7 Avqust 2020 14:32
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonunda törətdiyi təxribatla bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin beynəlxalq mediada yazıları davam edir.

Teleqraf.com xəbər verir ki, mərkəz rəhbərliyinin 3 müxtəlif nəşrdə bu mövzu ilə bağlı məqalələri dərc olunub.

Vyanada yerləşən Sülh üçün Beynəlxalq İnstitutun (İPP) saytında BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin və mərkəzin baş məsləhətçisi Vasif Hüseynovun birgə müəllifi olduğu “Ermənistan-Azərbaycan münaqişəsi daha təhlükəli və qeyri-stabil dövrə qədəm qoyub” adlı məqalə dərc edilib. Məqalə daha öncə həmin saytda erməni tədqiqatçısının yazdığı məqaləyə cavab olaraq verilib. Həmin məqalədə Azərbaycanın Ermənistanda yerləşən “Metsamor” atom elektrik stansiyasını vurmaq niyyətində olduğuna və Tovuz hadisələrini Azərbaycanın başlatdığına dair ittihamlar səsləndirilir.

Buna dərhal reaksiya verən BMTM ekspertləri göndərdikləri məqalədə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və sülh danışıqlarının qısa tarixi, BMT qətnamələri də daxil olmaqla beynəlxalq hüququn tələbləri, Tovuz hadisələrində ölkəmizin üzləşdiyi təhdidlər barədə qeyd ediblər. BMTM ekspertləri vurğulayıb ki, 2018-ci ildən etibarən münaqişənin həlli istiqamətində başlayan müsbət dinamika Ermənistan baş naziri Nikol Paşinyanın ardıcıl təxribatçı addımlarından sonra dayanıb və bugünki təhlükəli səviyyəyə çatıb.
Bununla yanaşı BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın ABŞ-da Corctaun Beynəlxalq Əlaqələr Jurnalında “Ermənistan-Azərbaycan kontekstində bərpaedici ədalət” adlı məqaləsi dərc olunub.

Məqalədə münaqişə tərəfləri arasında düşmənçiliyi sakitləşdirmək üçün mümkün tədbirlər nəzərdən keçirilir və bərpaedici ədalətin vacib faktor olduğu vurğulanır. Bildirilir ki, bərpaedici ədalət Ermənistan siyasətinin əsas elementi olmalıdır və Ermənistanın Azərbaycana qarşı bütün hüquq pozuntularını qəbul etməsi və ədalətli və sülh yolu ilə həll istiqamətində həqiqətən işləmək istəyi bərpaedici ədalət üçün əsas rolu oynaya bilər. Qeyd edilir ki, Azərbaycan torpaqlarının işğal faktı bərpaedici ədalət üçün perspektivləri təhlükə altına alır: “Bu baxımdan Ermənistan ədalətli və uzunmüddətli sülhün əldə olunması üçün Azərbaycanla konstruktiv danışıqlara daxil olmalıdır. Bu, həm də regional stabillik və əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edər”.

BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayevanın “The London Post” internet saytında “Dərketmə uğrunda mübarizə: çevrilmiş gerçəklik” adlı məqaləsi dərc edilib.

Məqalədə milli və etnik azlıqlar probleminə diqqət yetirilərək, qeyd edilir ki, adətən tarix boyu belə qruplar müxtəlif irredentist və ya separatçı hərəkatlar tərəfindən səfərbər edilir və bəzən qohum dövlətlər (milli azlıqları qonşu dövlətlərin tərkibində yaşayan dövlətlər nəzərdə tutulur) də bu azlıqlara yaxından dəstək göstərir. Müəllif Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) yaşayan erməniləri belə milli və etnik azlıqlara misal olaraq göstərir.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri və həll edilməsi ilə bağlı mövcud maneələr araşdırılır və bu kontekstdə Ermənistan dövlətinin və eləcə də erməni diasporunun münaqişənin mahiyyətini təhrif etmək istiqamətində apardıqları fəaliyyəti təhlil edilir. Qeyd edilir ki, münaqişənin həlli istiqamətində tərəqqi əldə edilməsi üçün ilk olaraq beynəlxalq ictimaiyyət Ermənistanın “cəzasızlıq sindromuna” son qoymalı, vahid və razılaşdırılmış tədbirlər həyata keçirməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin erməni işğalından azad edilməsinə nail olmalı və tarixi Qarabağ bölgəsindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtması üçün müvafiq tədbirlər həyata keçirməlidir.


Müəllif: Səxavət

Oxşar xəbərlər