“Bu gün general Polad Həşimovun adına küçə verilir, bundan bir çox qüvvələr siyasi məqsədlər üçün istifadə edirlər”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
O hesab edir ki, bu məsələdən siyasi məqsədlər üçün istifadə edənlərə cinayət işi açılmalıdır: “Bir çoxları general Polad Həşimovdan istifadə edərək güya onun adının general Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı yanlış xəbər yayırdı. Bu yanlışlıq həmin şəxslərə qarşı cinayət işi açmağa əsas verir”.
Bəhruz Məhərrəmov təhsil kreditlərinə, su problemlərinə və Azərbaycana qarşı xaricdən başladılan kampaniyaya da münasibət bildirib: “Pandemiya şübhəsiz ki, təhsilə də təsirsiz ötüşmədi. Hesab edirəm ki, təhsil kreditlərinin subsiyadalaşmasına ehtiyac var. Pandemiya aradan qalxsa belə, bu istiqamətdə geriyə addım atmaq mümkün deyil.
Ölkədə su probleminə yenidən baxış olmalıdır. Sözüsüz ki, Azərbaycanın karantin rejimi ilə bağlı atdığı addımlar dəstəklənməlidir. Bəzi xarici ölkələrdə, Qərbdə Azərbaycanda tətbiq olunan karantin rejimindən siyasi məqsədlər üçün istifadə edirlər. Çox təəssüf ki, bu prosesə bir zamanlar Azərbaycan tərəfindən dövlətin imtiyazları ilə əhatə olunmuş tanınmış şəxslər də qoşulur. Bu, dövlətə xəyanətdir”.