Türkiyə öz sözü, çəkisi olan ən güclü dövlətlər cərgəsinə daxil olmuş ölkədir. İndiki Azərbaycan da fərqli bir ölkə statusuna yüksəlib. Artıq güclü, dünyada öz sözünü demək iqtidarında olan və beynəlxalq siyasi xəritədə öz konkret mövqeyinə, imzasına sahib çıxan ölkə kimi qiymətləndirilirik. Tarixi nöqteyi nəzərdən isə Türkiyə və Azərbaycan sadəcə iki qonşu ölkə deyil. Dərin tarixi kökləri, birliyi və bir millət, iki dövlət anlayışı heç də təsadüfən yaranmayan bir reallıqdır.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlər arası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Millət vəkili bildirib ki, Xarici İşlər naziri Ceyhun Bayramovun ilk xarici səfərini məhz Türkiyəyə etməsi və orada verilən mühüm mesajlar sıradan bir yaxınlaşma üçün edilən addımlar deyildi:
"Bu, tarixən, əsrlər boyu gələn bir dostluq, əməkdaşlıq, qarşılıqlı münasibətdən irəli gəlir. Hər iki dövlət yeni bir inkişaf mərhələsi yaşayır və dünyada cərəyan edən siyasi proseslərə təsir göstərə bilir. Bu gün xüsusi çəkiyə malik iki dövlətin əlaqələrini genişləndirilməsi də tarixi bir zərurətdir. Bu, sadəcə sıradan bir yanaşma və yaxud proses deyil. Türkiyə-Azərbaycan arasında bu birlik, yaxınlaşma tarix boyu gedib, gedir və bundan sonra da daha yüksək səviyyədə gedəcək. Biz, bunun konkret cizgilərini, eyni zamanda real mənzərəsini görməyə başlamışıq. Bu baxımdan xarici işlər və müdafiə nazirlərinin qardaş Türkiyəyə səfəri mühüm əhəmiyyətə malikdir. Səfər zamanı iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən sənədlərin qəbulu, siyasi, mədəni, beynəlxalq səviyyədə əməkdaşlıq addımlarının birgə atılması da yüksək əlaqələrə əsaslanır.
Səməd Seyidov qeyd edib ki, bu birlik, əlaqələr hər iki dövlət üçün əlverişlidir:
“Regionda sabitliyin, ölkələrin və xalqların inkişafına xidmət edən bir amildir. Ona görə də, bu istiqamətdə ardıcıl proses davam edəcək. Xalqlarımızın əsrlər boyu arzuladığı, istədiyi əlaqələr artıq bəhrəsini verməkdədir”.