Adam var ki, doğum tarixinə baxsan gəncdir, enerjisi aşıb daşmalıdır, amma həyat tərzinə, işinə baxanda görürsən ki, qocalıb, yaşamaq eşqi tükənib. Adam da var ki, 70-80 yaşlarında da iş görmək həvəsi aşıb-daşır, düşünür, ideyalar verir, quruculuqdan yorulmur, ölümdən qorxmadan ruhunu gələcəyə kökləyir...
Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq şairi, deputat Sabir Rüstəmxanlı bu gün vəfat edən Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovla bağlı xatirələrini bölüşərkən deyib.
S.Rüstəmxanlı qeyd edib ki, bu gün vəfatı haqqında acı xəbəri eşitdiyi dəyərli həmkarı Fəttah Heydərovu tanıdığı bütün illər ərzində belə yaşamaq həvəsi ilə dolu, bütün hadisələrə gənclik eşqi ilə yanaşan, düşüncələrindəki işığı, aydınlığı heç vaxt itirməyən, münaqişələrdən az itkiylə çıxmaq üçün yollar axtaran bir insan kimi görüb:
“Milli Məclisin deputatı olduğu ahıllıq illərində gənclik şuxluğunu saxladığı kimi, mühüm vəzifələrdə çalışıb, həmişə el-obanın xidmətində olduğundan xalq arasında hörmət qazandığı gənclik illərində də öz ağlı və müdrikliyi ilə ağsaqqal mərtəbəsində dayanmışdı. Milli Məclisdə bir çox gənc həmkarlardan fərqli olaraq o, yaşlı vaxtlarında da kitabdan ayrılmamışdı, ədəbiyyatımızı, mədəniyyətimizi dərindən bilirdi və bu sahədə çalışan insanlara dərin sayqısı vardı”.
Xalq şairi xatırladıb ki, Fəttah Heydərov bir müddət Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri vəzifəsini daşıyıb:
“Ömrünün sonuna qədər də mədəniyyətimizin, ədəbiyyatımızın təəssübkeşi və təbliğçisi oldu. Etibarlı adam idi, salam-kəlamın, kəsilən çörəyin qədir-qiymətini yaxşı bilirdi. Təmkinini itirməzdi, ictimai həyatımızın ən dramatik anlarında da hadisələrə səbrlə yanaşırdı. Mənim çılğın, əsəbi anlarımda qolumdan tutub sakitcə, “darıxma, hər şey yoluna düşəcək, Allahın verdiyi o qələmin qədrini bil, bütün cavablar ondadır”- deyirdi. Könlütox insan idi. İmkanları nə qədər artsa da, qürrələndiyini, özünü başqalarından yuxarı tutduğunu görmədim. Xeyirxahlıq, yardımsevərlik onun xarakteri idi. İmkanı daxilində ümid qırmaz, ona uzanan əli kəsməz və boş qaytarmazdı. Bir sözlə, əsl ağsaqqal idi. Elə buna görə də Respublika Ağsaqqal Şurasının sədri seçilmişdi və bu vəzifəni ləyaqətlə daşıyırdı. Milli Məclisin yeni tərkibi işə başlayandan sonra bir neçə dəfə görüşmüşdük. Yerişi bir az ağırlaşsa da, üzündə xəstəlik əlaməti görünmürdü .
Gənclərin itkisi ağır olduğu kimi ağsaqqalların da itkisi ağırdır. Çünki yerləri dolmur. Fəttah Heydərov imanlı kişi idi. Yeri cənnət olsun! Onu sevənlərə, Milli Məclisə və Heydərovlar ailəsinə dərin hüznlə başsağlığı verirəm”.