Kosova ilə bağlı Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır. Çünki biz ölkələrin ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən bir dövlətik. Bu da beynəlxalq hüququn tələblərinin ən alisidir. Azərbaycan Kosovanın müstəqilliyini tanımadı və öz hərbçilərini birincilər sırasında oradan çıxardı. Serbiya dövləti ilə münasibətlərimiz yüksək səviyyədədir. Məhz bu səbəbdən də onlar tərəfindən hərbi vasitələrin düşmən Ermənistana satılması təbii olaraq haqlı narazılığa səbəb olub.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlər arası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov bildirib.
Millət vəkili Azərbaycanın Serbiyaya həm iqtisadi, həm də siyasi nöqteyi nəzərdən dəstək verdiyini söyləyib:
“Bunu serblər çox gözəl bilir. Amma bu münasibətlərə xələl gətirən hadisələr sözsüz ki, qəbul olunmur. Bununla bağlı artıq dövlətimizin rəsmi etirazı var. Serbiyanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq bu olayla bağlı qəti etiraz bildirilib”.
Deputat hətta bu cür hallar qanunauyğun olsa belə, hər bir ölkənin prosesləri analiz edərək qərar verməsinin vacibliyini bildirib.
Komitə sədri vurğulayıb ki, işğalçıya, beynəlxalq hüququ pozan dövlətə və bəşəriyyətin qəbul etdiyi davranış normalarını pozan hakimiyyətə hər hansı bir silah satışı düzgün addım deyil:
“Serbiyanın işğalçı Ermənistana satdığı həmin silahlar Azərbaycan vətəndaşları olan mülki şəxslərə qarşı yönəldildi. Ona görə də bizim bu məsələ ilə bağlı münasibətimiz açıq və dürüstdür”.
Səməd Seyidov Serbiya dövlətinin bununla bağlı nəticə çıxararaq öz gələcək münasibətlərində bu məqamı mütləq nəzərə alacağının vacibliyini də dilə gətirib.
Parlamentin üzvü son hadisələrin Azərbaycanın gücü və potensialının tək daxili inkişafla bağlı olmadığını da diqqətə çatdırıb.
O qeyd edib ki, beynəlxalq səviyyədə Azərbaycanın mövqeləri daha da güclənib və bu proses uğurla davam edir: “İlk növbədə bu regionda maraqları olan və bizə dost dövlətlər Azərbaycanın haqlı mövqeyinə birmənalı dəstək verdilər. Əksinə olaraq, Ermənistanın destruktiv və provakasiyalarına heç bir dünya dövləti dəstək olmadı. Bu gün dünyada baş vermiş hadisələr göstərdi ki, artıq meydan ermənilərdən ibarət deyil. Bu meydanda güclü, formalaşmış və təşkil olunmuş Azərbaycanın mövqeyi də var. Ermənilərin diaspor mifi isə güclü Azərbaycan diasporu qarşısında heçə endi”.
Səməd Seyidov əlavə edib ki, son günlər Dağlıq Qarabağla mövzu yenidən aktuallaşıb: “Paşinyanın Dağlıq Qarabağı gündəmdən çıxarmaq niyyəti tamamilə alt-üst olub. Proseslər əksinə Azərbaycanın mövqelərinə uyğun olaraq danışıqların müzakirələr predmetinə çevrilib”.