Ermənistanın Tovuz təxribatına Azərbaycanın sərt və qətiyyətli cavabı düşməni növbəti dəfə öz işğalçılıq siyasətinin girovluğunda çabaladığını göstərdi. Çünki Ermənistan tərəfi bu təxribatla çox da dərindən düşünülməmiş taktiki gediş etmək istəyirdi. Son dövrlərdə Azərbaycan ardıcıl, inamla həyata keçirdiyi hücum diplomatiyası sayəsində münaqişə vəziyyətində ədalətli mövqeyini beynəlxalq ictimaiyyətə qəbul etdirə bildi. Ölkəmizin beynəlxalq pozitiv imici formalaşdı və davamlı olaraq gücləndi.
Bu fkirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Deputat Ermənistanın bundan ciddi narahatlıq keçirdiyini bildirib:
“Çünki Azərbaycanın mövqelərinin ardıcıl olaraq dəstəklənməsi, etiraf olunması danışıqlar masası arxasında da ölkəmizin siyasi potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Belə olan halda münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi yeganə yol kimi görünməkdədir. Sözsüz ki, işğalçı Ermənistan da bunu dərk edir. İşğalçının Tovuz istiqamətindəki təxribatı həm də ona hesablanmışdı ki, bunun ardınca beynəlxalq ictimaiyyəti çaşdıracaq məlumatlar toplansın və Azərbaycanın formalaşdırmış olduğu beynəlxalq pozitiv imicinə xələl gəlsin. Bununla da Azərbaycanın aqressor obrazı yaradılmış olsun. Amma bütün bunlar baş tutmadı. Azərbaycan tərəfi işğalçı Ermənistanın təxribatları ilə bağlı həqiqətləri əsaslandırılmış şəkildə beynəlxalq ictimaiyətin diqqətinə çatdırdı”.
Elşad Mirbəşiroğlu qeyd edib ki, Azərbaycana beynəlxalq dəstək aşkar müşahidə olundu və bir sıra ölkələr ərazi bütövlüyümüzü açıq şəkildə dəstəklədi:
”Qardaş Türkiyə ali və hərbi rəhbərliyi başda olmaqla, bir sıra dövlətlər birmənalı şəkildə Azərbaycana dəstək oldu. Bu günə kimi erməni tərəfinin təxribatlarına don geyindirməyə çalışan tərəflər də tapılmadı. Ermənistanın məhz belə bir məqamda dəstəklənməməsi onun artıq işğalçı bir ölkə kimi tanınmasının da əsaslarını gücləndirmiş oldu. ABŞ Konqresində qəbul edilmiş 296 saylı düzəliş Ermənistanın işğalçılığını aydın şəkildə ifadə etdi. Belə olan təqdirdə vəziyyətdən çıxış üçün işğalçı ölkənin rəhbərliyi Azərbaycana 7 şərt irəli sürdü. Bu şərtlərin təbii ki, hamısı əsassız və absurd idi. Cənab Prezident İlham Əliyev yalnız bir şərt irəli sürdü ki, bu da Azərbaycan ərazilərinin işğaldan tamamilə azad edilməsi idi. Ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən hədəfi münaqişənin ancaq ərazi bütövlüyümüz çərçivəsində həllinə nail olmaqdır. Azərbaycan dövlətinin, Prezidentin formalaşdırdığı yeni gerçəklik məhz bundan ibarətdir. Bu, ölkəmizin hərbi qələbəsinin siyasi davamıdır. Doğrudur, bu xarakterdən olan münaqişlərin tənzimlənməsi qısa zamanda baş tutmur. Bunun üçün bəzən uzun zaman tələb olunur. Amma biz, bu uzun zamanı da geridə qoymuşuq. Dövlətimiz öz mövqeyini gücləndirib”.
Millət vəkili əlavə edib ki, Azərbaycan dünya dövlətlərinin yaxından etimad etdiyi tərəfdaş ölkədir. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədərdir. Formalaşmış beynəlxalq mövqe Azərbaycanın ardıcıl düşünülmüş, çox istiqamətli siyasətinin məntiqli nəticəsidir. Diplomatik müstəvidə də faktiki qələbə çalmışıq. İşğalçı Ermənistan hərbi müstəvidə olduğu kimi siyasi müstəvidə də özünün istinad nöqtələrini itirməkdədir”.