11 Avqust 2020 22:00
1 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda baş verənlərin nə ilə yekunlaşacağını söyləmək bir qədər çətindir. Məlumatımız azdır. Nə qədər adamın aksiyalara çıxdığını bilmirik. İstisna etmirəm ki, özünü müxalifətin lideri sayan şəxsin bu gün Litvaya getməsi etiraz aksiyalarının gücünü azaldacaq.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Azad İsazadə bildirib.

O qeyd edib ki, hər bir inqilab istər-istəməz ilk mərhələdə hakimiyyətin müqaviməti ilə qarşılaşır:

“Bu, aydındır. Sonra isə kim birinci yoruldu məsələsi gəlir. Güc strukturları etirazçıların tərəfinə keçməsə, sözsüz ki, inqilab uğurla nəticələnməyəcək. Venesuela hadisələri bizə bir nümunədir. Liviya hadisələri bir az ayrı cür cərəyan etdi. Praktiki vətəndaş müharibəsinə gətirib çıxarıb. Ukraynada da hadisələr fərqli cərəyan etdi. Orada heç olmasa pis-yaxşı iki demokratik seçki keçirildi. Ona görə Belarusda beş verənlərin də nə ilə nəticələnəcəyini söyləmək çətindir. Üstəlik istisna etmirəm ki, inqilab davam etsə və Lukaşenkonun vəziyyəti gərginləşsə, Rusiya müdaxilə edəcək. Belarusda Rusiyanın qoşunu da var, üstəlik əlavə qoşun da yeridə və Krımda, Donetskdə, Luqanskda olan hadisələr Belarusda təkrarlana bilər. Ona görə də bu gün proqnoz vermək çox çətindir. Hər şey etiraz aksiyalarına nə qədər insanın çıxacağından asılıdır. 10-50 min çıxacaqsa, onları dağıdacaqlar. Yüz minlərlə çıxacaqlarsa, onlar gec-tez qələbə çalacaqlar”.

Azad İsazadə qeyd edib ki, Rusiya indi də bu prosesə siyasi yollarla müdaxilə edir:

“Ancaq qeyd etdiyim kimi, hadisələr gərginləşsə, sərhəddən qoşun da yeridilə və Krım və Donbasdakı hadisələr təkrarlana bilər”.

Avropa və Qərbin Lukaşenkoya təsir rıçaqlarıının olmaması barədə ekspertlərin fikirlərinə münasibət bildirən şərhçi deyib ki, ümumiyyətlə Lukaşenkoya təsir etmək həddən artıq çətindir:

“Heç əlində rıçaqlar ola-ola Vladimir Putin belə bəzən təsir edə bilmir. Lukaşenko çox bacarıqla konfliktli vəziyyətləri bəzən özü yaradır və intriqadan özü üçün çox yaxşı, müsbət nəticələr çıxarır. Ona görə də heç rıçaqı olan Rusiya da bəzən təsir edə bilmir. İkinci məqam odur ki, Qərbin – ABŞ-ın və Avropanın reaksiyası hələlik ancaq bəyanat xarakteri daşıyır. Kəskin çıxış edən yalnız Litva ilə Polşadır. Sözsüz ki, rıçaqlar, təsir alətləri az deyil. Belarusda iqtisadi vəziyyət pisdir, Belarusun Rusiya ilə neft və qaz alqı-satqısı ilə bağlı problemləri var. Qərb, Avropa istəsə Lukaşenkonu çox ciddi sanksiyalara məruz qoya və embarqolar tətbiq edə bilər. Amma nəticədə Belarus faktiki olaraq Rusiyanın bir vilayətinə çevriləcək. Qərbin əlində alətlər var, amma o alətləri həddən artıq çox istifadə edəndə istisna olunmur ki, Lukaşenko Moskvaya tərəf qaçacaq və Belarus faktiki Rusiyanın bir vilayətinə çevriləcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər