət olduğunu yaxşı bilir”.

Nəsib Məhəməliyevin fikrincə, ermənilər sərhəddəki məğlubiyyətlərinin əvəzini xarici ölkələrdə təxribatlara əl atmaqla çıxmağa çalışdılar. Amma orada da soydaşlarımız tərəfindən layiqli cavablarını aldılar.

Millət vəkili əlavə edib ki, heç bir əsas olmadan Azərbaycana 7 şərt irəli sürən düşmən tərəfinə cənab Prezident tutarlı cavab verdi: “Əgər Ermənistanın bir balaca ağlı yerində olsaydı, uzun illərdən bəri bütün beynəlxalq və regional layihələrdən təcrid olunmaz, iqtisadi inkişafını təmin edərdi. İrəli sürdükləri 7 şərtin əvəzinə Azərbaycan cəmi 1 şərt irəli sürür. Ermənistan ordusunu işğal olunmuş ərazilərdən çəkilsin. Əks halda, güclü Azərbaycan Ordusu öz sözünü deyəcək. Buna heç kimin şübhəsi olmasın”.


Müəllif: Tapdıq Qurbanlı