Parlamentdə gedən müzakirələrdə insanları narahat edən məsələlər, onların əsas sosial qayğıları geniş müzakirə edildi. Büdcə müzakirələri zamanı əsasən insanların sosial problemlərinə xüsusi yer verildi. Cənab Prezident belə bir şəraitdə insanlarımızın sosial rifahını, təminatını düşünərək daha effektiv və zəruri addımların atılmasını təmin edir. Pandemiya dövrünün çətinliklərinə, neft gəlirlərinin qiymətinin aşağı düşməsinə baxmayaraq heç bir sosial layihə təxirə salınmayıb.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
O qeyd edib ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan faktoru dayanır və onların bütün qayğıları dövlətin prioritetindədir.
Millət vəkili belə bir şəraitdə ölkəmizdə heç bir sosial layihənin icrasının dayandırılmadığını, əksinə yeni sosial proqramların icrasına başlanıldığını söyləyib:
“Cənab Prezident tərəfindən atılan addımlar, verilən önəmli qərarlar göstərdi ki, dövlət hər zaman vətəndaşın yanındadır. Məhz dövlət başçısının birbaşa tapşırığı ilə yenidən 190 manat birdəfəlik yardımın verilməsi və digər zəruri sosial proqramların icrası bunun bariz nümunəsidir. Eyni zamanda sahibkarlara yardım edildi, 250 manat civarında hər bir sahibkarlıq subyekti üçün dəstək göstərildi. Son büdcə müzakirələrində sosial məsələlərin daha öndə olması pandemiya şəraitində insanlarımıza dövlət dəstəyinin açıq nümunəsi hesab olunur”.
Depuat aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqları, səhiyyə, su təchiatı ilə bağlı məsələlərin diqqətdən kənarda qalmadığını vurğulayıb.
Parlament üzvü insanların sağlamlığının qorunmasının milli təhlükəsizliyimizin tərkib hissəsi kimi qəbul edildiyini də diqqətə çatdırıb.
Ceyhun Məmmədov ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin sosial yönümlü olduğunu və əsas hədəflərin insanların daha təminatlı yaşayışına nail olmaqdan ibarət olduğunu söyləyib.