10 Avqust 2020 12:18
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 10-15 ilə yaxın dövr ərzində Azərbaycanın ali-baş maliyyə sənədi, ölkənin inkişafının, iqtisadi qüdrətinin göstəricisi olan dövlət büdcəsi məhz sosialyönümlülüyü ilə fərqlənib. 2008-ci ildə başlayan və hələ də davam edən maliyyə-iqtisadi böhranından, 2014-cü ilin sonları-2015-ci ilin əvvəllərində dünya bazarında neftin qiymətinin kəskin dərəcədə aşağı düşməsindən sonra da ölkəmiz iqtisadi dayaqları üzərində dayana bildi. Eyni zamanda 2015-ci ilin üzücü 21 fevral və 21 dekabr devalvasiyalarından üzüağ çıxdı. Hazırda dünyanı bürüyən koronavirus pandemiyasından da dövlətimizin uğurla, az itki ilə çıxacağı şübhəsizdir. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, büdcəmiz sosialyönümlülüyünü saxlamaqdadır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.

Deputat vurğulayıb ki, son 6 ərzində ölkə əhalisinin təxminən yarısının - 5 milyon insanın sosial paketlə əhatə olunması, pandemiyanın ağır fəsadlarından qorunması bunun əyani təsdiqidir:

“Milli Məclisdə bir neçə gün öncə keçirilən növbədənkənar sessiyanın 3 günlük iclası da dövlətimizin, hökumətimizin, ən əsası cənab Prezident İlham Əliyevin sosial məsələyə nə dərəcə həssas yanaşdığının, böyük önəm və əhəmiyyət yetirdiyinin növbəti təcəssümü oldu. İqtisadi fəallığın azalmasına baxmayaraq, dövlət başçısı əhalinin, sahibkarların dəstəklə əhatə olunması üçün hökumətə 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi tapşırığını verdi və qısa zamanda hökumət dəyişikliklər layihəsi hazırlayıb Milli Məclisə təqdim etdi. Dövlət büdcəsinə dəyişikliklər edilməsi, dürüstləşdirmə aparılması ilə ölkədə həyata keçirilən dəstək proqramlarının davamlılığının təmin edilməsi, gerçəkləşdirilməsi üçün 600 milyon manat vəsaitin ayrılması nəzərdə tutuldu. Heç təsadüfi deyil ki, MM-dəki müzakirələrin ikinci günündə, avqustun 6-da ölkə Prezidentinin sədrliyi ilə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirildi və bir daha sosial dəstək məsələsi önə çəkildi, qabardıldı. Cənab Prezident bildirdi ki, biz. elə bir möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq və neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazım olan infrastruktur layihələrini icra edəcək. Eyni zamanda ölkənin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaq. Dürüstləşmə ilə əlaqədar, əlbəttə ki, ilk növbədə, sosial və digər layihələr nəzərdə tutulur".

Millət vəkili ölkə Prezidenti növbəti dəfə birmənalı və qətiyyətli şəkildə nə olur-olsun, sosial layihələrin, dəstək proqramlarının icrası dayandırılmayacaq deməsi ilə insanların sağlamlığına, sosial vəziyyətinin təminatına dövlətin verdiyi önəmi diqqətə çatdırıb:

“Nazirlər Kabinetinə 190 manatlıq ödəmənin avqust ayında da verilməsininin tapşırılması da dövlətin belə bir həssas dönəmdə insanlara olan qayğısının təzühürüdür. Müşavirənin səhəri gün Nazirlər Kabineti həmin tapşırığa uyğun şəkildə sərt xüsusi karantin rejimi tətbiq edilən rayon və şəhərlərin həssas təbəqədən olan insanlarına avqust ayında da 190 manatlıq ödəmənin verilməsini qərarlaşdırdı. Bütün bunlar nəticə etibarı ilə onun sübutu oldu və onu göstərdi ki, ən ağır, ən çətin situasiyalarda belə Azərbaycan dövlətini, ölkə rəhbərini ilk düşündürən onun vətəndaşı, insanıdır. Azərbaycan insanı, Azərbaycan vətəndaşı dövlət üçün bütün məsələlərin fövqündə dayanır. Azərbaycan dövləti, ölkə rəhbəri hər zaman öz vətəndaşının yanındadır və hər zaman da belə olacaq. Bu sarsılmazlığı heç nə, heç bir virus, heç bir böhran, heç bir güc əngəlləyə bilməyəcək. Bu vəhdətlik bu minvalla bundan sonra da davam edəcək və ölkəmizi növbəti qələbələrinə, zəfərlərinə çatdıracaq, qovuşduracaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər